Diplomatik cəbhədə Azərbaycan Ermənistanı tam şəkildə üstələyib
"Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri olduqca əhəmiyyətli və maraqlıdır. Çünki Konqresin Alt Komitəsində qondarma "erməni soyqırımı" haqqında qərar qəbul edildikdən sonra Türkiyə öz səfirini Vaşinqtondan geri çağırmışdı. Türkiyənin ABŞ-la münasibətlərində bir sıra məsələlər vardı ki, onların ciddi müzakirəsinə ehtiyac yaranmışdı. Türkiyə hökuməti ABŞ Konqresindəki müzakirələrə qəti etirazını bildirmişdi və bu məsələdə Azərbaycan hökuməti də Türkiyəyə çox ciddi dəstək vermişdi. İndi cənab Ərdoğanın ABŞ-a səfəri yaranmış münasibətlərdəki gərginlik fonunda çox vacibdir". Bu fikirləri mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı söylədi: "Bilirsiniz ki, R.Ərdoğanın əvvəlcə Amerikaya səfərə getməyəcəyi deyilirdi. Amma reallıq budur ki, bu səfər olacaqdır və səfər zamanı bir sıra məsələlər, o cümlədən, nüvə təhlükəsizliyi, həmçinin, ABŞ-Türkiyə münasibətləri müzakirə olunacaq. Eyni zamanda, Dağlıq Qarabağ məsələsi də ətraflı müzakirə ediləcək. Bu gün ABŞ-da hələ də, elə qüvvələr var ki, onlar Ermənistanla Türkiyə sərhədlərinin açılmasını bölgədə yaranmış gərginliyin aradan qaldırılması üçün vasitə hesab edirlər. Ancaq bu, yanlış yanaşmadır. Çünki Türkiyə sərhədləri Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini işğal etməsinə görə bağlayıb. Dəqiq desək, Kəlbəcər rayonunun işğalından sonra Türkiyə birtərəfli qaydada Ermənistanla sərhədlərini qapadığını bəyan edib. Bu səbəb aradan qalxmadığı təqdirdə, Türkiyənin sərhədləri açması birbaşa erməni işğalına bəraət qazandırmaq olardı. ABŞ-da düşünürlər ki, sərhədlər açılarsa, Türkiyə-Ermənistan arasında isti münasibətlər formalaşar, guya Ermənistan tərəfi Qarabağ danışıqlarında daha konstruktiv mövqedən çıxış edər və Qarabağ problemi də həll edilmiş olar. Amma həmin dairələr ya erməni siyasətinə bələd deyillər, ya da sadəcə, bu variantla Türkiyənin sərhədləri açmasına nail olmaq istəyirlər. Türkiyə sərhədləri açarsa, bu, əslində, Qarabağ probleminin həllinə yardım etməyəcək. Əksinə, Qarabağ məsələsi ilə əlaqədar aparılan danışıqlarda ermənilərin daha da sərtləşməsinə gətirib çıxaracaq. Ona görə də, sərhədlərin açalması məsələsində Azərbaycan öz mövqeyini Türkiyəyə çatdırıb. İctimai rəy də, bütövlükdə, sərhədlərin açılmasının əleyhinədir. Türkiyə parlamentində millət vəkillərinin böyük əksəriyyəti bu fikri dəstəkləyir və sərhədlərin açılmasının yanlış olduğunu bildirməkdədir".
"Ermənistanla sərhədlərin açılması ilə bağlı ABŞ-da Türkiyənin baş nazirinə təzyiqlərin göstəriləcəyi məsələsi nə dərəcədə realdır" sualına cavabında isə M.Qurbanlı bildirdi ki, Türkiyə ictimai rəyi sərhədlərin açılmasının yox, qapalı saxlanılmasının tərəfdarıdır. Onun sözlərinə görə, ABŞ səfəri zamanı Türkiyənin baş nazirinə təzyiq edilərək, sərhədlərin açılmasına nail olmaq ehtimalı çox aşağıdır: "Cənab Ərdoğanın ABŞ-a səfəri, Birləşmiş Ştatlar prezidenti ilə danışıqlar və müzakirələr, əlbəttə ki, yalnız Qafqaz bölgəsindəki problemlərlə məhdudlaşmır, burada Yaxın Şərq, bölgədəki vəziyyət, nüvə silahının yayılması, İran-Türkiyə və İran-Qərb münasibətləri və Qərbin bu ölkəyə sanksiyalar tətbiq edəcəyi ilə bağlı məsələlər müzakirə obyekti olacaq. O cümlədən, bütün bu məsələlərə Türkiyənin münasibəti və ABŞ-Türkiyə qarışılıqlı əlaqələri də müzakirə olunacaq məsələlər sırasına daxildir. Amma bütövlükdə, götürdükdə Türkiyənin xarici siyasətinin müəyyən etdiyi istiqamətdən biri Qafqazda əmin-amanlığın bərqərar olması və sülhün əldə edilməsidir. Ona görə də, ABŞ-Türkiyə münasibətlərində Dağlıq Qarabağ məsələsi önəmli yerlərdən birini tutur. Bu gün Azərbaycan da bu istiqamətdə fəaliyyət göstərir, "bir millət, iki dövlət" olan ölkələrimizin diasporası da birgə fəaliyyət göstərir və bu istiqamətdə real addımlar atmaqdadır. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səmərəli səfəri və bu səfər gedişində aparılan danışıqlar, əldə olunan razılaşmalar, bütövlükdə, bu regionda Türkiyə və Azərbaycanın birgə fəaliyyəti üçün çox ciddi, əməli əsaslar yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin fəal, hücumçu diplomatiya xətti və aparılan siyasətin uğurları erməni niyyətlərinin puç olmasında əhəmiyyətli rol oynayır. Bütün bunlar Qarabağ məsələsinin həlli istiqamətində Azərbaycanın üstün mövqedə olduğunu nümayiş etdirir. Diplomatik cəbhədə Azərbaycan Ermənistanı tam şəkildə üstələyib və bu üstünlük hər yerdə özünü göstərməkdədir".