PDF Oxu

Əsas

  • 9

Qaçqın və məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunublar

Qaçqın və məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunublar
Dünən Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən ənənəvi mətbuat konfransında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 2009-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verdi.
Ə.Həsənov 2009-cu ildə də öz fəaliyyətini qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycan Respublikasının müvafiq qanunlarından, dövlət başçısının imzaladığı fərman və sərəncamlardan, xüsusilə, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"ndan və ölkə Prezidentinin müvafiq sərəncamı ilə Dövlət Proqramına edilən əlavələrdən irəli gələn vəzifələrin tələblərinə uyğun şəkildə quraraq qaçqın və məcburi köçkün soydaşlarımızın sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində uğurla davam etdirildiyini söylədi: "Təkcə ötən il ərzində qaçqın və məcburi köçkünlərlə bağlı dövlət başçısı tərəfindən iki fərman, iki sərəncam imzalanmış, Nazirlər Kabineti tərəfindən isə on dörd sərəncam və qərar qəbul edilmişdir. Bütün bunları və bu istiqamətdə həyata keçirilən tədbirləri göz önünə gətirdikdə, bir daha bəlli olur ki, həqiqətən, ötən ildə də qaçqın və məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısının ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahə olmuşdur. 2009-cu ilin 17 və 20 noyabr tarixlərində Bakı şəhəri, Binəqədi rayonu, 2 saylı Evtikmə Kombinatının ərazisində 368 məcburi köçkün ailəsi üçün tikilmiş hündürmərtəbəli binaların, həmçinin, Goranboy rayonunun ərazisindəki fin tipli qurma evlərdən ibarət qəsəbədə müvəqqəti məskunlaşmış 596 məcburi köçkün ailəsi üçün salınmış qəsəbənin açılışı mərasimlərindəki iştirakı və dərin məzmunlu çıxışları, məcburi köçkünlərlə birbaşa ünsiyyətdə olmasıda özlüyündə yuxarıda deyilənləri təsdiqləyir".
Ə.Həsənov onu da vurğuladı ki, ötən il Dövlət Proqramına uyğun olaraq məcburi köçkünlərin, xüsusilə, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilibdir: "Məhz bu tədbirlər nəticəsində il ərzində Xocalı rayonundan olan məcburi köçkünlər üçün Goranboy rayonu ərazisində salınan 500 ailəlik 4 qəsəbədən ibarət olan Yuxarı Ağcakənd qəsəbəsində 120 ailəlik qəsəbə, Göygöl rayonu ərazisində 26 məcburi köçkün ailəsi üçün məhəllənin tikintisi başa çatdırılıb və məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi təmin edilibdir. Eyni zamanda, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış, əsasən, Zəngilan rayonundan olan 31 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron rayonunun Fatmayı qəsəbəsi ərazisində salınan qəsəbənin tikintisi başa çatıb və məcburi köçkünlər qəsəbədəki evlərə köçürülübdür. Bunlarla yanaşı, Bakı şəhərində təcili köçürülməsinə zərurət yaranan obyektlərdən köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi üçün Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb ki, bu günlərdə bu bina istifadəyə veriləcəkdir. Ümumilikdə götürdükdə, təkcə 2009-cu ildə 5710 nəfərdən ibarət 1142 məcburi köçkün ailəsi yeni tikilən evlərə köçürülübdür. Bunlarla yanaşı, komitənin müvafiq şöbə və idarələri ötən il, həmçinin, Dövlət Proqramında bu il inşası və salınması nəzərdə tutulmuş bina və qəsəbələrin tikintisinə başlanılması üçün müvafiq hazırlıq tədbirləri həyata keçiribdir".
"Bu il Azərbaycanda qaçqın və məcburi köçkünlərin məskunlaşması və sosial problemlərinin həlli üçün 310 milyon manat xərclənməsi planlaşdırılır" fikrini söyləyən komitə sədri Ə.Həsənov bildirdi ki, bu vəsaitin 203 milyonu dövlət büdcəsindən, 80 milyonu Dövlət Neft Fondundan, 27 milyonu isə beynəlxalq təşkilatlar tərəfindən ayrılacaq: "Ötən il Dünya Bankının krediti hesabına məcburi köçkünləri əhatə edən 1,3 milyon dollar həcmində 31 mikrolayihə həyata keçirilib. 18 min məcburi köçkün bu layihələrdən bəhrələnib, 2200 nəfərə isə mikrokreditlər verilib ki, bu da 1,5 milyon dollar dəyərindədir".
Baş nazirin müavini Bakı şəhərində məskunlaşan məcburi köçkünlərin bir qisminin köçürülməsini təmin etmək məqsədilə binaların tikintisi üçün artıq torpaq sahəsinin ayrıldığını söylədi: "Artıq Masazır ərazisində yer ayrılıb və komitə həmin ərazidə məcburi köçkünlər üçün bina tikilməsinə razılaşıb. Təxminən 15 hektar ərazidən ibarət həmin torpaq sahəsində 12-13 doqquzmərtəbəli binanın tikintisi nəzərdə tutulur. Hazırda Bakı şəhərində 216 min məcburi köçkün yaşayır. Bu insanlar 262 yataqxanada, 75 pansionat-sanatoriyada, 40 yarımçıq tikili və digər ictimai binalarda məskunlaşıb. Həmin binalarda məskunlaşanların hamısı elə bilir ki, 216 min əhali birdən köçürüləcək. Amma bu il bir, maksimum iki yataqxana köçürülə bilər".
Ə.Həsənov köçürülmə prosesi ilə bağlı məsələyə aydınlıq gətirərkən, bildirdi ki, köçürülmə, ilk növbədə, təhsil müəssisələrinin yataqxanalarından başlanacaq. Onun sözlərinə görə, Bakı, Abşeron və Sumqayıt şəhərlərində bəzi yerlərdə məskunlaşan məcburi köçkünlər üçün də bina tikintisinə torpaq sahəsi ayrılıb: "Artıq Pirəküşkül ərazisində 22 hektar götürülüb. Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi hissədə, Sitalçayda və Bakıdakı bəzi hərbi hissələrin ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin də yeni ərazilərə köçürüləcəyini və artıq bunun üçün torpaq sahələri ayrılıbdır. Ümumiyyətlə, Bakı şəhərində yataqxanalarda, həmçinin, ölkə ərazisində hərbi hissələrdə, uşaq bağçaları və digər obyektlərdə məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə bu il başlanıla bilər".
Ə.Həsənov onu da vurğuladı ki, ötən il ümumilikdə 1416 ailə - 7 min nəfər yeni mənzillərə köçürülüb. Məcburi köçkünlər üçün 87 min kvadratmetr mənzil sahəsi, 4 məktəb və digər sosial infrastrukturlar tikilərək istifadəyə verilib. Komitə tərəfindən 50 binada təmir işləri aparılıb, əlavə olaraq, Ahıska türkləri üçün fərdi qaydada 49 mənzil tikilib.
Ə.Həsənov ötən il Azərbaycanda bir məcburi köçkünə dövlət tərəfindən 720 ABŞ dolların xərcləndiyini söylədi: "Bu da dünyadakı mövcud konflikt zonaları üzrə ən yüksək rəqəmdir. Ümumilikdə, 1993-2009-cu illərdə qaçqın və məcburi köçkünlərə 2,9 mlrd. dollar vəsait xərclənib".
Ə. Həsənov bu il İmişli, Şəki, Ağcabədi, Yevlax, Mingəçevir və digər rayonlarda məcburi köçkünlər üçün mənzillərin inşa olunacağını da bəyan edib. Komitə rəhbərinin sözlərinə görə, Bakı şəhərinin Ramana qəsəbəsində beşmərtəbəli 70 mənzilli bina hazırdır və yaxın günlərdə ora köçürmə başlanacaq: "Goranboyda da 3 ədəd beşmərtəbəli bina tikilir və yaxın 2-3 aya işlər başa çatdırılacaq. Bu binalara Naftalandakı müxtəlif sanatoriyalardan məcburi köçkünlər yerləşdiriləcək. Yevlaxda 612 ailə üçün 10 ədəd beşmərtəbəli binanın tikintisi nəzərdə tutulur və bura həm Aran fin qəsəbəsindən, həm də digər yaşayış massivlərindən köçkünlər köçürüləcək. Ağdam rayonunda da 689 ailənin köçürülməsi üçün torpaq sahəsi götürülüb və tikinti üçün vəsait ayrılıb".
Komitə sədri onu da bildirdi ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma torpaqlarından zor gücünə qovularaq məcburi köçkünə çevrilən soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir. İndiyədək ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün 18 min 121 evdən ibarət 62 qəsəbə salınmış, bu qəsəbələrə 82 min qaçqın və məcburi köçkün köçürülübdür. Beləliklə, çadır düşərgələri ləğv edilibdir.
Ə.Həsənov 2009-cu ildə olduğu kimi, bu il də Dövlətqaçqınkomun kollektivi qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması, işlə, yemək xərci, yanacaq, humanitar yardım, statusla, ehtiyac duyulan mal-materialla, avadanlıqla təmin edilməsi, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə salınan yeni qəsəbələrə köçürülməsi və qarşıya qoyulan digər vəzifələrlə məşğul olacaq.

Digər xəbərlər