Ölkəmizin ali məktəblərində 7 minə yaxın xarici ölkə vətəndaşı təhsil alır
Dünən təhsil nazirliyinin kollegiya iclası keçirildi. İclasda ali təhsil müəssisələrinin rəhbərləri, ali məktəbdə əcnəbi tələbələrin təhsilinə məsul müvafiq strukturların rəhbərləri və əməkdaşları, təhsil işçiləri iştirak etdi. "Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)" mövzusuna həsr edilmiş kollegiya iclasının əsas müzakirə obyekti əcnəbi tələbələrin təlim-tədris prosesinin təkmilləşdirilməsi, ölkəmizin ali məktəblərində təhsil alan əcnəbilərin cəmiyyətə inteqrasiyası və yerli şəraitə uyğunlaşdırılması işinin yaxşılaşdırılması, ali məktəblərdə əcnəbi tələbələr üçün fəaliyyət göstərən hazırlıq fakültə, mərkəz və şöbələrin maddi-texniki bazalarının təkmilləşdirilməsi məsələləri olub.
Kollegiya iclasını açan təhsil naziri Misir Mərdanov bildirib ki, bu gün 7 minə yaxın xarici ölkə vətəndaşı ölkəmizin ali məktəblərində bakalavr, magistratura, aspirantura pillələrində dövlət hesabına və ya ödənişli əsaslarla təhsil alır. M.Mərdanov bu rəqəmlərin ilbəil artdığını söylədi: "Nəticə onu göstərir ki, xarici ölkələrdə də Azərbaycan təhsilinə maraq müsbət tərəfə dəyişir. Elə bunun nəticəsidir ki, ali məktəblərimizdə təhsil şəraiti daima yaxşılaşır. Əgər bizim ali məktəblərin yataqxanaları məcburi köçkünlər tərəfindən tutulmasaydı, bu say daha çox ola bilərdi. Prezident İlham Əliyev xüsusi sərəncamla Azərbaycan təhsil müəssisələrinin yataqxanalarında məskunlaşan məcburi köçkünlər üçün xüsusi sahə ayrılması və normal şəraiti olan evlərin tikilməsini tapşırıb. Yəqin ki, ilin sonuna kimi bu istiqamətdə müəyyən irəliləyiş olacaq. Bu minvalla Azərbaycanda təhsil almağa gələn xaricilərin sayı artacaq".
Təhsil naziri ali məktəb rəhbərlərini təhsilə qara yaxanlara cavab verməyə çağırdı: "Son vaxtlar mətbuatda Azərbaycan təhsili haqqında qərəzli məlumatlar yayılır. Bu ilin martında qəzet səhifələrində yazılırdı ki, Azərbaycan məktəblilərinin böyük əksəriyyəti narkomandır. Onlar bu yazıda Amerika Dövlət Departamentinin məlumatına istinad edirdilər. Mən bununla bağlı elə həmin gün fikrimi bildirmişəm. Biz ciddi təkidlərlə Amerika Dövlət Departamentini məcbur etdik ki, səhvən Azərbaycan xalqı və təhsili haqqında verdiyi qərarı təkzib etsin. Praktiki olaraq, Dövlət Departamenti dedi ki, biz səhv etmişik".
Təhsil naziri onu da söylədi ki, Azərbaycan təhsili haqqında qərəzli münasibətlərin bir neçə mənbəyi var və onların əksəriyyəti daxili mənbələrdir: "Daxildən müxtəlif məlumatlar gedir və onun əsasında yanlış fikirlər yaranır. Ümumiyyətlə, çox təəssüf ki, Azərbaycanda rəsmi vəzifə tutan adamlar da son vaxtlar cəmiyyətdə belə bir fikir formalaşdırırlar ki, guya Azərbaycanın təhsil sistemi dağılır, təhsil işçilərinin hamısı rüşvətxordur, Azərbaycan təhsili məhvə gedir və sair. Ən təəssüf doğuran hal isə odur ki, bu ağır və məsuliyyətli işi şərəflə öz çiynində aparan adamların heç biri bu hücumlara qarşı heç nə demir. Mən buna çox təəssüflənirəm. Hətta böyük vəzifə tutan adamlar rəsmi elan edirlər ki, mənim bu qədər boş yerim var, heç bir nəfər də adam tapmıram ki, götürüm işləsin. Bu söhbətlər dəfələrlə mənim yanımda olub. Mən şəxsən ölkənin təhsil naziri kimi bu fikirlərin hamısını rəsmi olaraq, təkzib edirəm və buradan bəyan edirəm ki, bu gün Azərbaycanda kifayət qədər qabiliyyətli gənclər var".
Nazir Azərbaycanda qabiliyyətli gənclərin ən nüfuzlu universitetlərə daxil olması barədə misallar da çəkdi. Onun sözlərinə görə, hazırda dünyanın 3 ən nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələr var. Bu tələbələr hazırda ən yüksək balla Amerika və Kanada universitetlərində təhsil alır. Hətta Alman Akademik Mübadilə Proqramı çərçivəsində təhsil alan Azərbaycan tələbələri arasında Almaniyanın ən məşhur klinikasında işə dəvət olunanlar var: "Belə gənclərin sayı minlərlədir. Kim yetişdirib bu gəncləri? Onlar Azərbaycan müəlliminin və məktəbinin hesabına yetişib. Təəssüf ki, çoxlarının gözü bunları görmür. Təəssüf ki, heç bir ali məktəb rəhbərinin bu biganəliyə qarşı çıxdığını görmədim. Yəni hərə özünü, öz ətrafını qorumaqla iş bitməməlidir, ümumi ədaləti qorumaq lazımdır. 15 ildir biz hamımız bir yerdə gecə-gündüz çalışıb Azərbaycan təhsilini öz çiynimizdə irəliyə doğru aparmışıq və aparırıq. Əlbəttə ki, bu işləri ölkə Prezidentinin dəstəyi ilə həyata keçirmişik. Amma bizim bu sahədəki fəaliyyətimizə qara yaxırlar".
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov Azərbaycanda təhsil alan tələbələrlə bağlı geniş məlumat verdi. E.Qasımov 2009-2010-cu tədris ilində ölkəmizdə 50-yə yaxın ölkədən 6813-dən çox əcnəbi tələbə təhsil aldığını söylədi: "Bu rəqəm 2005-2006-cı tədris ilində 4500-ə, 2006-2007-ci tədris ilində 5500-ə, 2007-2008-ci tədris ilində 6500-ə yaxın olub".
E.Qasımov əcnəbi vətəndaşların ali məktəblərimizdə müxtəlif ixtisaslar üzrə təhsil aldıqlarını bildirərək söylədi ki, ölkəmizin ali məktəblərində xarici ölkələrdən təhsil alan əcnəbi tələbələrin sayına əsasən ilk üç yeri Türkiyədən, İrandan və Çindən gələn tələbələr tutur: "Azərbaycanda təhsil alan xarici tələbələrin sayına gəlincə, universitetlər arasında birinci yerdə Bakı Dövlət Universiteti, ikinci yerdə Tibb Universiteti, üçüncü yerdə isə Memarlıq və İnşaat Universiteti dayanır".
Daha sonra tədbirdə mövzu ətrafında müxtəlif müzakirələr aparıldı.