Milli Məclisin növbəti iclası keçirildi
Dünən Milli Məclisin keçirilən növbəti iclasında Azərbaycan Respublikasının 2009-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənildi. Hökumətin hesabatı kitab halında çap olunaraq deputatlara paylanıldı. Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq əvvəlcə deputatları, hökumətin üzvlərini və Azərbaycan xalqını İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik etdi: "Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulduğu kimi, Milli Məclis hər il yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin əvvəlki ildəki fəaliyyəti barədə hesabatını dinləyir. Bugünkü iclas da, bütünlüklə, bu məsələyə həsr olunur".
O.Əsədov dünya iqtisadiyyatında davam edən qlobal maliyyə böhranına baxmayaraq, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının kifayət qədər yüksək nailiyyətlər əldə etdiyini söylədi: "Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə dünyada 51-ci yerə layiq görmüşdür. Bu, MDB iştirakçısı olan ölkələr arasında ən yüksək göstəricidir. Dünyanın əksər ölkələrində müşahidə olunan iqtisadi tənəzzül fonunda ölkəmizdə iqtisadi inkişaf davam etmiş, yoxsulluq səviyyəsi azalmış, əhalinin rifahı yaxşılaşıbdır. Önəmli haldır ki, hesabat ilində ümumi daxili məhsulun həcminin 64 faizi iqtisadiyyatın istehsal sahəsinin, 28 faizi isə xidmət sahələrinin payına düşür".
Spiker, əvvəlki illərdə olduğu kimi, yenə də qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanıldığını vurğuladı: "2008-ci illə müqayisədə ötən il bu sahədə real artım 3,2 faiz olubdur. ÜDM-in 45,4 faizi qeyri-neft sektorunun payına düşür. Ümumiyyətlə, son 5 ildə ölkənin qeyri-neft sektorunda ardıcıl iqtisadi artım müşahidə olunur. Ölkədə həyata keçirilən islahatlar xalqın etimadını qazanıbdır. Bunun əsas göstəricilərindən biri də iqtisadiyyatımıza sərmayə qoyulub. Ötən il əsas kapitala yönəldilən investisiyaların 80 faizini daxili, 20 faizini isə xarici vəsaitlər təşkil edir".
İqtisadiyyatda baş verən köklü dəyişikliklər nəticəsində əhalinin maddi rifahının yaxşılaşdığını deyən O.Əsədov qeyd etdi ki, ötən il ölkə üzrə işçilərin orta aylıq əmək haqqı 2008-ci ilə nisbətən 8,6 faiz artaraq 298 manata çatmış, inflyasiya səviyyəsini 7 faiz üstələyibdir: "Prezident İlham Əliyevin həyata keçirdiyi sosial- iqtisadi siyasətin əsas icraçısı Nazirlər Kabinetidir. Son illərdə Nazirlər Kabinetinin parlamentə təqdim etdiyi hesabatlar ətraflı və yaradıcı tərzdə müzakirə olunur, deputatların təklifləri hökumətin növbəti illər üçün fəaliyyət dairəsinə daxil edilir. Ötənilki hesabatın müzakirəsi zamanı deputatların irəli sürdükləri təklif və tövsiyələrin ümumiləşdirilməsi və icra vəziyyəti barədə geniş məlumatın bizə təqdim olunmuş cari hesabatda verilməsi bunu bir daha təsdiqləyir. Həm hökumətin, həm də Milli Məclisin əsas məqsədi Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqın rifahının yüksəlməsinə nail olmaqdır. Nazirlər Kabinetinin hesabatının hər il parlamentdə konstruktiv şəraitdə dinlənilməsi nəticə etibarı ilə qanunvericilik və icra hakimiyyəti orqanlarının konstitusiya ilə nəzərdə tutulmuş qarşılıqlı əlaqələrinin güclənməsinə xidmət edir". O.Əsədov deputatları hesabatın müzakirəsində fəal və obyektiv olmağa çağırdı.
Sonra baş nazir Artur Rasizadə hesabatı təqdim edərək, bildirdi ki, ölkənin sosial-iqtisadi inkişafının möhtərəm Prezidentimizin Sədrliyi ilə Nazirlər Kabinetinin geniş iclaslarında dərindən təhlil edilməsi və ilin yekunları ilə bağlı Milli Məclisdə ətraflı dinləmələrin keçirilməsi ictimaiyyət tərəfindən iqtidarın xalq qarşısında hesabatı kimi təqdir edilir: "Dövlət başçımızın yüksək idarəçilik məharəti, mütərəqqi iş üslubu, problemlərin həllinə müasir yanaşma tərzi cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərinin təmin edilməsini ön plana çəkərək, ali məqsəd kimi qarşıya qoyubdur".
Baş nazir bildirdi ki, artıq bir neçə ildir ki, iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun artımına görə, respublikamız dünya ölkələri arasında ən yüksək yerlərdən birini tutur: "Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar, bazar institutlarının fəaliyyəti nəticəsində əldə olunan müsbət kəmiyyət və keyfiyyət dəyişiklikləri iqtisadiyyatda keçid dövrünün tamamlandığını şərtləndirən əsas göstəricilərdir. Hesabat ilində ümumi daxili məhsulun həcmi 34,6 milyard manat olmuş, əvvəlki ilə nisbətən real artım 9,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz təşkil edib, inflyasiyanın səviyyəsi isə 1,5 faizə endirilibdir. Həmişə olduğu kimi, sosial məsələlərin həlli hökumətin fəaliyyətində prioritet yer tutur. Belə ki, orta aylıq əməkhaqqı 8,6 faiz artaraq 298 manata, əmək pensiyalarının orta aylıq məbləği isə 100,4 manat, minimum aylıq əmək haqqı və əmək pensiyalarının baza hissəsi 75 manat olubdur. Keçən il artırılan ehtiyac meyarı əsasında 654 min insanın ünvanlı sosial yardım almasına dövlət büdcəsindən 180 milyon manat vəsait xərclənibdir. Sosial-iqtisadi inkişafın əsas göstəricilərindən olan yoxsulluğun səviyyəsi 2,2 faiz azaldılaraq 11 faizə endirilibdir. İl ərzində 74 minə yaxın yeni iş yeri açılıbdır".
Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını qeyd edən A.Rasizadə bildirdi ki, bu məqsədlə 707 mənzil tikilibdir ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Əlillər üçün 2 yeni reabilitasiya mərkəzi açılıb, 500 ədəd minik avtomobili ayrılıbdır. Məcburi köçkünlərin sosial problemlərinin həlli hökumətin fəaliyyətində yenə də vacib istiqamət olub. Ümumilikdə, 1416 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 307,8 milyon manat vəsait sərf edilibdir. Bakı şəhərində yaşayış kompleksi, Goranboy və Abşeron rayonlarında yeni qəsəbələr, Göygöl rayonunda 26 fərdi ev tikilərək istifadəyə verilibdir. Təhsil sahəsinə ilbəil artan diqqət ölkə başçısının "maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" fikri ilə bilavasitə bağlıdır. Bunu rəhbər tutaraq inkişaf yönümlü 16 Proqramın icrası, beynəlxalq təhsil standartlarının tətbiqini təmin edəcək Baloniya prosesinə keçid ilə bağlı işlər davam etdirilibdir. Belə ki, təhsil sisteminin maddi-texniki bazası möhkəmləndirilərək il ərzində 68 yeni məktəb binası tikilib, 28 məktəb əsaslı təmir olunub, 320 məktəb müasir avadanlıq və tədris laboratoriyaları ilə təchiz edilib, 87 məktəbin istilik sistemində təmir-bərpa işləri tamamlanıbdır. Ali məktəblərin müasir tədris avadanlıqları ilə təchiz olunmasına 29,0 milyon manat vəsait yönəldilibdir".
Sonra hesabat ətrafında müzakirələr başlandı. Millət vəkillləri Musa Quliyev, Bəxtiyar Əliyev, Hadi Rəcəbli və başqaları çıxış edərək, hökumətin fəaliyyətini yüksək qiymətləndirdilər.