PDF Oxu

Əsas

  • 16

Sosial proqramlar uğurla reallaşdırılır

Sosial proqramlar uğurla reallaşdırılır
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsindən bir il ötür. Bu münasibətlə ötən həftə keçirilən konfransda ölkə Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu ildə imzaladığı fərmanın özünün ictimai-siyasi əhəmiyyətinə görə əvvəlkindən xeyli fərqləndiyi bir daha vurğulandı.
 Dövlət rəhbəri bildirdi ki, Azərbaycan dövləti nə istədiyini dəqiq bilir: "Biz istəyirik ki, ölkəmizi gücləndirək, müstəqilliyimizi, öz iqtisadi azadlığımızı və suverenliyimizi daha da gücləndirək. Baxmayaraq ki, bu gün artıq biz tam şəkildə iqtisadi müstəqilliyə nail olmuşuq. Bu iqtisadi müstəqillik, eyni zamanda, bizə müstəqil siyasət aparmaq üçün şərait yaradır. Əgər biz asılı vəziyyətdə olsaydıq, onda bütün bu görülən işləri istədiyimiz qədər görə bilməzdik. Ölkəmizin gücləndirilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yeni texnologiyaların Azərbaycanda tətbiqi, Azərbaycanın bütün sahələrində müasirləşmə meyillərinin gücləndirilməsi, sahibkarlara əlavə dəstəyin verilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, bütün infrastruktur, sənaye və sosial infrastruktur layihələrinin icra edilməsi, - qısa desək, əsas istiqamətlər demək olar ki, bundan ibarətdir. Biz elə etməliyik ki, dövlət qurumları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, yerli sahibkarlar və vətəndaşlar yerlərdə bu məqsədə doğru planlı şəkildə, birlikdə addımlasınlar. Hər bir rayon üzrə nəzərdə tutulmuş proqramlar icra edilməlidir. Yenə də deyirəm ki, maliyyə resursları, siyasi iradə, proqramlar, nizam-intizam, sabitlik və sahibkarlara dəstək vardır. Yəni, lazım olan bütün amillər Azərbaycanda mövcuddur".
Dövlət rəhbəri bildirib ki, artıq bir ildir ki, ölkəmizin sosial-iqtisadi inkişafını müəyyən edən Dövlət Proqramı icra edilir. Bu proqram 2004-cü ildə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının məntiqi davamıdır. Çox sevindirici haldır ki, 2009-cu ildə başlanmış növbəti proqram da uğurla icra edilir: "Proqramın uğurla icra edilməsində başlıca səbəb və başlıca şərt ondan ibarətdir ki, 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı uğurla yerinə yetirildi. O proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edildi. Hətta onu deyə bilərəm ki, proqramda 2004-cü ildə nəzərdə tutulmayan məsələlər də oraya əlavə edildi. Əlavə maliyyə mənbələri müəyyən edildi və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı nəzərdə tutduğumuzdan daha da geniş miqyasda icra edildi. Bu, bizə imkan verdi ki, bir neçə əsas vəzifəni icra edək. İlk növbədə, regionların canlanması, regionlarda müasir infrastrukturun yaradılması məsələləri öz həllini tapdı. Regionların siması dəyişdi, şəhərlərimiz öz qədim simasını saxlamaqla müasirləşdi, gözəlləşdi, abadlaşdı. İnsanlar üçün çox gözəl şərait yaradıldı, infrastruktur layihələri icra edildi, sosial obyektlərin tikintisinə böyük diqqət göstərildi. Bir sözlə, bölgələrdə, ən ucqar yerlərdə yaşamaq üçün daha da yaxşı şərait yaradılmışdır".
Bütün bu faktlar onu deməyə əsas verir ki, əgər regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı (2004-2008-ci illər) ölkənin əsas sərvəti sayılan neft-qaz amilindən bəhrələnərək müvəffəqiyyətlə həyata keçirilirdisə, ikinci Dövlət Proqramında qeyri-neft sektoru sahələrinin daha sürətlə inkişaf etdirilməsi başlıca vəzifə kimi qarşıya qoyulur. Bununla yanaşı, hər iki Dövlət Proqramında əhalinin maddi rifah halının yaxşılaşdırılması, sosial problemlərin ardıcıllıqla həll edilməsi təxirəsalınmaz vəzifə hesab edilir. Qeyd edək ki, ölkə başçısının son beş il yarımda imzaladığı sosial-iqtisadi inkişafa dair dövlət proqramları qeyri-neft sektorunun möhkəmlənməsinə, infrastrukturun yeniləşdirilməsinə, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasına, respublikanın bölgələrinin tarazlı inkişafına gətirib çıxarıbdır. Aparılan iqtisadi siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı"nın təsdiq edilməsi qeyri-neft sektorunun daha sürətli inkişafına, infrastrukturun daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və məşğulluğunun artırılmasına hesablanıbdır. Elə buna görə də, həyata keçirilən Dövlət Proqramlarında sosial sahəyə olan diqqət və qayğı davamlı xarakter daşıyır. Sosial siyasətin başlıca məqsədi əhalinin, o cümlədən, regionlarda yaşayan vətəndaşların həyat şəraitinin daha da, yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Vurğulamaq lazımdır ki, ötən beş il bundan əvvəl qarşıda duran vəzifələrdən biri də ondan ibarət idi ki, bazar iqtisadiyyatı şəraitində sosial məsələlərin həlli daha çevik, ardıcıl aparılsın. İkinci Dövlət Proqramının icrasına başlanılan indiki dövrdə iftixarla deyə bilərik ki, əhalinin maddi-rifah halının yaxşılaşdırılması istiqamətində aparılan işlər öz müsbət nəticəsini verməkdədir. Ölkədə son beş ildə yoxsulluq səviyyəsinin 35,8 faiz aşağı düşməsi sosial siyasətin düzgün aparıldığından xəbər verir. 2004-cü ilə nisbətən minimum əmək haqqının 8,3 dəfə, minimum pensiyanın təxminən 4 dəfə artması ölkəmizdə sosial məsələlərin həllinə dövlət qayğısının bariz ifadəsidir. Azərbaycanda sosial infrastrukturun yeniləşməsinə böyük vəsait xərclənir. Son beş il ərzində 1600 məktəb tikilib, regionlarda müasir tələblərə cavab verən yüzlərlə tibb ocağı yaradılıb. Onlardan 8-i yüksək dünya standartlarına cavab verən müalicə-diaqnostika mərkəzləridir. Bunlar ölkəmizin müxtəlif bölgələrində yerləşir. Hazırda daha 8 müalicə-diaqnostika mərkəzinin tikintisi davam edir.
Yeni idman qurğuları, Olimpiya kompleksləri ölkəmizə gələn xarici qonaqları heyran edir. 2004-2008-ci illərin məhsulu olan bu obyektlər Azərbaycanda idmana, gənc nəslin sağlamlığına göstərilən dövlət qayğısı kimi qiymətləndirilir. Muzeylərin, teatrların, mədəniyyət evlərinin əsaslı şəkildə təmir olunaraq müasirləşdirilməsi göstərir ki, bu gün Azərbaycanda aparılan quruculuq, abadlıq işləri hərtərəflidir, təkcə hansısa bir sahəyə yönəlməmişdir.
Bölgələrdə yaşayan əhalinin arzu və istəklərini, onların qayğılarını əhatə edən dövlət proqamlarının təsdiq edilməsi ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırıbdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü ötən beş ildə təsdiqini taparaq, bütün rayonların siması köklü şəkildə dəyişib, paytaxta və digər iri şəhərlərə kütləvi axın səngiyərək əks-proses başlanılıb, regionlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artıbdır. Bu gün hər bir ailə, hər bir vətəndaş Dövlət Proqramının real nəticələrini gündəlik həyatında hiss edir.
Bir məqamı da qeyd etmək lazımdır ki, 2009-cu il bütün dünya üçün çox çətin, ağır il olsa da Azərbaycan bu sınaqdan uğurla çıxdı. Ölkə Prezidenti İlham Əliyev martın 12-də keçirilən konfransda da bu məsələyə toxunaraq bildirib ki, problemlərin həll edilməsi üçün konkret addımlar atılır: "Azərbaycan bütün bu çətin sınaqlardan şərəflə çıxa bilmişdir. 2009-cu ildə, bundan əvvəlki illərdəki kimi, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. 2009-cu ildə iqtisadi artım 9,3 faiz təşkil etmişdir. Sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya isə 1,5 faiz olmuşdur. Yəni, dünyanın ən inkişaf etmiş ölkələrində olan bütün kriteriyalar Azərbaycanda da tətbiq edilməlidir. Bunu etmək üçün bizdə həm güclü iradə, həm proqram, həm maliyyə imkanlarımız, həm də ki, bütün cəmiyyətdə bu işlərə böyük dəstək vardır. Əgər bu dəstək olmasaydı, biz bu nailiyyətləri əldə edə bilməzdik. 2009-cu il bir daha göstərdi ki, dünyanın neft bazarında baş verən hadisələrdən asılı olmayaraq, Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir. Neftin qiymətindən asılı olmayaraq, biz yenə də ən sürətlə inkişaf edəcəyik. Bizim bütün uğurlarımızı neft amili ilə bağlayanlar da artıq yəqin başa düşüblər ki, uğurlarımızın təməlində düşünülmüş siyasət, konkret proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi, müstəqilliyi dayanır. Biz müstəqil siyasət aparırıq. Həm siyasi, həm iqtisadi sahədə, bütün başqa sahələrdə Azərbaycan xalqının maraqlarını müdafiə və təmin edirik. Belə olan halda, əlbəttə ki, nəticələr də olacaqdır. 2009-cu ildə əldə edilmiş uğurlar, əlbəttə ki, bizi ruhlandırır, sevindirir, yeni addımlara sövq edir. 2009-cu ildə həm iqtisadi, həm siyasi sahədə müəyyən məsələlər ciddi reaksiya tələb edirdi. Ciddi, operativ, çevik siyasətin aparılmasını tələb edirdi. Mən çox şadam ki, biz hamımız - Azərbaycan bütün vəzifələri uğurla, ağılla, təmkinlə, vaxtında həll etdi və beləliklə, ölkəmizin milli maraqları tam şəkildə müdafiə olundu".
Göründüyü kimi, son illər əldə edilən uğurlar onu göstərir ki, Azərbaycan böyük uğurlu iqtisadi inkişaf yolundadır. Bunu beynəlxalq maliyyə qurumları da təsdiqləyir. Həmin qurumlar bu uğurları Azərbaycanda aparılan islahatlarda görür və qiymətləndirir. Belə ki, 2008-ci ildə Azərbaycan "Doing Business" Proqramında dünyada bir nömrəli islahatçı ölkə kimi tanındı. Həmçinin, Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 51-ci yerdə dayanır. Azərbaycan bütün MDB məkanında birincidir.
Qeyd edək ki, bu gün ölkəmizdə ən vacib məsələ olan ordu quruculuğu sahəsinə də böyük işlər görülür. Ölkə Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsindən bir illiyi ilə bağlı keçirilən konfransda bu məsələyə toxunaraq bildirib ki, bu sahədə böyük işlər görülüb və ordumuz müasirləşib: "Hərbi sənaye yaradılıb və bu məqsədləri təmin etmək üçün böyük vəsait ayrılıb. Ən ağır şəraitdə yaşayan soydaşlarımızın vəziyyətinin yaxşılaşdırılması üçün əməli tədbirlər görülür. Məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin problemləri mütəmadi qaydada öz həllini tapır. Bütün digər sosial məsələlər həll edilir, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Bax, bu gün aşağıda nümayiş etdirilən kiçik sərgidə görülən işlərin, bəlkə bir faizi görünür. Hər bir sahədə, hər bir yerdə inkişaf, tərəqqi, yeni yanaşmalar olmalıdır. Biz dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycanda, bizim şəraitimizə uyğun şəkildə tətbiq etməliyik, ən yeni texnologiyaları həm dövlət, həm özəl sektorun xətti ilə Azərbaycana gətirməliyik ki, ölkəmiz bundan sonra uzun illər, əbədi, güclü, müasir ölkə kimi yaşasın. Bu məsələlər daim diqqət tələb edir. Bu gün görülən işlər bugünkü gün üçün əhəmiyyətlidir, amma 5 il keçəndən sonra bu işlər bəlkə artıq o dövrün standartlarına cavab verməyəcəkdir. Ona görə də biz daim axtarışda olmalıyıq, daim fəal olmalıyıq və bütün cəmiyyət bu işlərdə fəal çalışmalıdır. Bugünkü görüş daha çox sahibkarlığın və regionların inkişafı ilə bağlı olan məsələlərə həsr edilir. Azərbaycan dövləti bu sahədə də öz iradəsini göstərir. Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlara müxtəlif yollarla - Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit şəklində böyük vəsait verilir. Artıq əvvəlki illərdə verilən vəsait qayıdır və o yenə də kreditləşməyə yönəldilir. Fermerlərə subsidiyalar onlara lazım olan avadanlığın, texnikanın güzəştli şərtlərlə, lizinq yolu ilə verilməsi, - bütün bunlar kənd təsərrüfatını, sahibkarlığı stimullaşdıran amillərdir".
Beləliklə də, istər nüfuzlu beynəlxalq qurumlar tərəfindən keçirilən sorğuların nəticələri, istərsə də göstərilən rəqəmlər onu sübut edir ki, son beş il yarımda dövlət başçısı tərəfindən təsdiq edilən sosial-iqtisadi proqramlar Azərbaycanı dinamik inkişaf yoluna çıxararaq, Cənubi Qafqazın ən qüdrətli dövlətinə çeviribdir. Azərbaycan bundan sonrakı illəri də uğurla başa vuracaq.

Digər xəbərlər