PDF Oxu

Əsas

  • 14

Azərbaycanda turizm infrastrukturu beynəlxalq tələblər səviyyəsində qurulur

Azərbaycanda turizm infrastrukturu beynəlxalq tələblər səviyyəsində qurulur
Dünən "Hyyat Recens" otelinin Quba zalında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair" Dövlət Proqramına həsr olunmuş dövlət qurumlarının və turizm sənayesinin nümayəndələri ilə görüşü keçirildi.
Tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq, 6 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyev cənablarının "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair" Dövlət Proqramını təsdiq edildiyini bildirirdi. Onu da qeyd etdi ki, belə bir sərəncamın Prezident tərəfindən təsdiq olunması artıq gözlənilirdi. Nazirin sözlərinə görə, Dövlət Proqramı ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanmışdır: "Dövlət Proqramının birinci bəndində qeyd olunur ki, qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafının təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə, qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf sahələrindən birinə çevrilməsinin təmin edilməsidir. Bu məqsədlərə nail olmaq üçün qarşıda duran vəzifələr məhz nazirlik üçün böyük bir məsuliyyətdir. Belə ki, ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyəti həyata keçirmək, daxili və xarici investisiyaların turizm sahəsinə cəlb edilməsi məqsədilə bu sahədə təşviqləndirici investisiya və biznes mühitini formalaşdırmaq, ölkənin turizm sahəsinə təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunu təmin etmək, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırmaq və s. məsələlər gələcəkdə görüləcək işlər sırasındadır".
Azərbaycanın geniş potensialından istifadə etmək imkanının mövcudluğunu bildirən nazir 2001-ci ildən Azərbaycan turizm sektorunda dinamik inkişafın olduğunu nəzərə çatdırdı. Ümummilli lider Heydər Əliyevin Sərancamı ilə 2001-ci ildən turizm sahəsinin səviyyəsinin yüksəlməsi ölkənin inkişafının ayrılmaz bir hissəsinə çevrildi. Bu gün yoxsulluğun aradan qaldırılması, regionların inkişafı ilə bağlı dövlət proqramlarının hər birində turizmin, infrastrukturun yaradılması öz əksini tapmışdır. Bu gün turizm bazarı açıq bir bazardır: "Həm Mədəniyyət və Turizm Nazirliyi, həm də İqtisadi İnkişaf Nazirliyi bu sahədə müəyyən işlər görmüşdür. Hər il 25-50 civarında Azərbaycanda mehmanxana-otel inşasına başlanılır. Bu, onu göstərir ki, bu sahənin inkişafına kifayət qədər maliyyə vəsaiti qoyulur. 2001-2002-ci illərdə 32 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstəriridisə, bu gün artım müşahidə olunaraq onların sayı 123-ə çatmış, turizm şirkətləri yaradılmışdır. Göründüyü kimi, rəqabət artıq göz qabağındadır. Artıq nazirlik tərəfindən 300-ə qədər mehmanxana lisenziya alıb. Azərbaycanda bu mehmanxanalarla yanaşı, beynəlxalq şirkətlərin də ölkəmizə olan marağını qeyd etməliyik. Bu sayda turizm məkanlarının olması onların da Azərbaycana inamını artırmış və dünyanın ən iri turizm şirkətləri artıq Azərbaycana sərmayə qoymağa başlamışlar. Bu inkişaf Azərbaycanda yeni iş yerlərinin açılması və yoxsulluğun aradan qaldırılmasında müstəsna rola malikdir".
İlham Əliyev cənablarının Sərəncamı əsasında, ilk dəfə olaraq, Azərbaycanda Turizm İnstitutu nazirliyin nəzdində yaradıldı. Bu, il ilk dəfə olaraq, institutun 300 nəfər məzunu diplom alacaq və ixtisaslı kadr kimi fəaliyyətə başlayacaqlar. İnkişaf prosesində getdikcə lisenziyalaşdırmaya diqqət yetirilir və ixtisaslı ali dərəcəli kadrlara xüsusi yer veriləcəkdir. Nazir onu da qeyd etdi ki, ölkə Prezidentinin imzaladığı Dövlət Proqramının icrası Mədəniyyət və Turizim Nazirliyinə həvalə olunub. Əbülfəs Qarayev proqramda yer almış iki bəndi xüsusi diqqətə çatdırdı: birinci Azərbaycanda turizm zonalarına xüsusi önəm veriləcəyi və ölkədə turizmin inkişafı üçün xüsusi zonalar ayrılmasıdır. Bu torpaq xəritələrini müəyyənləşdirir, regionların inkişafı ilə üst-üstə düşür. Torpaq Komitəsinin, Ekologiya Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin bu işdə əməyi birgə olmalıdır. İkinci Azərbaycanda turizm statistikası və ümumi qanunvericiliyin müəyyənləşməsinə önəm verilməlidir.
Nazir qeyd etdi ki, Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, eləcə də, beynəlxalq gün kimi qəbul olunmasının nəticəsi olaraq, bayram çərçivəsində təkcə İrandan Azərbaycana 100 min nəfər turist kimi səfər etmişdir.
Bu ildən etibarən, Ümumdünya Turizm Təşkilatı Azərbaycanda ildə dörd dəfə treninqlər keçirəcək.
Tədbirdə söz mədəniyyət və turizm nazirliyi daxili turizm şöbəsinin müdiri Mahir Qəhrəmanova verildi. O, "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair dövlət Dövlət Proqramı"nın əsasında bəzi məqamlara toxunaraq, bildirdi ki, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası Azərbaycanda turizmin inkişafına dair tətbiq etdiyi qanunları əsas götürülür. O, Azərbaycanda turizmin inkişafı üçün əlverişli şəraitin olduğunu bildirərək, 1999-cu ildə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramına əsasən, ölkədə turizm bazarının mövcudluğunu, lakin bunun zəif hiss olunmasını nəzərə çatdırdı. 2002-2005-ci illər Dövlət Proqramına dair əldə olunan nəticələr isə ürəkaçandır:"Dövlətin dəstəyi ilə turizmin inkişafı üçün münbit şərait yaradıldı, beynəlxalq turizm bazarına inteqrasiya olunmasının əsası qoyuldu. Görülən işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artdı. Azərbaycan beynəlxalq turizm sərgilərində iştirak edir. Ümumdünya Turizm Təşkilatı, Türkiyə, Yunanıstan və başqa ölkələrin dəstəyi ilə təlim proqramları həyata keçirilir. Hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur, eləcə də, respublika 25 ölkə ilə turizm sahəsi üzrə saziş imzalanmışdır".
Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən son proqramın hazırlanmasının zəruriliyini vurğulayan Mahir Qəhrəmanov Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi, turizm sahəsində təsadüf olunan problemlərin aradan qaldırılması üçün əsaslı bir səbəb olduğunu nəzərə çatdırdı. O, proqramda qeyd olunan bir sıra məsələlərə toxunaraq, qeyd etdi ki, Azərbaycanda turizm sahəsində qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə səmərəli dövlət tənzimlənməsi və idarə edilməsi mexanizmi yaradılmalıdır. Mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkələri genişləndirilməli, Azərbaycanın milli tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrinin dünyaya təbliği ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması müasir informasiya kommunikasiya texnologiyalarının tətbiq edilməsi, milli sənətkarlıq və suvenir məhsullarının istehsalını və satışının təşviqi turizmin inkişaf sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsində əsas məsələlərdən biri kimi təşkil olunur. Dövlət Proqramının maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti, o cümlədən, dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə, qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşəcəkdir.
Tədbirdə Turizm İnstitutunun rektoru Cəfər Cəfərov çıxış edərək, Dövlət Proqramının əsasında fikirlərini nəzərə çatdırıb ölkəmizdə turizm sektorunun inkişaf etdirilməsində bu proqramın olduqca əhəmiyyətli olduğunu bildirdi. O, çıxışı zamanı qarşıda duran vəzifələrlə də toxundu.

Digər xəbərlər