PDF Oxu

Əsas

  • 17

"Cəmiyyətdə formalaşan gender stereotiplərinin aradan qaldırılmasında KİV-in rolu"

"Cəmiyyətdə formalaşan gender stereotiplərinin aradan qaldırılmasında KİV-in rolu"
Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində "Cəmiyyətdə formalaşan gender stereotiplərinin aradan qaldırılmasında KİV-in rolu" mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə, həmçinin, AzərTac-ın əməkdaşı, jurnalist Elmira Əliyevanın "Vremya, sobıtiya, lyudi" ("Zaman, hadisələr, insanlar") adlı kitabın təqdimat mərasimi də oldu. Mərasimi giriş sözü ilə açan AQUPDK sədri Hicran Hüseynova, ilk növbədə, jurnalist Elmira Əliyevanı yeni çapdan çıxan kitabı münasibətilə ürəkdən təbrik etdi, gələcək fəaliyyətində ona uğurlar arzuladı. H.Hüseynova tədbirin keçirilməsinin əsas məqsədini açıqladı: "Bu tədbiri keçirməkdə məqsəd qadın problemlərinin geniş işıqlandırılmasına, cəmiyyətdə yaranan streotiplərin aradan qaldırılmasında və əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsində kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə edilməsinə nail olmaqdır".
H.Hüseynovanın sözlərinə görə, tədbirin keçirilməsində digər bir məqsəd isə KİV vasitəsilə cəmiyyətdə olan stereotiplərin qarşısını almaqdır. Komitə sədri onu da söylədi ki, ölkəmizdə "Gender haqqında" qanunun qəbul olunmasına baxmayaraq, cəmiyyətdə gender məsələsi ilə bağlı müəyyən fikir və streotiplər yaşamaqdadır. Qloballaşan dünyanın Azərbaycana da təsir etdiyini deyən komitə sədri bu təsirin qarşısının alınmasında KİV-in böyük rolu olduğunu vurğulayıb: "Biz istəyərdik ki, populist çıxışlar olmasın, hər bir yazıda professionallıq olsun və jurnalistikaya gələn hər bir kəs məsuliyyət daşımalı öz üzərində çalışmalıdır".
Tədbirin davamında çıxış edən Azərbaycan Teleqraf Agentliyinin direktoru Aslan Aslanov, ilk növbədə, agentliyin əməkdaşını yeni kitabı münasibətilə ürəkdən təbrik etdi. Daha sonra mövzu ilə əlaqədar fikir bildirən A.Aslanov bildirdi ki, ümummilli lider Heydər Əliyev istər 1980-ci illərdə, istərsə də, müasir Azərbaycan dövlətinin prezidenti kimi həmişə bu mövzuya xüsusi diqqət göstərib. O, söyləyib ki, hazırda Prezident İlham Əliyev bu məsələyə böyük önəm verir.
Daha sonra tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirdi ki, ölkədə gender streotiplərinə yanaşma tərzi müxtəlifdir: "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının tərkib hissəsi olan gender bərabərliyinin təmin olunması ölkənin dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Qadın və kişilərin hüquq bərabərliyinin həyata keçirilməsi üçün bərabər imkanlar və sosial şəraitini yaradılması, müstəqillik illərində dövlətin qarşısında duran əsas məsələlərdən olmuşdur. Belə ki, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların problemlərinin həlli, ölkənin sosial, iqtisadi və siyasi həyatında onların rolunun artırılması məsələsinə xüsusi diqqət yetirilmişdir. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyasında da təsdiq olunmuş qadınların kişilərlə bərabər hüququnun olduğunu təsdiqləmiş və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır".
Prezident Administrasiyasının rəsmisi V.Əliyev 1998-ci ildə qadınların təmsil olunduğu komitənin yaranması bir daha onların hüquqlarının genişlənməsinə imkan verildiyini vurğuladı. Bu gün Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi sahələrində böyük fəaliyyət göstərdiyini söyləyən V.Əliyev qadınlarımızın fəallığının yüksək olduğunu söylədi. Prezident Administrasiyasının məsul işçisinin sözlərinə görə, bu məsələdə KİV-in rolu böyük olsa da, onlar mövzu ilə əlaqədar üzərinə düşən vəzifəni, problemləri cəmiyyətə çatdırmaq istiqamətində potensiallarından tam istifadə edə bilmirlər: "Ölkəmizdə bu gün vətəndaş cəmiyyəti quruculuğu, xüsusən də, uğur qazandığını kütləvi informasiya vasitələrinin sürətli inkişafına etibarlı zəmin və zəruri şərait yaratmışdır. Bu gün ölkəmizdə müntəzəm və müxtəlif vasitələrlə qəzet və jurnallar nəşr olunur. Eyni zamanda, televiziya və radio kanalları, informasiya agentlikləri fəaliyyət göstərir. Onlar müxtəlif sahələri işıqlandırmaqla, həmçinin, əsas prioritet məsələlərə də geniş yer verirlər. Bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə 2008-2009-cu illərdə ailə, qadın və uşaq problemləri ilə bağlı onlarla layihələr maliyyələşdirilmişdir. 2010-cu ildə müsabiqə qalibi olmuş 20-dən artıq təşkilat yalnız ailə və qadın məsələləri ilə bağlı layihələr həyata keçirəcək. Paralel olaraq, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə 2009-cu ildə KİV-lərin ailə, qadın və uşaq problemləri ilə bağlı maarifləndirmə xarakterli bir sıra layihələrin həyata keçirilməsi üçün maliyyə vəsaiti ayrılmış və cari ilin ikinci yarısında bu istiqamətdə prioritet kimi götürüləcək".
V.Əliyev onu da vurğuladı ki, KİV-lərin gender məsələləri ilə bağlı maarifləndirmə xarakterli layihələrin maliyyələşdirilməsi, onların bu problemin həllində iştirakını təmin edən bir təsirli vasitədir: "KİV-lərin özləri də müstəqil şəkildə gender probleminə həsr edilmiş maarifləndirmə xarakterli layihələr həyata keçirirlər. Bunların da cəmiyyətimiz üçün faydalı olmasını yüksək qiymətləndirmək lazımdır. Onu da vurğulamaq lazımdır ki, bu günlərdə informasiya məkanı qloballaşmasının təsirinə ən çox məruz qalmış sahədir. Müasir informasiya texnologiyalarının internetdə sürətli inkişafı kütləvi informasiya vasitələrinin obyektivliyinə, məlumatlılığa müsbət təsir göstərməklə yanaşı, həm də mənfi milli xüsusiyyətlərimizə zidd tendensiyaların gücləndirilməsinə şərait yaradır. Azərbaycanda internet istifadəçilərinin sayının 1 milyon nəfəri keçməsi məsələnin nə dərəcədə ciddi olduğunu əyani şəkildə göstərir. Bununla yanaşı, KİV-lərdə məlumatlandırma, maarifləndirmə, dəyəndirləndirmə funksiyalarının balansının pozulması, milli informasiya məkanımızda mövcud problemlər ailə münasibətlərinin tənzimlənməsində, həmçinin, gender streotiplərinin aradan qaldırılmasında kütləvi informasiya vasitələrinin öz potensialının tam realizə etməsinə maneçilik törədir. Yaranmış problemlərin aradan qaldırılması üçün ən birinci maarifləndirmə işini gücləndirmək lazımdır. Eyni zamanda, hər bir mövzuya peşəkarlıq kriteriyalarından yanaşmaq KİV nümayəndələrinin ən vacib vəzifəsidir".
Mövzu ilə bağlı televiziya kanallarında yayımlanan verilişlərə də münasibət bildirən sektor müdiri onların bəzilərindən narazı qaldığını da dilə gətirdi.
Qeyd edək ki, tədbirdə ombudsman Elmira Süleymanova, millət vəkilləri Jalə Əliyeva, Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Elmira Axundova, digər dövlət və QHT nümayəndələri iştirak etdilər.
Tədbir müzakirələr əsasında davam etdi.

Digər xəbərlər