Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların müsbət nəticə verməyəcəyi halda, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün başqa yola əl ata bilər. Bu yol antiterror əməliyyatlarının keçirilməsi ilə bağlıdır. Azərbaycanın diplomatik uğurları sonucunda çətin duruma düşən Ermənistanın siyasi-diplomatik fiaskosu göz önündədir. Bu səbəbdən, Yerevanda və ermənilərin havadarları olan ölkələrdə əl-ayağa düşüblər. ABŞ və İsveçrədə yalançı erməni soyqırımının tanınması ilə bağlı cəhdlər də bu ölkənin Türkiyə ilə sərhədlərini açmaqla, Ermənistanı düşdüyü durumdan çıxarmağa hesablanıb.
Yervand Bozoyan: "Danışıqlar prosesində Azərbaycan tərəf üstünlüyü ələ alıb"
Cari il Ermənistan üçün təkcə iqtisadi tənəzzülün sürətlənməsi ilə xarakterizə olunmayacaq, həm də bu ölkəyə beynəlxalq təzyiqlərin güclənməsi ilə yadda qalacaq. Erməni ekspert Yervand Bozoyan bunun səbəbləri sırasında Türkiyə ilə imzalanmış Sürix protokollarını və Dağlıq Qarabağ münaqişəsini göstərir.
Onun sözlərinə görə, Sürix protokollarının Türkiyə parlamenti tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərdən sonra təsdiqlənə biləcəyinin şərt kimi ortaya qoyulması Ermənistanı çətin duruma salıb. Danışıqlar prosesində Azərbaycan tərəfinin üstünlüyü ələ aldığını vurğulayan erməni ekspert cari ildə də rəsmi Bakının Ermənistana diplomatik, iqtisadi və digər sahələr üzrə tətbiq etdiyi pressinqin daha da güclənəcəyini qeyd edib.
Yeri gəlmişkən, ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinində "erməni soyqırımı"nın qəbul edilməsindən sonra Türkiyə-Ermənistan protokollarının imzalanması tamamilə gündəmdən çıxıb.
Vardan Oskanyan: "Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması Qarabağ münaqişəsinin həll olunmasından asılıdır"
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dalana dirənən danışıqlara ümidlər azalıb". SİA-nın məlumatına görə, bu sözləri Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan "Project Syndicate" saytına müsahibəsində söyləyib.
O bildirib ki, bu dolaşıq üçtərəfli mübahisə ehtiyatla çözülməsə, çoxsaylı problemlər yarada bilər. Onun sözlərinə görə Türkiyə Ermənistanla yaxınlaşma üçün Yerevanın Azərbaycanın xeyirinə güzəştə getməsini şərt kimi irəli sürüb: "Türkiyə artıq 20 ilə yaxındır ki, Azərbaycanı dəstəklədiyini bəyan edir. Bu ölkə NATO-nun üzvü kimi münaqişənin daha bir tərəfinə çevrilib.
Ermənilər və azərbaycanlılar arasında istənilən hərbi alovlanma onu münaqişəyə cəlb edə bilər. Rusiyanın da Ermənistanla ikitərəfli müqavilələlər, eləcə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində münaqişəyə qarışması mümkündür".
Vardan Oskanyan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi bölgədəki problemlərdən ən ciddisidir və Azərbaycandakı istənilən münaqişə enerji təhlükəsizliyi baxımından, Avropaya da toxuna bilər. Münaqişədən, eləcə də, qonşu və regionda marağı olan İran zərər çəkə bilər.
Rusiyalı ekspert: "İlham Əliyev iqtidarı qarşısına ciddi bir məqsəd qoyub, hətta bu məqsədə nail olmaq üçün risk edə bilər"
"Ermənistan və Azərbaycan arasında müharibənin yenidən başlanma təhlükəsi realdır". SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın hərbi eksperti Pavel Felgenhauer "Azadlıq" radiosuna verdiyi açıqlamasında bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, biz müharibə şəraitində yaşayırıq: "Müharibə hələ bitməyib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında danışıqlar əfsuslar olsun, hələlik, heç bir nəticə vermir. Bunun da yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Ermənistan tərəfi danışıqlar prosesində vaxt uzatmaq taktikasını tətbiq edir".
Azərbaycan rəhbəri dəfələrlə bəyan edib ki, bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyimizdən dönməyəcəyik.
Bu gün Cənubi Qafqazda ciddi müharibə təhlükəsinin mövcud olduğunu bildirən rusiyalı ekspert hesab edir ki, daha öncə rəsmi Bakı və Yerevan vəziyyətin gərginləşməsini arzulamırdı: "Bu gün Azərbaycan Prezidenti İlham Əliyev durumu dəyişdirib. İlham Əliyev iqtidarı qarşısına ciddi bir məqsəd qoyub, hatta bu məqsədə nail olmaq üçün risk edə bilər. Azərbaycan əlverişli bir mövqeyə malik olmasa belə, müharibə təhlükəsi realdır".
Pavel Felgenhauer əlavə edib ki, "artıq Dağlıq Qarabağ münaqişəsini dondurulmuş müharibə saymaq doğru deyil, situasiya dondurulmuş durumdan çıxıb və hər şey baş verə bilər".
Qoran Lenmarker: "Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil"
"Mən əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin bu il nizamlanacağının mümkünlüyü ilə bağlı nikbin əhval-ruhiyyədəyəm. Razılaşdırılmış preambula yaxşı çıxış nöqtəsidir. Gözləntilərim belədir ki, Bakı və Yerevanın irəliləmək və məsələnin uzunmüddətli sülh yolu ilə həllinə nail olmaq üçün siyasi iradəsi var"- bunu ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker "Trend News"-ə eksklüziv müsahibəsinə bildirib.
"Zənnimcə, həm Azərbaycanda, həm də Ermənistanda başa düşüblər ki, ilk növbədə, söhbət insan əzablarından gedəndə, həll olunmamış münaqişələr ağır nəticələnir"- Lenmarker deyib.
"Dağlıq Qarabağ münaqişəsi zamanı 4 mindən çox azərbaycanlı itkin düşüb, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün olub. Həmin insanların hüquqlarını bərpa etmək üçün ATƏT-in Minsk Qrupu çərçivəsində hansı mexanizmdən istifadə etmək olardı" sualına cavab olaraq ATƏT rəsmisi bildirib ki, Cənubi Qafqaz kifayət qədər qurban və dağıntılar görüb.
"İndi Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün cəsarət göstərməyin vaxtı çatıb. Bu, asan deyil, lakin alternativ addım olduqca baha başa gəlir. Bu münaqişə dondurulmayıb, hər ay təmas xəttində adamlar həlak olur və bu cür davam edə bilməz"- ATƏT rəsmisi qeyd edib.
Erməni politoloq: "Ermənistana qarşı siyasi təzyiqlər daha da artacaq"
"Rəsmi Ankara tərəfindən protokolların ratifikasiyasını Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel olaraq aparması Ermənistan üçün ağır olacaq. Bu prosesdə Ermənistana qarşı siyasi təzyiqlər artacaq". SİA-nın "News.am"a istinadən verdiyi məlumata görə, bu barədə erməni ekspert Yervand Bozoyan bildirib.
Bu məsələdə Ermənistan ona qarşı təzyiqlərə davam gətirməsə, durumun digər bir ölkənin xeyirinə dəyişəcəyinə toxunan Bozayan bildirir ki, siyasi güclər Ermənistanı qorumalıdır: "Əgər Ermənistan Milli Konqresi 2009-cu ildə olduğu kimi, eyni mövqeyi 2010-ci ildə təkrarlasa, nəticlər faciə ilə bitəcək, Ermənistan 1920-ci ildəki duruma düşəcək".
Erməni tərəfinin Dağlıq Qarbağ münaqişəsinin həllində güzəştə getməyəcəyi halda, Türkiyə Ermənistanın dövlət maraqları daxilində olan protokolların ratifikasiyasını təmin etməyəcək: "Belə olan halda, regiondakı durum "futbol diplomatiyası"nın nəticlərinə bənzəməyəcək. Ermənistan qonşu ölkələrlə danışıqlara yenidən başlamalı olacaq".
Ermənistan İrs Partiyası: "İqtidar öz xalqına qarşı vergi terroru həyata keçirir"
Bu arada işğalçı ölkədə sosial-iqtisadi durum da son dərəcə gərginləşib. "Ermənistan iqtidarı, öz xalqına qarşı vergi terroru həyata keçirir və xalqın son qəpiklərini də əlindən alır". SİA-nın "News.am"-a istinadən verdiyi məlumata görə, bu fikirləri Ermənistan İrs Partiyasının lideri, millət vəkili Armen Martirosyan 23 fevralda parlamentin iclasında səsləndirib.
Bir çox mütəxəssisin təbii qaz qiymətlərində artımlarının əsassız olduğunu bildirən millət vəkili hesab edir ki, Ermənistan iqtidarının yaramaz siyasəti nəticəsində, ölkə vətəndaşları digər ölkələrdəki yüksək maaşla, gəlirlə çalışanlardan daha çox qaz pulu ödəyirlər: "Təbii qazın vahid qiyməti artımı ölkənin digər sahələrinə də təsir edəcək, bunu Ermənistan hakimiyyəti anlamalıdır".
Martirosyan əlavə edib ki, hazırda erməni xalqı saxtalaşdırılmış seçki ilə hakimiyyətə gələn iqtidarın əzablarına dözmək məcburiyyətində qalıb və bu iqtidar nə qədər hakimiyyətdədir, xalqa qarşı iqtisadi terror bir o qədər davam edəcək.
Beləliklə, qlobal iqtisadi böhranın nəticəsi olaraq, iqtisadi zəifliyi çılpaqlığı ilə üzə çıxan Ermənistanda əhalinin yaşayış səviyyəsi getdikcə aşağı düşür. Yüksək maaşın olmadığı ölkəyə xaricdən pul köçürmələri də azalıb. Əhalinin istiifadəsində olan pul kütləsinin getdikcə azalmasına baxmayaraq, istehlak mallarının qiymətləri artmaqda davam edir.
Ermənistanda istehlak mallarının qiymətləri bu il yanvar-fevral aylarında, keçən ilin eyni dövrü ilə müqayisədə 8,2% artıb. SİA-nın "News.am"a istinadən verdiyi məlumata görə, bu haqda Ermənistan Statistika Komitəsi açıqlama verib. Qiymət artımları bütün mal növlərində və ödənişli xidmətlərdə müşahidə edilib.
Komitənin məlumatına görə, qida məhsulları 5,1%, geyim malları 10%, ödənişli xidmətlər 10,4% bahalaşıb. Bahalaşma balıq və balıq məhsullarında özünü daha kəskin göstərib. Belə ki, ət və ət məhsullarının qiyməti 8,8%, balıq və balıq məhsullarının qiyməti isə 60,3% artıb. Şəkər tozunun qiymət artımı isə 34,8%-lə ifadə edilir.
Qiymət artımı yumurta və spirtli içkilərdə istisna təşkil edib.Yumurta və spirtli içkilərin qiymətlərində, müvafiq olaraq, 12,3 və 0,1% eniş olub.
Beləliklə, güclü iqtisadi və sosial böhran yaşanan işğalçı ölkədə daxili etirazlar da artır. Münaqişənin həlli ilə bağlı danışıqlarda çətin duruma düşən Yerevan, üstəlik, Azərbaycanın səbrinin tükəndiyindən əndişələnir. Qorxmağa ciddi əsaslar var. Azərbaycan hazırda Ermənistandan həm hərbi, həm iqtisadi, həm də digər sahələrdə 4-5 dəfə güclüdür ki, bu problemin sülh yolu ilə həlli baş tutmadıqda, öz sözünü deyəcək.