AMEA təmsilçisi beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
7-8 aprel 2010-cu il tarixlərdə Moskva şəhərində Rusiyanın Ali Dövlət İqtisadiyyat Universitetində "Elmi-texniki və innovasiya sahəsində qabaqcıl dünya təcrübəsi" mövzusunda simpozium keçirilib. Simpoziumda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti elmi təşkilat şöbəsinin rəisi Əminağa Sadıqov həmin simpoziumda iştirak edib. Bu barədə SİA-ya Akademiyanın mətbuat xidmətindən məlumat verilib. O, həmçinin simpoziumun bölmələr üzrə iclaslarının birinə də sədrlik edib. MDB ölkələrinin, İngiltərə, Almaniya, Belçika, Fransa, Malta, Polşa, Niderland, Finlandiya, Avstriya və digər ölkələrin alim və mütəxəssislərinin iştirak etdiyi tədbirdə Avropa Birliyi, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində elmi-texniki sahədə siyasət təhlil olunub, yaxın gələcək üçün bu sferada aparılacaq islahatlar barədə bir sıra təkliflər irəli sürülüb. Tədbirdə çıxış edən Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Mixail Uqryumov son illər bəzi MDB ölkələrində, o cümlədən Rusiyada elm sferasında radikal islahatlara meylin artmasını, milli elmlər akademiyalarının rolunun zəiflədilməsinə yönələn tədbirləri kəskin tənqid edən və hələlik dünyanın heç bir ölkəsində fundamental elmin inkişafı üçün elmlər akademiyalarından daha mükəmməl bir təşkilati formanın olmadığını bildirib. O, fikirlərini konkret dəlillərlə əsaslandırıb.