AŞPA sədri Azərbaycana gəlir
Məlum olduğu kimi, bu ay AŞPA-nın növbəti yaz sessiyası keçiriləcək. Bu sessiyanın keçirilməsindən öncə isə, AŞPA-nın türkiyəli yeni sədri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri gözlənilir ki, bunun da özlüyündə böyük əhəmiyyət daşıdığı qeyd oluna bilər.
Aprelin 14-16-da Azərbaycana səfər edəcək AŞPA sədrinin keçirəcəyi görüşlərdə hansı məsələləri müzakirə edəcəyi dəqiq bildirilməsə də, bu görüşlərin təxmini məzmunun ehtimal etmək olar. Belə ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, cari ildə Azərbaycanda keçiriləcək parlament seçkiləri, insan haqları, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin hansı səviyyədə yerinə yetirilməsi, ümumilikdə, Avropa Şurası - Azərbaycan əməkdaşlığı kimi məsələlərin müzakirə olunması gözlənilir. Qeyd edək ki, AŞPA sədrinin bu posta seçilməsindən sonra ilk rəsmi səfəridir ki, bu da Azərbaycana olacaq.
AŞPA-nın 2009-cu il dekabr ayında keçirilən iclasında sədr seçilmiş Mövlud Çavuşoğlu ilk bəyanatlarında Azərbaycanla bağlı da fikirlərini bildirmişdi. Onun xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində münaqişənin həll olunması üçün öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyini və sədrliyi dövründə bu məsələnin daha çox müzakirə olunmasını bildirməsi yeni sədrin başçılığı altında görəcəyi işlərin daha səmərəli olacağından xəbər verir. Bununla yanaşı, Mövlud Çavuşoğlunun milli mənsubiyyətini də nəzərə almaq lazımdır. Mövlud Çavuşoğlunun türkiyəli olması, yəni daim Azərbaycanın mənafeyini müdafiə edən Türkiyə dövlətinin nümayəndəsi olması da Azərbaycan üçün üstünlükdür desək, yanılmarıq. Ümumiyyətlə, Azərbaycanla bağlı Avropa Şurasının tutduğu mövqe heç də birmənalı şərh olunmur. Onun xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana qarşı qəbul etdiyi qətnamələri qeyd etmək yerinə düşərdi. Əlbəttə, bu qətnamələr hələ də Ermənistan tərəfindən öz icrasını tapmasa da, onların mövcudluğu AŞ-nin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyini sübut etmiş olur. Müxtəlif dövrlərdə AŞPA-nın Azərbaycanla bağlı çıxardığı qərəzli qərarları nəzərə almasaq, əlbəttə, bu hallar daha çox həmməruzəçinin verdiyi yanlış məruzədən sonra müşahidə olunurdu, bütün hallarda AŞPA-nın Azərbaycanla münasibətdə mövqeyini qənaətbəxş hesab etmək olar.
Bundan başqa, ötən ilin sonunda uzun bir müddətdən sonra Azərbaycan üzrə AŞPA-nın həmməruzəçisinin dəyişdirilməsi də təşkilatın Azərbaycanı hansı səviyyədə qiymətləndirməsini göstərmiş olur. Artıq 5 ildən çoxdur ki, Azərbaycan üzrə həmməruzəçi kimi çalışan Andreas Herkel öz yerini Yozef Debono Qrexə verməli oldu. Bu hadisə məhz AŞPA-nın həmməruzəçilərinin çıxardığı yeni qərardan sonra baş verdi. Belə ki, yeni qərara əsasən, bir həmməruzəçi eyni ölkədə 5 ildən artıq işləyə bilməz. O ki qaldı, Azərbaycan üzrə yeni həmməruzəçinin təyin olunması və bu həmməruzəçinin tutacağı mövqeyə, bu, onun cari ilin fevral ayında Azərbaycana səfəri zamanı təqribi olsa da, müəyyən olundu. İlk növbədə, onu qeyd etmək yerinə düşərdi ki, AŞ-nin beynəlxalq bir təşkilat kimi Azərbaycana qarşı tutduğu mövqe müəyyən bir çərçivəni əhatə edir və heç bir yeni təyin olunmuş həmməruzəçi bu çərçivədən kənara çıxa bilməz. Lakin burada əsas məqam ondan ibarətdir ki, həmməruzəçi Azərbaycanda gedən proseslər və onların nəticələri, bir sözlə, Azərbaycan reallıqları barədə düzgün məruzələr etməli, dolğun məlumatlar verməlidir. Belə olan təqdirdə, heç bir qərəzli mövqedən söhbət gedə bilməz. Ümid edirik ki, yeni həmməruzəçi məhz bu mövqedən çıxış edəcək.
AŞPA sədri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri zamanı, eyni zamanda, Dağlıq Qarabağın işğalına dair Ermənistana qarşı qəbul olunmuş qətnamələrin icrası ilə bağlı məsələlər də müzakirə olunması gözlənilir ki, bunun da, xüsusilə M.Çavuşoğlunun keçirəcəyi mətbuat konfransında qabardılması ehtimal edilir. Əsas məsələ ondan ibarətdir ki, AŞPA sədrinin Azərbaycanda keçirəcəyi görüşlərdən sonra yaranacaq təsəvvürləri onun AŞPA-nın sessiyalarında Azərbaycana və onun əsas problemlərinə yetirəcəyi diqqətin daha da artmasına şərait yaratsın.