Siyavuş Novruzov: "Müxalifətin seçkilərdə barmaqla sayıla biləcək qədər namizədləri var"
"Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq azadlıqları ilə bağlı heç bir problemi yoxdur". SİA-nın xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Dünyanın heç bir ölkəsində mitinq keçirmək üçün xüsusi yerin müəyyən olunmadığını deyən millət vəkili ABŞ və Böyük Britaniya kimi ölkələrdə də belə qaydanın olmadığını diqqətə çatdırıb. O həmin ölkələrdə olduğu kimi Azöərbaycan da da piket keçirmək üçün icazənin verildiyini vurğulayıb.
Gündüz vaxtı nəqliyyatın gur, əhalinin sıx olduğu yerlərdə aksiyaların keçirilməsini qadağan olunduğunu xatırladan millət vəkili söyləyib ki, bu yerlərdə aksiya keçirmək insanların istirahət hüququnu pozur: "Nəyə görə, hansısa qüvvələr mitinq keçirməklə digərlərinin istirahət hüququnu pozmalıdır? Avropa Xartiyasına görə, hüquqlar o zaman məhdudlaşır ki, digərlərinin hüququ pozulur".
Parlament seçkiləri ilə əlaqədar müxalifətin mitinq keçirmək şansına gəlincə millət vəkili bildirib ki, düşərgənin mitinq keçirmək şansı yoxdur: "Bu yalnız qəzetin gündəmində qalmaq üçün atılan addımdır. Çünki, namizədlərin müəyyənləşməsi prosesində görürük ki, müxalifətin barmaqla sayılan namizədləri var. Bəzən onlar da ortaq məxrəcə gələ bilmirlər. Çünki, bu işə təcrübə lazımdır. Təcrübə üçün də, mütəmadi şəkildə seçkilərdə iştirak etmək, seçki prosesini təkmilləşdirmək lazımdır. Müxalifət partiyaları isə bu baxımdan heç bir iş görmürlər. Bunu bələdiyyə seçkilərinin timsalında da misal göstərmək olar". Hər bir partiyanın daxilində islahatların aparılmasının vacibliyini qeyd edən S.Novruzov bildirib ki, partiyanın bir neçə şəxsin monopoliyasında olması ümumi inkişafa mənfi təsir göstərir: " Bu kimi partiyalara yeni üzvlərin cəlb olunması, təşkilatlanması mümkün deyil. Həmin partiyalar illərdir ki, eyni şəxslərin monopoliyasındadır. Artıq yeni müxalifət partiyaları formalaşır. Onlar parlamentdə təmsil olunur və icitimai-siyasi proseslərdə iştirak edirlər".