PDF Oxu

Əsas

  • 17

Azərbaycan NATO standartlarına uyğun hərbi qüdrətə malikdir

Azərbaycan NATO standartlarına uyğun hərbi qüdrətə malikdir
"Azərbaycan dövlətinin, Prezidentinin, o cümlədən, Ali Baş Komandanın çox işləri var. Ancaq bizim dövlətimiz üçün, mənim üçün, Azərbaycan Respublikasının Ali Baş Komandanı üçün ordu ilə, Silahlı Qüvvələrlə əlaqədar olan işlər hər şeydən vacib, hər şeydən önəmlidir"- deyən İlham Əliyev hərbi qüdrətimizin artmasının dövlətin əsas prioritetlərindən biri olduğunu bir daha təsdiq edir.
Son illərdə nizami ordunun formalaşması üçün aparılan islahatları gündəlik işi və dövlət siyasətinin əsas parametrlərindən hesab edən Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında da bildirdi ki, ildən-ilə güclənən iqtisadi potensialımız hesabına bu sahəyə daha çox diqqət yetirilir.
"Ordu quruculuğu məsələlərinə, ənənəvi olaraq, diqqətimizi əsirgəmirik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda, ilk növbədə, bu məsələlərə ən böyük diqqət göstərilməlidir. Ordumuzun 90 illik yubileyi münasibətilə hərbi parad keçirməklə öz hərbi texnikamızı, öz döyüş qabiliyyətimizi nümayiş etdirdik. Mən çox şadam ki, bu gün Azərbaycan ordusunun vəziyyəti elədir ki, qarşıda duran istənilən vəzifəni uğurla icra edə bilər. Bizim bütün səylərimiz bir məqsədə xidmət edir- Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, işğalçı qüvvələr ölkəmizin zəbt edilmiş torpaqlarından çıxarılsın"- deyə dövlət başçısı qeyd edib.
Ölkə rəhbəri bildirir ki, "Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar davam edir, danışıqlarda bizim mövqeyimiz birmənalıdır, dəyişməzdir. Bizim mövqeyimiz bütün beynəlxalq normalara əsaslanır və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr və qərarlar əsasında qurulubdur və məsələ bu hüquqi müstəvidə öz həllini tapa bilər".
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, zəbt olunmuş bütün torpaqlar işğalçılardan azad edilməlidir. Əgər Ermənistan tərəfi real durumu nəzərə alsa və Azərbaycanın artan imkanlarını,- həm hərbi, həm iqtisadi, həm siyasi, həm diplomatik uğurlarını,- təhlil edərək nəzərə alsa, məsələ tezliklə öz həllini tapa bilər. Ancaq bu razılaşma birinci növbədə ədalətli olmalıdır, ikinci növbədə, beynəlxalq normalara əsaslanmalıdır və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilməlidir".
2003-cü ildə hərbi xərclərə ayrılan 135 milyon dollarla 2010-ci ildə bu sahəyə yönəldilmiş 2 milyard dollardan artıq vəsaiti müqayisə etməklə fərqi aydın görmək olar. Yəni, son 7 ildə hərbi sahəyə ayrılan vəsait 15 dəfə artırılıb. Başqa sözlə deyilsə, Azərbaycanın 15 milyard dollara çatan dövlət büdcəsində hərbi xərclərə ayrılan pay birinci yerdə dayanır.
Bu isə ordunun güclənməsinə, möhkəmlənməsinə stimul yaradır. Bu müqayisə bir növ Prezident İlham Əliyevin 4 il bundan öncə dediklərinin təsdiqidir: "Mən bəyan etmişəm ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi dövlət büdcəsi qədər olacaq."
Göründüyü kimi, bütün vədlərində reallığa əsaslanan dövlət başçısı bu sahədə də sözünün sahibidir. Hazırda ölkəmizdə hərbi xərclər üçün ayrılan vəsaitin həcmi Ermənistanın bütünlükdə dövlət büdcəsinə bərabərdir. Yaxın illərdə isə ölkəmizdə ordu quruculuğu üçün ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən bir neçə dəfə artıq olacaq.
Daha böyük işlər barədəki proqnozlar isə ölkənin gələcək qüdrətindən xəbər verir. Müharibə şəraitində yaşamağımızı nəzərə alsaq, paritetləri aydın müəyyənləşdirə bilərik. İstənilən qədər yüksək olan iqtisadi və maliyyə imkanlarımız hesabına Müdafiə Sənayesi Nazirliyinin yaradılması belə tədbirlərdəndir. Nazirliyin təşkili ilə lazımi avadanlıq, silah-sursat istehsalına başlanılması o deməkdir ki, Azərbaycan öz siyasətini proqram üzrə aparır.
Qarşıdakı illərdə daha böyük vəsait ayırmaqla Azərbaycanda çox güclü hərbi-sənaye kompleksi yaradılacaq. Zəngin təbii sərvətlərdən istifadə etməklə müdafiə sənayesinin inkişafını sürətləndirmək üçün ölkəmizdə istənilən qədər iqtisadi imkan və ixtisaslı kadr potensialı vardır.
Silahlı Qüvvələr sahəsindəki təhsil sistemi NATO standartları səviyyəsindədir. Ali təhsil ocaqlarında müasir hərb elminin prinsiplərinə uyğun zabit kadrları yetişir. NATO-nun sülhməramlı qüvvələri tərkibində münaqişə ocaqlarında asayişin keşiyində dayanan əsgərlərimiz haqqında yalnız müsbət rəylər bildirilir.
Beynəlxalq səviyyəli hərbi ekspertlər təsdiq edirlər ki, Azərbaycanda ordu quruculuğu istiqamətində aparılan islahatlar NATO standartlarına tam cavab verir. Hazırda sərhədlərimizin etibarlı müdafiəsi üçün ən müasir texnologiyalar əsasında hazırlanmış, təkmil qurğulardan istifadə olunur. Görülən tədbirlər barədə ümumi qənaət isə budur: ölkədə ordu quruculuğu Azərbaycanın dövlət siyasətinə uyğun həyata keçirilir.
Ali Baş Komandan İlham Əliyev "Ərazi bütövlüyümüzün bərpası başlıca şərtdir" söyləməklə əsgər və zabitlərimizin məsuliyyətini iki qat artırır. Artıq torpaqlarımızı erməni işğalından azad edə biləcək, hər an Ali Baş Komandanın əmrini yerinə yetirəcək hazırlıqlı, mükəmməl və nizami ordumuz var.
Yeri gəlmişkən, son vaxtlar NATO-nun Azərbaycanı öz sıralarında görməkdən məmnun olacağı haqda informasiyalar yayılır. Bu isə Azərbaycanın hərbi cəhətdən yüksək inkişafını və ən müasir standartlara cavab verən Silahlı Qüvvələrə malik olduğunun göstəricisidir.
Bütün bunlar, həm də onu göstərir ki, Azərbaycan artıq öz hərbi-iqtisadi qüdrəti ilə artıq çoxdan regionun ən güclü dövlətinə çevrilib. Hərbi və iqtisdi cəhətdən qüdrətli olan dövlət isə istənilən an öz işğal edilmiş torpaqlarını azad etməyə qadirdir. Azərbaycan son variant kimi bu yolu seçməyə məcbur olduqda bunun qarşısını heç bir qüvvə ala bilməyəcək.
Hər il olduğu kimi, 2009-cu ildə də Azərbaycan hərbçiləri NATO ilə əməkdaşlıq çərçivəsində qurumun təşkil etdiyi tədbir və təlimlərdə, hərbi kurslarda seminarlarda iştirak edib. NATO ilə əməkdaşlıq çərçivəsində artıq Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması ilə bağlı tədbirlərə başlanıb.
Azərbaycan Ordusunun hərb yolu ilə torpaqları işğaldan azad etməyə qadirdir və artıq ordu döyüşə tam hazır vəziyyətdədir. Lakin Azərbaycan tərəfi bütün beynəlxalq hüquq normalarına riayət edərək problemin sülh yolu ilə həllinə çalışır. Bu prosesdə beynəlxalq təşkilatlar da Azərbaycanın xeyirinə çıxış edir.
Hazırda bütün beynəlxalq təşkilatlar işğalçı Ermənistanı işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməyə çağırır. Xarici təşkilatların məlumatına görə, hazırda Ermənistan ordusu səfalət içərisindədir. Büdcə xərcləri və hərbi xərcləri azaldığından Ermənistan hökuməti artıq bir neçə hərbi hissəni komplektləşdirə bilmir.
Azərbaycan Silahlı Qüvvələri daha çox canlı qüvvəyə malikdir. Ehtiyat qüvvə isə Ermənistandakından azı 3 dəfə çoxdur. Ölkədə total səfərbərliyə cəlb oluna biləcək canlı qüvvənin sayı isə 2 milyona yaxındır. Çağırış planı, demək olar ki, 100 faiz yerinə yetirilir. Ordudan yayınma və fərarilik halları demək olar ki, yoxdur. Peşəkar hərbçi kadr baxımından isə, ordumuzun imkanları daha yüksəkdir.
Hər hansı bir müharibədə uğur qazanmaq üçün ilk növbədə güclü maliyyə imkanları, güclü iqtisadi potensial lazım gəlir. 1 milyon ac vətəndaşı olan Ermənistanın isə öz əhalisini normal dolandıracaq qədər belə maliyyə imkanı yoxdur.
Xaricdəki erməni diasporunun topladığı sədəqəylə dolanan Ermənistan bütün imkanlarını səfərbər etsə belə, uzağı 1-2 ay hərbi əməliyyat aparma imkanına malikdir. Hazırkı şəraitdə hərbi əməliyyatların bir aydan artıq davam etməsi isə Ermənistanda iqtisadi çökmə, sosial partlayışla nəticələnə bilər.
Belə imkanlarla müharibə Ermənistan üçün əsil fəlakət olacaq. Cəmi 1-2 ay ərzində müharibə davam etsə, Ermənistan iqtisadiyyatı bunun öhdəsindən gələ bilməz və ermənilər, sadəcə, acından ölərlər.
Beləliklə, Azərbaycan Qafqazda ən güclü orduya malik olmaqla, öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə, problemin sülh yolu ilə həlli daha optimal olduğundan Bakı bu imkanlarından, hələ ki, istifadə etmir. Lakin hər şeyin bir sonu var. Əgər sülh danışıqları səmərəsiz başa çatarsa, Azərbaycan Ordusunun qüdrətini bütün dünya görəcək.

Digər xəbərlər