Mübariz Qurbanlı: “Bizim seçkilərdə təkbaşına iştirak etməyimiz üçün kifayət qədər potensialımız və namizədlərimiz var”
Azərbaycanın hakim partiyası parlament seçkisi ilə bağlı ilkin planlarını açıqlayıb. "Seçki koalisiyası yaratmadıqlarından parlament seçkilərində digər partiyaların namizədlərini müdafiə etməyəcəyik. Biz bütün seçkilərdə müstəqil iştirak etmişik, bu dəfə də belə olacaq. Bizim seçkilərdə təkbaşına iştirak etməyimiz üçün kifayət qədər potensialımız və namizədlərimiz var", - çərşənbə günü Trend News-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
Qurbanlının sözlərinə görə, onlar yalnız YAP-ın platformasını müdafiə edən və Prezident İlham Əliyevin siyasətini dəstəkləyən partiyalarla əməkdaşlıq edirlər. "Amma seçki koalisiyası yaratmırıq. Siyasi partiyaların seçkilərdə iştirakı isə Seçki Məcəlləsi ilə tənzimlənir və bu prosesə partiyamız hər hansı formada müdaxilə etmir", - o əlavə edib. İcra katibinin müavini deyib ki, hakim partiya bütün dairələrdə namizəd irəli sürəcək. "Parlamentdə qazanacağımız yerlərin sayı isə seçicidən asılıdır. Bizim fikrimizcə, vətəndaşlar İlham Əliyevin siyasətini müdafiə edir və onun apardığı siyasətin simasında partiyamızın fəaliyyətinə qiymət verir, dəstəkləyirlər. Hesab edirik ki, seçicilərimiz partiyamızın namizədlərinə dəstək verəcək. Amma hansı dairədə irəli sürdüyümüz namizədimizin qalib gələcəyi seçki təşviqatından, namizədin şəxsi keyfiyyətindən, eyni zamanda, həmin dairədəki seçki kampaniyasının gedişindən asılı olacaq. Ona görə əvvəlcədən deyə bilərik ki, biz parlamentdəki üstünlüyü əldə saxlamaq üçün çalışırıq. Deputatların tərkibini indidən proqnozlaşdırmaq isə hələ tezdir", - millət vəkili vurğulayıb. Qurbanlı qeyd edib ki, seçki kampaniyasına rəsmi start verilməsə də, partiya seçkilərə indi də hazırdır. "Kadr potensialımız kifayət qədər yüksək həddədir. Bu səbəbdən hər hansı seçki ilə bağlı real və ehtiyat namizədlərimiz bəllidir. Amma indiki şəraitdə dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi istiqamətində partiya daxilində müzakirələr aparılmır", - o xatırladıb.