YUNİSEF-lə Ombudsman Aparatı əməkdaşlığı genişləndirir
Dünən Ombudsman Aparatında YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevardla bağlı görüş keçirildi. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova görüşün məqsədini açıqlayaraq, bildirdi ki, cari ildə ombudsmanın YUNİSEF-in Azərbaycan nümayəndəliyi ilə uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi üzrə əməkdaşlığının perspektivlərini müəyyənləşdirməkdir.
M.Herevard E.Süleymanovanı yenidən ombudsman seçilməsi münasibətilə təbrik etdi, ona insan hüquqları, o cümlədən, uşaq hüquqları sahəsində gələcək fəaliyyətində də uğurlar arzuladı. O, ombudsman təsisatının və müvəkkilin regional mərkəzlərinin uşaq hüquqları sahəsində bilik və bacarıqlarının, fəaliyyət imkanlarının daha da inkişaf etdirilməsinə, habelə, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" BMT Konvensiyasının ölkəmizdə tətbiqi üzrə monitorinqə kömək göstərməyə hazır olduğunu bildirdi. E.Süleymanova qonağa əlilliyi olan insanların, o cümlədən, əlil uşaqların hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq müvəkkil tərəfindən mühüm tədbirlər görüldüyünü, müvafiq dövlət orqanlarına təkliflər verildiyini bildirdi. O, ölkəmizdə uğurla tətbiq olunan, uşaq hüquqlarının müdafiəsi üzrə tədbirlərin keçirilməsinin də nəzərdə tutulduğu İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqi ilə bağlı cari ildə də müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti, QHT-lərlə, icmalarla müzakirələr aparacağını, regionlara səfərlər edəcəyini və əhali ilə görüşlər keçirəcəyini söylədi.
E.Süleymanova hər hansı bir fəaliyyət zamanı monitorinq və qiymətləndirmə məsələlərinin əsas vəzifələrdən olduğunu, daha sonra müvafiq məruzənin hazırlanmasının zəruriliyini vurğuladı. Fikir mübadiləsi şəraitində keçən görüşdə milli müstəqil uşaq müdafiə mexanizminin gücləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların vəziyyətinin öyrənilməsi, bununla bağlı birgə təkliflərin hazırlanması məsələlərinə də toxunuldu. Görüşün sonunda E.Süleymanova və M.Herevard 2010-cu ildə ombudsman təsisatı ilə YUNİSEF-in uşaq hüquqları üzrə birgə fəaliyyətinə dair iş planını imzaladılar. İş planında Ombudsman Mərkəzi Aparatı və regional ofisləri əməkdaşlarının uşaq hüquqları sahəsində keçirdiyi monitorinqlər üzrə bilgilərinin artırılmasına, müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış məruzəsinin tərcüməsinə, habelə, uşaq hüquqları üzrə illik məruzənin hazırlanmasına, QHT-lərin iştirakı ilə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" BMT Konvensiyasının ölkəmizdə həyata keçirilməsinin monitorinqinə, uşaq hüquqları üzrə maarifləndirmə tədbirlərinin, treninq-seminarların təşkilinə, uşaq hüquqlarının təbliği üçün hüquqi nəşrlərin, plakatların hazırlanmasına dəstək göstərilməsi və s. nəzərdə tutulurdu.
Görüşdə YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyi rəhbərinin müavini Rəşid Mustafa iştirak etdi.