PDF Oxu

Əsas

  • 15

Xarici ölkələrdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd edirlər

Xarici ölkələrdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd edirlər
Xarici ölkələrdə yaşayan soydaşlarımız Novruz bayramını təntənə ilə qeyd etməyə hazırlaşırlar. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata yalnız Novruz bayramı günündə bayram təşkil edən İsveçdəki soydaşlarımız artıq bu il, ilk dəfə olaraq, ilaxır çərşənbəni də qeyd edəcəklər. Dünən "Azərbaycan Federasyonu İsveç"in (AFİ) təşkil etdiyi ilaxır çərşənbə mərasimində bütün Novruz adət-ənənələrinə riayət olunub, milli musiqimizin sədaları altında tonqal qalanıb.
Qeyd edək ki, bu ölkədə tonqal yandırmaq üçün ekologiya, yanğın təhlükəsizliyi və aidiyyatı üzrə müxtəlif rəsmi instansiyalardan icazə alınmalıdır. "Atıl-batıl çərşənbə, Baxtım açıl çərşənbə" devizi altında keçirilən tədbirdə soydaşlarımız od üstündə kabab, lavaş çörəyi də bişiriblər.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patzer İsmayılova isə Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat verib ki, martın 20-də Berlində Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyilə "Novruz töhfələri" adlı musiqili-ədəbi proqram təşkil olunacaq. Bayram tədbiri, əsasən, uşaqların iştirakı ilə hazırlanıb. Novruz mərasiminin ssenari müəllifi və rejissoru Naiba Turaldır. Kamalə Məmmədova isə ümumi əlaqələndirmə və təşkilati işlərlə, eləcə də, musiqili hissə üzrə hazırlıqla məşğuldur. Gecədə Novruz bayramına aid şeirlər, mahnılar səslənəcək, milli rəqslərimiz ifa olunacaq. O cümlədən, Kosa ilə Keçəl mərasimə bayram rəngi qatacaqdır. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Berlindəki soydaşlarımızı bu maraqlı tədbirə qatılmağa dəvət edir.

Digər xəbərlər