Prezidentin regionlara səfəri ictimai maraqları ifadə edib
Dövlətimiz özünün sosial-iqtisadi inkişafının növbəti mərhələsini yaşayır. Son altı ildə həyata keçirilən məqsədyönlü islahatlar ölkənin sosial-iqtisadi mənzərəsini əsaslı şəkildə dəyişdirmişdir. "Ölkəmizdə həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində büdcə xərcləri artmış, valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə yüksəlmişdir" deyən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təkşilatının sədri, iqtisadçı Aydın Hüseynov iqtisadi artımın, irimiqyaslı islahatların yeni iş yerlərinin yaradılmasının müşayiət olunduğunu vurğulayır. Son iki ildə, dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanda ümumi inkişaf tendensiyasının davam etdiyini qeyd edən A.Hüseynov ölkəmizdə son 6 ildəki sosial-iqtisadi tərəqqini təmin edən başlıca amillərdən başlıcasının regionların davamlı və tarazlı inkişafına nail olunması ilə bağlı olduğunu bildirdi. "2004-cü il fevralında Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı" ölkənin növbəti beş ili üçün əsas fəaliyyət proqramı kimi qəbul edilmişdir. Burada başlıca hədəflər regionların iqtisadi potensialını hərəkətə gətirmək, əmək ehtiyatlarından səmərəli istifadə etmək, eləcə də, əhalinin həyat səviyyəsini yüksəltməkdən ibarət idi. Proqramın icrasına başlanılması ilə Azərbaycanda regional inkişafın təməli qoyuldu. Bölgələrdə iqtisadi fəallıq insanlarda təşəbbüskarlıq hissi güclənməyə başladı. Eyni zamanda, bu proqramın icrasını nəzarətdə saxlayan Prezident İlham Əliyev ölkənin bütün şəhər və rayonlarına səfərlər edərək, görülən işlərlə yerindəcə maraqlanmışdır. Respublikamızın regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını təmin etmək üçün ən zəruri addımlar atıldı" -deyən A.Hüseynov artıq Azərbaycanın özünə məxsus iqtisadi inkişaf istiqamətlərinin müəyyənləşdiyini də diqqətə çatdırdı. Bildirdi ki, ölkə başçısı İlham Əliyevin 2009-cu ilin aprelində imzalamış olduğu "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da məhz regionlarda sosial infrastrukturun inkişafına daha böyük təkan verərək, ölkənin iqtisadi əsaslarının güclənməsində öz töhfəsini vermiş olacaq. "Bütün bunların isə ölkəmizin davamlı və tarazlı inkişafına yeni, daha sürətli mərhələyə qədəm qoymasına zəmin yaradacaq" deyən A.Hüseynov ikinci regional inkişaf proqramının ölkəmizin bütün bölgələrinə yeni nəfəs, yeni ruh gətirdiyini də bildirdi.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkəmizin beynəlxalq arenada da mövqelərinin güclənməsinə imkanlar yaratmışdır. Yüksək inkişafa malik olan bir dövlətlə hesablaşmaq məcburiyyətində qalan kənar qüvvələr Azərbaycanın iqtisadi-siyasi maraqlarına hörmət etməklə yanaşı, ölkəmizin liderlik faktorlarını da qeyd etmişlər. Bütün bunların arxasında isə düzgün iqtisadi siyasət və güclü iradə dayanır. Məhz ölkə başçısının xalqına və dövlətinə olan dərin sevgisi insanların yüksək həyat səviyyəsi ilə təmin edilməsini təmin etmişdir. Hazırda Azərbaycanın tutduğu mövqe, nəinki regionda, ümumiyyətlə, dünya miqyasında onun iştirakı olmadan heç bir layihənin reallaşmasına imkan vermir. Çünki bütün göstəricilrinə görə, son illər Azərbaycan dünyanın ən dinamik inkişaf edən bir ölkəsi olduğuna görə regionda və digər bölgələrdə yerləşən dövlətlər də ölkəmizə böyük maraq göstərməyə başlamışlar. Bununla yanaşı, son illər ölkə iqtisadiyyatına sərmayə qoyuluşunda yerli investisiyaların həcmi 50 faiz olmuşdur"-deyən iqtisadçı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətin uğurla davam etdirilməsi Azərbaycanı dünyanın lider dövlətinə çevirdiyini bildirdi. Azərbaycanda analoqu olmayan iqtisadi inkişaf, yeni-yeni iş yerlərinin yaradılması sosial infrastrukturun yenidən qurulması, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksələn xətt üzrə inkişafının təmin edilməsi məhz bu Dövlət Proqramı nəticəsində mümkün olduğunu bildirən A.Hüseynov ölkə iqtisadiyyatının neft amilindən asılılığı aradan qaldırılaraq, qeyri-neft sektorunun daha sürətlə inkişafının təmin edildiyini vuğulayıb. "Məhz bu Proqramın icrası nəticəsində ölkə iqtisadiyyatında 96 faiz artım müşahidə olunubdur ki, burada büdcə daxilolmalarının 50 faizi regionların payına düşür" deyən A.Hüseynov Proqramın icrasının dövlət xəzinəsinin gəlirlərinə də təsirinin böyük olduğunu söylədi.