PDF Oxu

Əsas

  • 17

Parlament seçkilərində qəzetlər reklam əldə etməkdən necə yararlana bilərlər?

Parlament seçkilərində qəzetlər reklam əldə etməkdən necə yararlana bilərlər?

Bildiyiniz kimi, qarşıdan parlament seçkiləri gəlir. Qəzetlər bu seçkilərdə reklam əldə etmək baxımından, nə dərəcədə yararlana bilər və eyni zamanda, qəzetlər Dağlıq Qarabağ probleminə nə kimi yer ayırır? Bu sualla KİV nümayəndələrinə müraciət etdik.

Asəf Abbasov,
"Azad Azərbaycan" qəzetinin baş redaktoru:

- Azərbaycanda kütləvi informasiya vasitələrinin reklamla bağlı konsepsiyasının hazır olmaması müəyyən problemlərin hələ də qalmasına səbəb olur. Birincisi, belə bir layihənin qəbul olunması mətbuatımızın inkişafına əlavə bir dəstək olacaq. Biz də parlament seçkilərində namizədlərin təbliğat-təşviğat kampaniyasında sərbəst bir şəkildə iştirak edəcəyik. Mən qeyd etmək istəyirəm ki, Azərbaycanda mətbuatın inkişafında, maddi problemlərinin həllində reklamın böyük rolu var. Hazırda KİV-lərin inkişafı, ilk növbədə, reklam bazarının inkişafına yönəlib. Əgər reklam bazarı Azərbaycanda inkişaf edərsə, KİV-lərin inkişafına da təkan vermiş olar. Reklam bazarının 99 faizini televiziyalar cəlb edir. Yəni mətbuatda reklam bazarının zəif olması, bu gün mətbuatın inkişafına çox ciddi mənfi təsir edir. Mənfi amil ondan ibarətdir ki, reklam bütövlüklə, televiziyaların əlindədir. Həqiqətən də, qəzetlərdə reklama çox az yer verilir.
Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən ağırlı problemlərindən biridir. Bu problemin müntəzəm olaraq gündəmdə saxlanılmasında və Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında qəzetlərin böyük rolu var. Artıq demək olar ki, bizim qəzetlər internet vasitəsilə dünyanın əksər ölkələrində oxunur və bu, Azərbaycan həqiqətlərinin xarici ölkə oxucularına çatdırılmasında böyük rol oynayır. Biz hər zaman Qarabağ məsələsini gündəmdə saxlamalı və dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq.

Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:

- Parlament seçkilərində deputatlığa namizədlərin siyahısı dərc olunduqdan sonra, təbliğat zamanı onlarla fərdi şəkildə müqavilə bağlanılır və onların təbliğatı qurulur. Ötən parlament seçkilərində biz bir çox deputatlığa namizədlərlə müqavilələr imzalayaraq, qəzetimizdə onların təbliğatını apardıq. Çox təəssüf edirəm ki, bu gün mətbuatda reklam bazarının yeri yoxdur.
Azərbaycan mətbuatında Dağlıq Qarabağ probleminə kifayət qədər yer ayrılır. Çünki bu, hər bir azərbaycanlının ağrılı problemidir. Ölkə mətbuatı da bu məsələni hər zaman diqqət mərkəzində saxlayır.

Digər xəbərlər