Bakıda "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyindən qəzetimizə verilən məlumata istinadən, nazirliyin dəvəti ilə BMT-nin Sivilizasiyalar Alyansının Katibliyinin rəhbəri Mark Şoyr 2010-cu ilin 13-16 mart tarixlərində Bakıda səfərdə olmuşdur.
Səfərin təşkil edilməsində əsas məqsəd "Bakı Prosesi" çərçivəsində 2011-ci ildə Bakıda "Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu"nun keçirilməsi ilə bağlı BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq imkanlarının müzakirə edilməsidir. Səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Siviilizasiyalar Alyansı Katibliyinin rəhbəri Mark Şoyr arasında görüş keçirilmişdir. Görüş zamanı Ə.Qarayev Azərbaycan dövlətinin dünyada gedən qlobal proseslər fonunda müxtəlif sivilizasiyalar arasında mədəniyyət vasitəsilə dialoq və əməkdaşlığın təşviq edilməsi və inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri barədə qonağa ətraflı məlumat verərək Avropa Şurası, YUNESKO, AŞ Şimal-Cənub Mərkəzi ilə uğurlu əməkdaşlığın qurulduğunu bildirmişdir. Bu prosesdə Azərbaycan tərəfi BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın qurulmasını və "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"nun təşkilində alyansı tərəfdaş kimi görmək istədiyini Mark Şoyrun diqqətinə çatdırmışdır. Mark Şoyr, öz növbəsində, bildirmişdir ki, Sivilizasiyalar Alyansı Azərbaycanın bu fəaliyyətini maraqla izləyir və Azərbaycan dövləti ilə mədəniyyətlərarası dialoqun təbliği sahəsində fəal əməkdaşlıq etməyə hazırdır. Görüş çərçivəsində, həmçinin, Ə.Qarayev cari ilin iyun ayında keçiriləcək "Bakı-dialoq şəhəri" mərasimi və onun çərçivəsində Dünya Forumuna hazırlıq məqsədilə 10 Avropa,10 islam dövlətinin nazirləri olmaqla işçi qrupun iclası barədə qonağa məlumat vermiş, həm bu tədbirdə həm də may ayında Parisdə keçiriləcək Dünya Forumu işçi qrupunun 2-ci iclasında iştirak etməyə dəvət etmişdir. Səfər çərçivəsində Mark Şoyrun digər dövlət qurumlarında da görüşlər keçirəcəyi nəzərdə tutulur.