PDF Oxu

Əsas

  • 19

Hollandiyanın Heerlen şəhərində Novruz bayramı qeyd olunub

Hollandiyanın Heerlen şəhərində Novruz bayramı qeyd olunub
Hollandiyanın Heerlen şəhərində Novruz bayramı qeyd olunub. Bayramda, əsasən, şəhərin yerli əhalisi iştirak edib. "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyətinin (VVODA) rəhbəri İradə Uluxanova Diasporla İş üzrə Dövlət Komitəsinə bildirib ki, mərasimə məhz hollandiyalıların dəvət olunması ölkəmizi və milli adətlərimizi daha geniş təbliğ etmək məqsədi daşıyır.
Ümumiyyətlə, bu cəmiyyət keçirdiyi bütün tədbirlərə, məhz yerli əhalini cəlb etməyə çalışır ki, Azərbaycan həqiqətlərini Hollandiyada tanıtmaq imkanları daha da genişlənsin və Hollandiya xalqı ölkəmizi yaxından tanısın. Heerlendəki Novruz şənliyinin açılışını Hollandiya məktəblisi, 13 yaşlı Samanta edib və qonaqları Azərbaycan dilində salamlayaraq, onlara bu bayram haqqında məlumat verib.
Daha sonra tədbirin keçirildiyi məktəbə rəhbərlik edən "Movare" təşkilatının nümayəndəsi Jetty Janssen Novruz haqqında danışıb. O deyib ki, Novruz gül-çiçək bayramıdır. "Artıq 3 aya yaxındır ki, məktəbin şagirdlərilə birlikdə bu tədbirə hazırlaşırıq, zəhmətimiz hədər getmədi, hər şey ürəyimizcə oldu" deyən məktəb rəhbəri bu işlərə görə, VVODA-ya təşəkkürünü bildirib. Gələn il də Novruz bayramının bu məktəbdə təşkil olunacağına əminliyini bildirən, Jetty Janssen bu bayramı çox bəyəndiklərini ifadə edib.
Bayram cəngi sədaları altında başlanıb. Bu musiqinin müşayiəti ilə holland məktəblisi Tristan Zinzen at üstündə hər tərəfdən Azərbaycan bayraqları ilə bəzədilmiş meydana daxil olaraq, tonqala od vurub. Sonra 7 holland məktəblisi Azərbaycan dilində şeirlərlə qonaqların Novruz bayramını təbrik ediblər. Məktəbin toplantı zallarından birində isə fransız fleytaçı İzabel Dosne, alman pianoçusu Michail Tuner və fleytada holland məktəblilərinin ifasında Azərbaycan bəstəkarlarının klassik və milli musiqisi səslənib, milli rəqslərimiz ifa olunub. Türkiyədən isə Tokat Universitetinin dosenti, həmyerlimiz Lalə Hüseynova Azərbaycan bəstəkarlarının əsərlərini skripkada çalıb. Həmin otaqda Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikovun həyat və yaradıcılığından bəhs edən stendler də asılıb. Bayramın ən yaddaqalan məqamlarından biri sevimli mahnılarımızdan olan "Sarı gəlin"in sədaları altında bahar qızı 10 yaşlı Ashama Zinzenin meydana gəlməsi olub. O, şənlik iştirakçılarına plov təqdim edib. Sonra isə məktəbin müxtəlif millətlərdən olan şagirdləri "Yallı" rəqsini oynayıblar.
Tədbirdə milli adət-ənənələrimiz, tariximiz, musiqimiz və mətbəximizin geniş təbliği üçün bütün imkanlardan istifadə olunub. Azərbaycanın tarixi və dövlətçiliyi ilə bağlı zəngin stendlər hazırlanıb. Bundan başqa holland qonaqlara Azərbaycanın işğal altında olan əraziləri, Dağlıq Qarabağ münaqişəsi haqqında broşurlar, kitablar paylanıb. Tədbirdə, həmçinin, holland qonaqlara Azərbaycan haqqında tanıtım filmi də göstərilib. Mərasimdə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirinin birinci müavini Elxan Ələsgərov və digər rəsmi qonaqlar iştirak edib. Bayram haqqında ətraflı məlumat və yerli əhalinin təəssüratları "Limburgs Dagblad" və "De limburger" qəzetlərində dərc olunub.

Digər xəbərlər