Türkiyə qondarma soyqırımını ifşa etməlidir
Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasına dair Türkiyə, Ermənistan və İsveçrənin XİN-ləri tərəfindən birgə hazırlanan "yol xəritəsi" ilə bağlı ortaya çıxan məlumatlarda beş bənddən ibarət olan sənəddə Ermənistanın qondarma soyqırımı iddialarının tarixçilərin üzərinə buraxılması ilə yanaşı, Qars müqaviləsini tanınacağına dair bəndlərin əksini tapması birmənalı qarşılanmayıb.
Qeyd edək ki, ermənilərin qondarma soyqırımı iddialarından əl çəkmədiyi 95 il əvvəl elə həmin sənədin ortaya çıxdığı gün, 24 apreldə öz təsdiqini tapmışdı. Lakin Ermənistanın Qars müqaviləsini rəsmən tanıması da inandırıcı görünmür. Ən azından, ona görə ki, bu müqavilənin Ermənistan tərəfindən tanınması ermənilərin Türkiyəyə qarşı ərazi iddialarından da geri çəkilməsi demək olardı ki, bu da ümumiyyətlə, inandırıcı deyil. Onu da qeyd edək ki, ortaya çıxan "yol xəritəsi"ndə bu məsələnin əksini tapması Ermənistanda da birmənalı qarşılanmadığından ölkə rəsmiləri həmin sənəddə əksini tapan bəzi məsələlərin, eləcə də, Qars müqaviləsi ilə bağlı bəndin olmadığını bildiriblər. Ermənistanın baş naziri isə son açıqlamasında "yol xəritəsi"ndə ümumiyyətlə, belə bir məsələnin əksini tapmadığını deyib. Qeyd edək ki, Ermənistanın Qars müqaviləsini tanıması Azərbaycanda da inandırıcı görünmür. Millət vəkili, politoloq Aydın Mirzəzadə isə hesab edir ki, "yol xəritəsi" ilə bağlı ortaya, hələlik, rəsmi sənəd çıxmadığından, bu barədə konkret danışmaq çətindi. Beş bənddən ibarət yayılan sənədin reallığa nə qədər uyğun gəlib-gəlmədiyi haqqında da fikir söyləməyin çətin olduğunu qeyd edən millət vəkilinə görə, bütün bunlara baxmayaraq, Ermənistanın Türkiyəyə qarşı soyqırımı iddialarından imtina etməsi və Qars müqaviləsini tanıması inandırıcı deyil. Ermənistanın bu gün problemlər içində boğulduğunu qeyd edən millət vəkilinə görə, düşmən ölkədə, hətta siyasi proseslər də eybəcər şəkil alıb. "Mən inanmıram ki, Ermənistan qondarma soyqırımı iddialarından əl çəksin. Baxmayaraq ki, soyqırımına məruz qalanlar ermənilər yox, elə bizlər olmuşuq"- deyən millət vəkili hətta öz nənəsinin atasının 1919-cu ildə ermənilər tərəfindən öldürüldüyünü qeyd edib. Belə faktların yüzlərlə olduğunu bildirən millət vəkili, hesab edir ki, ermənilərin Azərbaycan ərazilərini işğalda saxladığı, Türkiyəyə qarşı qondarma soyqırımı və ərazi iddiaları ilə çıxış etdiyi bir vaxtda Türkiyə hökumətinin bu ölkə ilə sərhədləri açmaq məsələsini gündəmə gətirməsi təəssüfedicidir. Onun fikrincə, hətta sərhədlər ayda bir dəfə açılsa belə, ermənilərin bundan 10 milyonlarla dollar qazanc əldə etmələrinə imkan yaranacaq. Bu baxımdan, da millət vəkili son vaxtlar Türkiyə və Azərbaycan arasında yaranmış vəziyyətə də toxunub. A.Mirzəzadə AKP-nin siyasətini tam tənqid etməyin tərəfdarı olmasa da, deyir ki, Türkiyə hökuməti ermənilərlə bağlı məsələlərdə öz qardaşı olan Azərbaycanın maraqlarını nəzərə almalıdır. "
"AKP-nin siyasətini tam tənqid etmək olmaz. AKP hökumətinin Azərbaycanla bağlı da vaxtaşırı bəyanatları olur. Azərbaycanın da haqqı var ki, onun maraqlarına uyğun olmayan bəzi məsələlərlə bağlı ortaya çıxan müəyyən məsələlərdə öz qardaşından, dostundan incisin və Azərbaycanın öz siyasətini buna uyğun qurması da təbiidir"- deyən A.Mirzəzadənin sözlərinə görə, bu məsələlərin həllini tapması üçün başlıca şərt Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Onun fikrincə, münaqişə həllini tapmayınca, nə Ermənistanla əlaqələrin qurulması, nə sərhədlərin açılması, nə də regionda normal sivil inkişafın getməsi qeyri-mümkün olacaq.
Millət vəkili, həmçinin, Türkiyə siyasətçilərinin, siyasi şərhçilərinin dilindən tarixi amillərin çox az olduğunu da söyləyib: "Nədənsə qardaş Türkiyənin öndə gələn aydınları, siyasi şərhçiləri və tarixçiləri, davamlı olaraq, özlərinin yazılarında, teleçıxışlarında qondarma erməni soyqırımı, eyni zamanda, ermənilər tərəfindən istər 1915-1918-ci illərdə türklərə, xüsusən də, Azərbaycanda azəri türkünə qarşı həyata keçirilən soyqırımlarla bağlı bir o qədər də ürəkaçan dərəcədə fikirlər ortaya qoymurlar. Tarixi araşdırmaq, həqiqəti ortaya qoymaq baxımından, demək olar ki, özlərini narahat belə hiss etmirlər. Mən istəməzdim ki, Türkiyə həyatına kənardan müdaxilə edim və qiymət verim. Amma təəssüf edirəm ki, Türkiyə siyasətçilərinin, siyasi şərhçilərinin dilində tarixi amillər çox azdır. O cümlədən də, ermənilərin başladıqları, müəyyən dairələrin gücləndirdiyi qondarma soyqırımı tamaşasına reaksiya çox gec olur. Bu baxımdan, hər halda, reallıq bu məsələyə müəyyən bir qiymət verəcək".
Millət vəkili türkiyəli politoloqların, siyasətçilərin daha çox iqtisadi məsələləri önə çəkməsinə gəldikdə isə, bildirdi ki, iqtisadiyyatın öz yeri var, siyasətin də öz yeri: "Mən çox istərdim ki, bu məsələlərdə hər bir tərəf öz maraqlarını müdafiə etsin. Lakin Türkiyə tərəfi bu məsələni bundan sonra daha çox gündəmdə saxlasın. Bir məsələni də vurğulamaq istərdim ki, Konqresdə uydurma erməni soyqırımı ilə bağlı aparılan müzakirələr, ümumilikdə, səhv bir addım idi. Tarixi məsələlər müzakirə edilə bilməz, ona dair fikri ancaq və ancaq elmi dairələr deyə bilər. Yəni ABŞ kimi demokratik ənənələri yüksək bir ölkənin bu addımı atması çox təəccüb doğurur və səhv bir addım idi. Çox yaxşı ki, uzun illərdən sonra Türkiyə belə məsələlərə sərt və operativ münasibət bildirdi. Birinci dəfə qondarma soyqırımı məsələsi 1965-ci ildə Uruqvay parlamentində müzakirə edildi. Ancaq bu məsələyə Türkiyə heç bir reaksiya vermədi. İndiyə kimi 22 ölkənin parlamenti belə bir qərar qəbul edib. Lakin hansısa reaksiya olmamışdı. Bu gün rəsmi Ankara tərəfindən məsələyə reaksiya bildirilməsi, hesab edirəm ki, müsbət bir tendensiyadır".
A.Mirzəzadə ABŞ-ın belə bir addımından sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi ilə bağlı forumda iştirak etməsinə də münasibət bildirdi. Onun sözlərinə görə, baş nazirin ABŞ-a getməsi ilə bağlı qərar qəbul etməsi, bu iki ölkə arasında mövcud olan münasibətlərdən irəli gəlir: "Yəni dövlətlər bir-birindən kənarda təcrid vəziyyətində yaşaya bilməzlər. Onların bir-birinə uyğun gələn, bir-birini ortaq məxrəcə gətirən xeyli maraqları var. Daha çox görüşdükcə münasibətlər də yaxşılaşır və hansısa qaranlıq məsələ varsa, ona aydınlıq gətirilir. Mən hesab etmirəm ki, kimsə-kimsəni yumşaldıb - hər kəs öz prinsipial mövqeyində qalır. Sadəcə, dövlətlərarası münasibətlərə təsir edən amillər sıradan çıxmağa başlayır".