“Bəşəriyyət terrorizmə, təcavüzə və işğala YOX deyir!"
Dünən "Xalq" Mətbuat Mərkəzində Azərbaycan Sosial Rifah Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə "Bəşəriyyət terrorizmə, təcavüzə və işğala YOX deyir!" mövzusunda dəyirmi masa keçirildi. Tədbirə ölkədə fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə yanaşı, Azərbaycandakı xarici ölkə səfirliklərinin və diplomatik korpuslarının nümayəndələri də qatıldılar. Tədbir iştirakçıları ilk öncə dünya məkanında terrorun, təcavüzün və işğalçılığın qurbanı olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
ASRP sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet imperiyasının 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyəti ilə birlikdə Xocalı şəhərində 20-ci əsrin ən böyük qətliamını törədiblər. Onun sözlərinə görə, bu amansız soyqırım aktı nəticəsində 613 mülki vətəndaş, o cümlədən, 106 qadın, 63 uşaq, 70 qoca öldürülüb, 1275 nəfər əsir götürülüb. 150-dən çox azərbaycanlının taleyi isə hələ də naməlum olaraq qalır. Həmçinin, dörd gün ərzində Xocalıdan Ağdama gətirilən 200-dən çox xocalılının cəsədi üzərində təhqir və işgəncə faktları aşkar olunub: "Azərbaycan xalqının başına gətirilən faciələr, terror aktları təkcə bununla bitmir. 19-cu əsrin əvvəllərindən başlayaraq bugünümüzədək Azərbaycan xalqı, dövləti tarixən, mütəmadi olaraq, ermənilər və onların qanlı havadarları tərəfindən müxtəlif soyqırımlara, terror aktlara, təcavüz və işğalçılıq hallarına məruz qalıb. Lakin çox təəssüflər olsun ki, bugünədək dünya ictimaiyyəti, dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycan xalqının başına gətirilən bu bəlalara biganə qalıb, lazımi hüquqi-siyasi qiymət verməyib. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti ikinci dəfə müstəqillik qazandıqdan bu yana, xüsusilə, son illər dinamik şəkildə inkişaf edir. Amma dünyamızda, o cümlədən, yaşadığımız regionda əmin-amanlığın olmaması ölkəmizdə firavan həyat tərzinin, insanlarımızın sosial rifah-halının yaxşılaşdırılmasının tam həllini mümkünsüz edir və etməkdədir. Ona görə də dünya dövlətləri, beynəlxalq təşkilatlar, tərəqqipərvər qüvvələr dünyamızda, o cümlədən, bölgəmizdə terrorun, təcavüzün, xüsusilə, erməni təcavüzünün və işğalçılığının aradan qaldırılması istiqamətində öz əməli səylərini ortaya qoymalıdır".
Sonra Xocalı soyqırımını əks etdirən videomaterial tədbir iştirakçılarına təqdim olundu.
Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mübariz Qurbanlı tədbirin çox aktual bir mövzuya həsr olunduğunu bildirdi. Onun bildirdiyinə görə, harada təcavüz varsa, orada terror var, harada işğal varsa, orada ölüm, fəlakət var: "Min illərdir ki, bəşəriyyət bu kimi qanlı hadisələrə qarşı müxtəlif formalarda birliklər yaradır. Məsələn, İkinci Dünya savaşından sonra dünyada sülhün, əmin-amanlığın təmin edilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı yaradıldı. Ancaq təəssüflər olsun ki, bu təşkilat da onun üzərinə qoyulan vəzifələrin öhdəsindən lazımınca gələ bilmir. Yenə də terrorla, təcavüzlə, işğalla üz-üzəyik. Həyat özü də göstərir ki, heç bir dövlət və xalq terrordan sığortalanmayıb. Hətta dünyanın supergücləri olan dövlətlər - ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya kimi dövlətlər bu gün terrorla üz-üzədirlər. Əgər bu cür supergüclər terrorla üz-üzədirlərsə, deməli, heç kim bundan sığortalanmayıb. Bu baxımdan, hesab edirəm ki, ilk növbədə, terroru törədən səbəblər aradan qaldırılmalı, bu məsələdə ikili standartlara yol verilməməlidir. Xüsusilə də, Ermənistan-Azərbaycan münaqişəsi kimi bir məsələdə".
Ədalət partiyasının sədri, millət vəkili İlyas İsmayılov dünyada terrorla mübarizənin düzgün yolda olmadığını iddia etdi: "Bu gün terrorla mübarizə düzgün aparılmır. Kim problemi həll etmək istəyirsə, onun səbəblərini araşdırır və araşdırmalıdır. Kim isə problemi həll etmək istəmirsə, məhz nəticə ilə məşğul olur. Bu gün terrorla aparılan mübarizə də terroru doğuran səbəblərin araşdırılmasına deyil, nəticə ilə məşğul olunmasına bənzəyir".
Macarıstanın ölkəmizdəki səfiri Jenö Boroş təmsil etdiyi ölkə ilə Azərbaycan arasında fəal əməkdaşlıq münasibətlərinin qurulduğunu, bu münasibətlərin, xüsusilə, 2004-cü ilin oktyabrından geniş vüsət aldığını diqqətə çatdırdı. Səfirin dediyinə görə, həmin vaxt Azərbaycanın Budapeştdə səfirliyi açılıb və Azərbaycanın keçmiş xarici işlər naziri, tanınmış dövlət adamı Həsən Həsənov bu ölkəyə səfir təyin edilib: "Biz münasibətlərin qurulmasında, ölkələrimizdə səfirliklərin açılmasında çox maraqlı idik. Ümumiyyətlə, macar xalqının Xəzər hövzəsi regionuna, Azərbaycana və azərbaycanlılara böyük simpatiyası var. Məhz bu səbəbdən, biz də ötən il Azərbaycanda səfirliyimizi açdıq. Azərbaycan son illər sosial-iqtisadi cəhətdən çox sürətlə inkişaf edir. Eyni zamanda, bu bölgənin sabitliyinə töhfə verməyə çalışır. Bununla yanaşı, biz Qarabağ məsələsilə bağlı sizin hisslərinizi yaxşı başa düşürük və bu məsələnin sülh yoluyla tənzimlənməsini istəyirik".
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı söylədi ki, bu gün terrorizm dünyada qlobal bir problem sayılır. Ümumiyyətlə, "soyuq müharibədən" sonra terrorizmlə mübarizə dünyada bir saylı məsələ kimi ortaya atılıb. Ancaq təəssüflər olsun ki, dünyada ikili standartların mövcud olmasına görə terrorla mübarizənin təsirləri hiss olunmur: "Terrorun dini, irqi, milliyyəti olmur, lakin əfsuslar olsun ki, son illər terroru islam dini ilə əlaqələndirməyə çalışırlar. Ancaq əslində, terroru, terror təşkilatlarını yaradan, stimullaşdıran, məhz Avropa dövlətləri, Avropa siyasət adamlarıdır. Məhz onlar bunun fitvasını veriblər".
S.Rüstəmxanlı diqqəti bir daha Azərbaycan türklərinin başına gətirilən faciələrə yönəldərək dünya dövlətlərini, o cümlədən, bəzi müsəlman və Şərq ölkələrini bunlara biganə qalmaqda, Azərbaycan ərazilərini işğal edən təcavüzkar Ermənistana maddi və mənəvi yardım göstərməkdə suçlandırdı.
İordaniyanın Azərbaycandakı səfiri Adel Mohammad Adoileh Azərbaycan kimi İordaniyanın da zaman-zaman terrordan əziyyət çəkdiyini söylədi: "Məsələn, 2005-ci ildə üç beşulduzlu oteldə terror həyata keçirildi və nəticədə, 35-dən artıq insan həyatını itirdi. Burada Azərbaycan xalqının terrordan əziyyət çəkdiyi, azərbaycanlıların tez-tez terrorun qurbanı olduğu bildirildi. Eyni zamanda, Xocalı facəisi barədə məlumat verildi, kadr nümayiş etdirildi. Ancaq onu deyim ki, ərəb ölkələrində Azərbaycan xalqının başına gələn faciələr, terror aktları barədə məlumat çox azdır. Ona görə siz bu istiqamətdə daha geniş fəaliyyət göstərməlisiniz. Siz özünüz ərəb dövlətlərinin vətəndaşlarını məlumatlandırmalısınız, onlara bu hadisələri izah etməlisiniz".
Türkiyə səfirliyinin nümayəndəsi Hüseyn Çalışqan Türkiyənin 35 ildən artıq müddət ərzində həm daxildə, həm xaricdə terrordan əziyyət çəkdiyini xatırladıb və terrorla mübarizədə dövlətlərin birgə əməli fəaliyyət göstərməsinin vacibliyini önə çəkdi.
Onu da qeyd edək ki, tədbir zamanı ASRP tərəfindən "Avrasiya ölkələri üzrə Müstəqil Demokratik Qüvvələr Birliyi Şurası" yaradılması təşəbbüsü dəyirmi masa iştirakçıları tərəfindən razılıqla qarşılandı.