Azərbaycanda siyasi fəaliyyəti olmayan partiyalara ehtiyac yoxdur
"Bu gün Azərbaycanda qeydiyyatdan keçmiş, amma hansısa bir fəaliyyəti olmayan çoxlu sayda partiyaların mövcud olmasına heç bir ehtiyac yoxdur". - Trend News-un məlumatına görə, bazar ertəsi jurnalistlərə hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.
Əhmədovun sözlərinə görə, bu, partiyalar "bolluğu" Azərbaycanın siyasi partiyalar sisteminə sanki bir ağırlıq gətirir və bu baxımdan, bunu təmizləməyə ehtiyac var. "Güman edirik, Azərbaycanda bir neçə siyasi partiya və onların ətrafında birləşərək formalaşan siyasi təşkilatlar yarana bilər ki, bunlar da bütövlükdə ölkəmizin siyasi spektrini həm düzgün əks etdirə, həm real şəkildə fəaliyyət göstərən siyasi qurumlar kimi özlərini tanıda bilərlər. Bu məsələ ilə bağlı YAP olaraq bizim düşüncələrimiz bundan ibarətdir", - icra katibi əlavə edib.
Hər hansı partiyanın YAP-a birləşməsi məsələsinə gəldikdə, sədr müavini deyib ki, bu barədə konkret düşünməyiblər və konkret bir fikirləri də yoxdur: "Kimlər bu fikirdədirlər və belə bir fikrin ortaya atılması hansı məqsədlərdən irəli gəlir, burada hansı mexanizmlər mövcuddur. Bunların hamısı ciddi şəkildə müzakirə olunmalıdır. Eyni zamanda, hamıya məlumdur ki, YAP kifayət qədər böyük, güclü, kütləvi bir partiyadır. Bununla belə, biz heç bir partiyanın xətrinə dəyə biləcək fikir də səsləndirmək istəməzdik, amma həqiqət bundan ibarətdir ki, YAP-ın öz qarşısına qoyduğu vəzifələri yerinə yetirməsindən ötrü kiminləsə birləşməyə elə bir ehtiyacı yoxdur", - Əhmədov vurğulayıb. Bununla belə, sədr müavini qeyd edib ki, bütövlükdə YAP-ı bir sıra onlara yaxın olan partiyaların dəstəkləməsini, iqtidarın həyata keçirdiyi siyasəti müdafiə etməsini yüksək qiymətləndirirlər: "Biz belə hesab edirik, o partiyaların da özlərinə məxsus elektoratı var və öz elektoratlarının mövqeyini ifadə edərək Azərbaycan Prezidentini, onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Bu da Azərbaycanın reallığından biridir", - İqtidaryönlü Ana Vətən Partiyasının (AVP) sədr müavini, millət vəkili Zahid Oruc bugünlərdə iqtidaryönlü partiyaların hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşməsi təşəbbüsü ilə çıxış edib. Millət vəkili Azərbaycanda cəmi 5-6 güclü partiyanın fəaliyyət göstərməsinin, bu baxımdan da iqtidaryönlülərin məhz YAP ətrafında təmərküzləşməsinin daha düzgün və daha məqsədəmüvafiq olduğunu qeyd edib. Əhmədovun fikrincə, növbəti parlament seçkilərinə qədər "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərin qəbul olunmasına da ehtiyac yoxdur: "Birincisi, buna zaman yoxdur, vaxt çatmaz, ikincisi, seçki ərəfəsində bütövlükdə siyasi partiyaların konfiqurasiyasına hər hansı bir təsir göstərə biləcək yeni qanunun da qəbul edilməsi düzgün olmazdı. Bu baxımdan, ən azı bu iki arqumenti səsləndirərək qeyd etmək istəyirəm ki, indi buna ehtiyac yoxdur. Eyni zamanda güman edirəm, bu məsələ ən azından seçkiyə qədər həll olunmayacaq. YAP olaraq bu gün bizi düşündürən məsələlərin hamısı növbəti parlament seçkilərinin keçirilməsinə hazırlıqdan ibarətdir. Qeyd etdiyim kimi, bu kampaniyanın keçiriləcəyi 2010-cu ildə siyasi partiyaların fəaliyyətinə təsir göstərə biləcək məsələlərlə məşğul olmağa bəlkə ehtiyac yoxdur və buna heç vaxt da olmayacaq", - sədr müavini deyib.