Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edib. Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, eləcə də, Elnur Aslanovun daxil olduğu nümayəndə heyəti səfər çərçivəsində qardaş ölkədə çox önəmli görüşlər keçirib.
Azərbaycan rəsmiləri Türkiyədə yüksək səviyyəli görüşlər keçirib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu, Milli Təhlükəsizlik Şurasının baş katibi Sərdar Kılıç, Böyük Millət Məclisinin sədri Mehmet Ali Şahin, bu ölkə parlamentinin xarici əlaqələr komitəsinin sədri Murad Mərcan və digər rəsmi şəxslərlə keçirilən görüşlərdə əsas müzakirə mövzusu Ankara-Bakı əlaqələri, qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi, eləcə də, Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli yolları, qondarma "erməni soyqırımı" ilə bağlı yaranmış son vəziyyət olub.
Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərindən öncə qardaş ölkənin Prezident Katibliyinin baş katibi Mustafa İsenin Azərbaycanda səfərdə olması və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsinin aparılması Ankara ilə Bakı arasında əlaqələrin yeni bir mərhələdə inkişaf etdirilməsinin vacibliyini önə çəkir.
Türkiyəyə rəsmi səfəri çərçivəsində aprelin 2-də Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İstanbuldakı "Çırağan" sarayında Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə də görüşüb və onların suallarını cavablandırıb.
Tədbiri Türkiyə Prezidenti Katibliyinin baş katibi Mustafa İsen açaraq, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Ankarada keçirdiyi görüşlər barədə məlumat verib.
Sonra Ramiz Mehdiyev çıxış edərək bildirib ki, Türkiyəyə rəsmi səfəri çox məhsuldar olmuş və onun nəticələrindən məmnundur. Üçgünlük səfər çərçivəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, parlamentin sədri Məhmət Əli Şahin və digər dövlət, hökumət rəhbərləri ilə faydalı fikir mübadiləsi olub. Qazi Universitetində Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı dəyərli müzakirələr aparılıb.
"Ermənistan təkcə Azərbaycanın deyil, Türkiyənin ərazilərinə də göz dikib"
"Hürriyyət", "Sabah", "Star" "Haber-türk" "Zaman" və digər nüfuzlu mətbuat orqanlarının Azərbaycanla bağlı suallarına cavab verən Ramiz Mehdiyev bildirib ki, Azərbaycan bu gün çox sürətlə inkişaf edir və Qərb analitiklərinin rəyinə görə regionun lider dövlətidir. "Müasir müstəqil Azərbaycan dövlətçiliyinin əsasını ulu öndər Heydər Əliyev qoyub. Ümummilli liderin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi paytaxt Bakı ilə yanaşı, regionların da dinamik inkişafı prosesi gedir. Ölkəmizdə iqtisadi vəziyyət çox yaxşıdır.
Dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində Azərbaycanda iqtisadi artım 9,3 faiz təşkil edib. Azərbaycanda insan haqları sahəsində mühüm islahatlar həyata keçirilib. Prezident İlham Əliyevin siyasəti Azərbaycanı demokratik və inkişaf etmiş ölkələr sırasına çıxarır. Azərbaycan-Türkiyə münasibətləri də ən yüksək səviyyədədir və bu əlaqələrə heç kim müdaxilə edə bilməz. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi rəhbəri vardır. Ona böyük xalq sevgisi vardır və xalqımız onun siyasətini dəstəkləyir".
Prezident Administrasiyasının rəhbəri Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyindən də ətraflı bəhs edib. O, vurğulayıb ki, Türkiyə rəhbərliyinin Azərbaycan torpaqları işğaldan azad olunmayınca Ermənistanla protokolların təsdiq olunmayacağı barədə bəyanatları xalqımızı məmnun edir. "Unutmaq lazım deyil ki, Ermənistan təkcə Azərbaycan torpaqlarına deyil, Türkiyənin ərazilərinə də göz dikib. Rəsmi Yerevan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və Madrid prinsipləri ilə razılaşmadığını bəyan edir. Doğrudur, bu prinsiplər Azərbaycanı qane etməsə də, biz bunu bir mərhələ kimi qiymətləndiririk. Təəssüf ki, 20 ildir münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk Qrupu işğalçı Ermənistandan təcavüzə son qoymağı tələb etmir.
Azərbaycan indi hərbi sənayesini inkişaf etdirir və güclü ordu qurmuşdur. Biz, torpaqlarımızı işğaldan istənilən şəkildə azad etmək hüququna malikik. Eyni zamanda, Azərbaycan Türkiyə əleyhinə erməni lobbisi və onların havadarlarının fəaliyyətinə qarşı mübarizədə qardaş ölkəni dəstəkləyir. Prezident İlham Əliyev ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı" qərarından sonra bəyanat verərək, qardaş Türkiyənin yanında olduğunu bildirmişdir. Son zamanlar Rusiya və Türkiyənin Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərinin güclənməsi də Azərbaycanda məmnunluqla qarşılanır".
Ramiz Mehdiyev qardaş ölkələrimizin bəzi mətbuat nümayəndələrini bir-birinə qarşı yazılar dərc etməkdən uzaq durmağa, əsas diqqəti dövlətlərimizə və xalqlarımıza qarşı düşmən olan qüvvələrlə mübarizəyə yönəltməyə çağırıb.
Görüşdən sonra Topqapı Sarayında İstanbul valisi Müəmmər Gülərin adından Azərbaycan Prezidenti Administrasiyasının nümayəndə heyətinin şərəfinə ziyafət təşkil olunub.
Türkiyəyə Azərbaycanla yaxından əməkdaşlıq etmək olduqca vacibdir
Ümumiyyətlə, Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfərinin hər iki ölkə üçün həssas olan zamana təsadüf etməsi diqqətçəkən məqamlardandır. Başda Birləşmiş Ştatlar olmaqla ayrı-ayrı Avropa ölkələrində qondarma "erməni soyqırımı"nın tanınması və rəsmi Ankaranın beynəlxalq aləmdə təklənməsi prizmasından məsələyə yanaşsaq, görərik ki, hazırkı situasiyada Türkiyənin regionun lider dövləti olan Azərbaycana çox böyük ehtiyacı var.
Belə bir məqamda Türkiyənin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsi rəsmi Bakıdan daha çox Ankaraya sərfəlidir. Bunun üçünsə Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi olduqca zəruridir. Siyasi şərhçilərin qənaətincə, Azərbaycan və Türkiyənin Prezident Adminstrasiyası arasında mövcud olan əməkdaşlığın yeni bir mərhələyə qədəm qoyması hər iki ölkənin üzləşdiyi problemlərin həllinə də yol aça bilər.
Ekspertlər, xüsusilə, qondarma "erməni soyqırımı" məsələsində Azərbaycan və Türkiyənin birgə əməkdaşlığının əhəmiyyətini önə çəkirlər. Hazırkı situasiyada qondarma "erməni soyqırımı" təhlükəsi ilə üzləşən Ankara yaxın keçmişdə baş vermiş Xocalı soyqırımını dünyaya tanıtmaqla erməni yalanlarını ifşa edə bilər. Bu məsələdə isə, heç şübhəsiz ki, Türkiyəyə Azərbaycanla yaxından əməkdaşlıq etmək olduqca vacibdir.
İki qardaş ölkənin sıx əməkdaşlığı problemlərin birgə həllini, xarici siyasətin uzlaşdırılmasını, iqtisadi əlaqələrini artmasını şərtləndirir. Bu səbəbdən də, Ankara-Bakı münasibətlərində istiləşmənin daha da artması hər iki dövlətin xeyrinədir. Bundan ən çox narahat olan ölkə isə, təbii ki, Ermənistandır. Hər iki ölkə üçün problem yaradan bu dövlətlə münasibətlərdə Türkiyə və Azərbaycanın mövqeyi eyni olmalıdır.
Türkiyə rəsmiləri Azərbaycana daim dəstək verəcəklərini bəyan ediblər
Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin səfərinin məhz 31 Mart Azərbaycanlılarının Soyqırımı Günündən bir gün sonraya təsadüf etməsi də diqqətçəkən məqamlardandır. Hər iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında keçirilən görüşlərdə 31 mart-Azərbaycanlıların Soyqırımı və Xocalı Soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə addımların atılması məsələlərinin də müzakirə edildiyi şübhə doğurmur.
Dünya ölkələrinin parlamentlərində qondarma "erməni soyqırımı" məsələsinin tanınmasına ən ciddi etiraz bildirən ölkələrdən biri, məhz Azərbaycanın olması, onu deməyə əsas verir ki, Türkiyə də ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycana dəstək verməyə borcludur. Əslində, Türkiyə rəsmiləri dəfələrlə öz çıxışlarında bunu, birmənalı olaraq, vurğulayıblar. Başda prezident Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu olmaqla bütün ölkə rəsmiləri rəsmi Ankaranın daim Azərbaycana dəstək verəcəyini bəyan ediblər.
Türkiyə ilə Azərbaycanın, demək olar ki, bütün sahələrdə birgə mövqedən çıxış etməsi Ermənistanı və onun havadarlarını narahat edir. Son vaxtlar ABŞ-da və digər ölkələrdə qondarma erməni soyqırımı məsələnin parlament müzakirələrinə çıxarılması da bu birliyə maneçilik törətmək cəhdindən doğur.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış problemin həll olunmasında son vaxtlar Türkiyənin mövqeyi xeyli güclənib. Məhz bu anda hər iki ölkənin xarici siyasətində ən xırda konturların belə uzlaşdırılması vacibdir və bu üzdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin qardaş ölkəyə səfərinin önəmli oldğunu düşünmək olar.