Azərbaycanlılar Ermənistanın Almaniyadakı səfirliyi qarşısında piket keçiriblər
Almaniyada fəaliyyət göstərən "Azərbaycan evi" cəmiyyəti, "Alman-Azərbaycan Həmrəylik cəmiyyəti", "Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi" (AAKM) və "Ocaq mədəniyyət cəmiyyəti"nin təşəbbüsü və ölkəmizin bu ölkədəki səfirliyinin dəstəyi ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Ermənistanın Almaniyadakı səfirliyi qarşısında piket keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, etiraz aksiyasında adı çəkilən təşkilatların fəalları, Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş soydaşlarımız və vaxtilə Azərbaycanda yaşamış, indi Berlində məskunlaşan yəhudi icmasının üzvləri iştirak ediblər. Bir saat davam edən aksiyada piketçilər Azərbaycan bayraqlarını, müvafiq transparantları əldə tutaraq, səs gücləndiricilər vasitəsilə Azərbaycanın dövlət himnini oxuyub, Qarabağa aid şüarlar səsləndirib, "Çırpınırdı Qara dəniz" mahnısını ifa ediblər.
Daha sonra, 1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında hazırlanmış müraciəti piketçilər meqafon vasitəsilə səsləndiriblər. Müraciət Ermənistanın səfirliyinə təqdim edilib.
Tədbirin davamı olaraq, AAKM-in ofisində anım mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov aksiyanın təşkilinə verdikləri dəstəyə və fəal iştiraklarına görə, diaspor nümayəndələrinə minnətdarlığını bildirib. Gələcəkdə keçiriləcək bu kimi tədbirlərdə azərbaycanlıların daha aktiv olmasını tövsiyə edib. Səfir 1918-ci ilin mart-aprel aylarında Azərbaycanda ermənilər tərəfindən törədilmiş soyqırımı haqqında məlumat verib. 31 mart tarixinin 1998-ci ildən etibarən Azərbaycanda soyqırımı günü kimi tanınmasında, tarixi araşdırmaların aparılmasında və bu tarixin dünyanın bir çox ölkələrində Azərbaycan icması tərəfindən qeyd olunmasında ümummilli lider Heydər Əliyevin rolu barədə danışıb.