PDF Oxu

Əsas

  • 14

Turizm ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevriləcək

Turizm ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevriləcək
Son illər respublikamızda turizm sahəsində dövlət tərəfindən görülən işlər ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilərək, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub, respublikamıza gələn turistlərin sayı ildən-ilə artıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikası regionlarının-sosial-iqtisadi inkişafı Dövlət Proqramının turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün müvafiq kreditlərin ayrılması, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülüb. Dövlət Proqramı ilə yanaşı, prezident tərəfindən təsdiq edilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair silsilə Sərəncamların turizmə aid bəndləri icra olunub, respublikanın rayonlarında turizm inkişaf etdirilib. Turizmin inkişafının yeni mərhələsinə təkan verəcək "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlanıb.
Görülən bu işlər nəticəsində ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması müşahidə olunmaqdadır. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında İlham Əliyev cənablarının ötən gün imzaladığı sərəncam da Azərbaycan Respublikasında turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədi daşıyır. Sərəncamda "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq edilməsi göstərilir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub.
Prezidentin imzaladığı Sərancamda turizm xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə mütərəqqi üsulların və standartların hazırlanması və tətbiq edilməsi, turizm sahəsi üçün kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsil üzrə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. Təbii ki, qeyd olunan istiqamətdə görüləcək işlər bu sahədə çalışan mütəxəssislərin, xüsusilə də, Azərbaycan Turizm İnstitutunun üzərinə öhdəliklər qoyur. İnstitutun rektoru Cəfər Cəfərov turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsində bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda duran məsələlərə münasibətini ifadə edərək bildirdi ki, "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsində böyük əhəmiyyətə malik olacaq.
Qeyd olunan 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramında göstərilir ki, qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.
C.Cəfərov Azərbaycan Respublikasında "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam ilk olaraq ölkəmizdə turizm sənayesinin və infrastrukturunun daha da inkişafına və möhkəmləndirilməsinə təkan verəcəyini söylədi:"Belə ki, dövlət başçımızın imzaladığı müvafiq sərəncam turizm sahəsində dövlət və bələdiyyə orqanlarının əlaqəli fəaliyyətini daha da gücləndirəcək. Bununla da turizm sərvətləri, qorunan obyektlər, bu sərvətlərdən istifadə hüquqları müəyyənləşməklə, turizm fəaliyyətinə başlama, turizm sahəsində attestasiya və tanınma, turizm sahəsində əlaqələrin hüquqi tənzimlənməsi, turizm fəaliyyətinə nəzarətin həyata keçirilməsi üsulları mütərəqqi xarakter alacaq və müasir tələblər əsasında gerçəkləşəcək. Turizmdə təhlükəsizlik və sığorta işlərinin həyata keçirilməsi yeni xarakter alacaq. Müxtəlif turizm sahələri üzrə infrastrukturun yenilənməsi və yaradılması xarici turistlərin respublikamıza marağını artıracaq. Xarici valyutanın ölkəyə axınını gücləndirəcək. Bu da, öz növbəsində, iqtisadiyyata bilavasitə müsbət təsir edəcək"
Təbii ki, turizm sahəsində qabaqcıl beynəlxalq təcrübədən istifadə edilməklə səmərəli dövlət tənzimlənməsi və idarə edilməsi mexanizmlərinin yaradılması da vacib məsələlərdən biri kimi qarşıda dayanır. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması ixtisaslı kadların peşəkarlığından, onların fəaliyyətinin şaxəli olmasından asılı olan bir amildir. Bildiyimiz kimi, Azərbaycanda bu sahədə artıq peşəkar mütəxəssislər yetişməkdədir. İnstitutun rektoru bu sahədə görülən işlərə aydınlıq gətirərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 25 avqust tarixli 925 saylı sərəncamına əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Turizm İnstitutu yaradılması məhz turizm sahəsinə verilən böyük diqqət və qayğının nəticəsi kimi dəyərləndirilməlidir. İnstitut 4 illik fəaliyyət dövründə turizm təhsili sahəsində bir sıra problemlərin həllinə səy göstərməklə yanaşı, xarici təcrübənin öyrənilməsi, yerli ərazidə turizm potensialının tədqiqi, xidmət səviyyəsinin yüksəldilməsi üçün ikinci təhsilin həyata keçirilməsi və peşəyönümlü qısamüddətli kursların təşkili, bələdçi-tərcüməçilərin hazırlanması, Avropa ölkələrində istitutun diplomunun tanınması istiqamətində bir sıra uğurlara imza atmışdır:"Turizm İnstitutu xarici təcrübənin öyrənilməsinə xüsusi önəm verir. Belə ki, tələbələrin təcrübi biliklərini daha da artırmaq üçün tələbələr təkcə ölkəmizdə deyil, dünyanın bir sıra ölkələrinin turizm obyektlərində tanışlıq və istehsalat təcrübələri keçirlər. İndiyə kimi tələbələrimiz Türkiyə, Şimali Kipr, İsrail, Yunanıstan, Malta, Ukrayna və Rusiyanın tanınmış turizm müəssisələrində təcrübə keçmişlər. Eləcə də, institutda yerli və xarici mütəxəssislərin iştirakı ilə blok seminarlar təşkil edilir.
Ölkəmizdə turizm ehtiyatlarının öyrənilməsi və qiymətləndirilməsi məqsədilə ATİ Tədqiqat və İnkişaf Mərkəzi yaradılmışdır. Azərbaycanın müxtəlif regionlarının, şəhərlərinin turizm potensialını tədqiq etmək, qarşıya çıxan problemləri, mövcud imkanları araşdırmaq, müvafiq qurumlara səmərəli təkliflər vermək istiqamətində ixtisaslaşan Mərkəz Almaniya Texniki Əməkdaşlıq Təşkilatı (GTZ), İUCN-in Cənubi Qafqaz ofisinin dəstəyi, Almaniyanın Ekologiya Nazirliyinin dəstəyi ilə Ekosfera QHT-si ilə birlikdə ölkəmizin cənub, qərb və şimal bölgələrində bir sıra layihələr həyata keçirmiş, bəziləri üzərində isə işləri davam etdirir. Xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə ATİ-də bir sıra turizm sahələri, o cümlədən, bələdçi-tərcüməçi, səyahət agentliyi və otel menecerləri, aşpaz və restoran xidmətləri, mehmanxanada qeydiyyat və servis üzrə qısamüddətli kursların təşkili ilə bərabər, turizm müəssisələrinə təşkilati, konsultativ, elmi-metodiki xidmət də göstərilir. Eyni zamanda, "Turizm və otelçilik" ixtisası üzrə ikinci təhsil həyata keçirilir. Avropa ölkələrində ATİ-nin diplomunun tanınması istiqamətində nəzərə çarpacaq uğurlar əldə edilmişdir. Belə ki, 4 iyul 2006-cı il tarixində Azərbaycanda ilk dəfə iki diplom verən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında "Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi" və Akademik Müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən I kursun sonunda İELTS proqramı üzrə 6 baldan yuxarı nəticə göstərən tələbələr xüsusi "Avstriya-Azərbaycan Turizm Proqramı" (AATP) qrupuna daxil edilirlər. 4 illik bakalavr təhsilini bu proqram üzrə bitirən tələbələr həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını ala biləcəklər. İki diplomlu tələbələr Avropanın istənilən ali məktəbində təhsillərini davam etdirməklə bərabər, arzuladığı ölkədə işləmək imkanı qazanacaqlar. ATİ, eyni zamanda, yeni müstəqillik qazanmış ölkələrin Avropa təhsil məkanına cəlb edilməsi istiqamətində həyata keçirilən Avropa Birliyinin "Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi" proqramının qaliblərindəndir. Proqram çərçivəsində Yunanıstan, Fransa, Latviya, Bolqarıstan, İtaliya, Portuqaliya, Niderland və Cənubi Qafqaz ölkələrinin 16 ali təhsil müəssisəsi ilə müəllim-tələbə mübadiləsi həyata keçirilir.
Həqiqətən də, Azərbaycanda turizm inkişaf etməkdədir. 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı 4 dəfə artaraq, 370-ə çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur.
Azərbaycanın milli-tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrin dünyada təbliği, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi də Dövlət Proqramının tərkib hissəsidir.
Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsidir.

Digər xəbərlər