Azərbaycan ordusu torpaqlarımızı azad etməyə qadirdir
Azərbaycan Respublikasının Ali Soveti hələ 1991-ci il oktyabr ayının 9-da "Azərbaycan Silahlı Qüvvələri haqqında" qanun qəbul etdi. Ordu quruculuğunun hüquqi bazasının yaradılması sahəsində ilk addımlar atıldı. Lakin buna baxmayaraq müvafiq sahədə elə də ciddi əməli tədbirlər həyata keçirilmədi.
Bildiyimiz kimi, 1993-cü ilin əvvəllərində ölkədə hökm sürən anarxiya, özbaşınalıq, siyasi hərc-mərclik nəticəsində dövlətimizin gələcəyi ciddi təhlükə altında qalmışdı. Yaranmış vəziyyətdən məharətlə istifadə edən xarici düşmənlərimiz ölkə daxilindəki satqınların əli ilə vəziyyəti daha da gərginləşdirməyə, əgər belə demək mümkündürsə, dövlətimizi diz çökdürməyə çalışırdılar. Bu vəziyyət 1993-cü ilin ortalarına qədər davam etdi. Dilemma qarşısında qalan xalq ya müstəqilliyi əldən verməli, ya da cəmiyyətin sağlam qüvvələri hesabına özündə güc tapıb son və qəti sözünü deməli idi. Beləliklə, xalqın təkidi ilə Naxçıvandan Bakıya qayıdan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Milli Məclisinin Sədri vəzifəsinə seçildi. Bununla da, ölkənin iqtisadi-siyasi tərəqqisində, respublika əhalisinin maddi rifahının yaxşılaşdırılmasında əsaslı dönüş yarandı. 1993-cü il noyabr ayının 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalqa tarixi müraciətindən sonra ordu quruculuğu sahəsində tamamilə yeni bir mərhələnin başlanğıcı qoyuldu. Bu tarixi müraciətdə deyilirdi: " Hamı bir mərkəzdə - Müdafiə Nazirliyində, ordumuzda cəmlənməlidir. Kim orduda qulluq etmək istəyirsə, gəlib qulluq etsin". Heydər Əliyevin 1993-cü il noyabr ayının 4-də Əfqanıstan müharibəsi iştirakçılarının könüllü cəbhəyə yollanmaq istəyən bir qrupu ilə, noyabrın 7-də isə hərbi hissələrdən birinin təlim mərkəzində şəxsi heyətlə görüşləri orduda mənəvi əhval-ruhiyyənin, o cümlədən, gənclərdə hərbi vətənpərvərlik hisslərinin güclənməsinə böyük təsir göstərdi. Azərbaycan Respublikasının qanunvericilik orqanı olan Milli Məclisin 18 noyabr 1993-cü il tarixli iclasında müdafiə və təhlükəsizlik məsələləri müzakirə edildi. Kadr probleminin aradan qaldırılması məqsədi ilə MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin vətənə qayıtmasına xüsusi diqqət və qayğı göstərildi.
Ordu quruculuğu sahəsində aparılan işlərin sistemləşdirilməsi, mərkəzləşdirilməsi, o cümlədən, Silahlı Qüvvələrimizin vahid komandanlıq prinsipi əsasında fəaliyyət göstərməsi qısa müddətdə öz səmərəsini verdi. 1993-cü il dekabrın 10-da Beyləqan istiqamətində hücuma keçən düşmən ilk dəfə olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə və birləşmələrinin güclü müqavimətinə rast gəldi. Qoşunlarımız Beyləqan istiqamətində 40 kilometr irəliləyərək düşmənin hərbi qruplaşmalarını darmadağın etdi. Həmin günlərdə Heydər Əliyevin ön cəbhəyə tez-tez getməsi, döyüşən Azərbaycan əsgərləri ilə birgə səngərdə olması, əməliyyatlarda fərqlənənləri yerindəcə mükafatlandırması ordunun şəxsi heyəti arasında böyük ruh yüksəkliyi yaratdı. Bu gün inamla deyə bilərik ki, məhz Heydər Əliyevin peşəkarlığı sahəsində Azərbaycan ordusu yüksək döyüş qabiliyyətinə malik, düşmən təcavüzünün qarşısını ala biləcək, torpaqlarımızın müdafiəsini təmin edəcək bir quruma çevrilmişdir. Qısa müddətdə Azərbaycanda ordu quruculuğunun qanunvericilik bazası yaradıldı. Milli Məclis tərəfindən "Silahlı Qüvvələr haqqında", "Hərbi Xidmət haqqında", "Müdafiə haqqında", "Hərbi Qulluqçuların Statusu haqqında" və digər mühüm qanunlar qəbul edildi.
1990-cı illərin ortalarında orduda başlamış islahatlar, ordunun hazırlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkar kadrların hazırlanması, təhsil məsələsinə göstərilən diqqət və s. bütün bunlar Azərbaycan ordusunu qısa müddətdə regionun ən güclü silahlı qurumuna çevirdi.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu planlı surətdə davam etdirilir. Qoşunların döyüşə və səfərbərliyə hazırlığı, döyüş və mənəvi-psixoloji durumunun yüksəldilməsi, idarəetmə orqanlarının hazırlanması, peşəkar kadrların formalaşdırılması və yerləşdirilməsi, maddi-texniki təminatı və s.bütün bunların hamısı müvafiq direktiv sənədlər əsasında gerçəkləşdirilir. Silahlı Qüvvələrin bütün növlərində, hərbi hissə və birləşmələrində komanda-qərargah təlimləri və real döyüş şəraitinə yaxınlaşdırılmış səhra təlimləri sistemli şəkildə həyata keçirilir, qoşunların döyüşə və səfərbərliyə hazırlığı daim yüksək səviyyədə saxlanılır. Bu məqsədlə əsas komanda-qərargah vəzifələrinə ali hərbi təhsilli, peşəkar, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsinə malik zabitlərin təyin edilməsinə xüsusi önəm verilir.
Silahlı qüvvələrin təhsil ocaqları müasir standartlara uyğunlaşdırılıb. Yeni proqramla hazırlanmış məzunların buraxılışı ordu quruculuğu işinin daha da keyfiyyətlə həyata keçirilməsi üçün böyük imkanlar yaratmışdır. Təsadüfi deyil ki bu gün ali hərbi məktəblərimizdə xarici dövlətlərin nümayəndələri də təhsil alırlar
Ümumiyyətlə, Silahlı Qüvvələrimizin quruculuğu məsələsi dövlət tərəfindən prioritet elan olunmuşdur. Təkcə onu demək kifayətdir ki, əgər 2003-cü ildə Azərbaycanda hərbi xərclər 135 milyon dollar ayrılırdısa, 2007-ci ildə bu məbləğ bir milyard dollara çatıb. Bu isə orduya aid xərclərin dörd ildə təxminən 8 dəfə artması deməkdir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yeri tutur.
Azərbaycan ordusunun əldə etdiyi uğurlardan danışarkən, ilk növbədə, beynəlxalq əlaqələrə xüsusi önəm vermək lazımdır. Məsələ burasındadır ki, tarix üçün o qədər də böyük əhəmiyyət kəsb etməyən qısa zaman kəsiyində Azərbaycan ordusu bütün sahələrdə, ələlxüsus, beynəlxalq əlaqələr sahəsində nəzərəçarpacaq uğurlara imza atmış, ümidləri doğrultmuşdur. Təsadüfi deyil ki, hələ 2007-ci ilin sentyabr ayında Bakıda olan NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons çıxışı zamanı bildirmişdir ki, Azərbaycan NATO ilə əməkdaşlıq sahəsində üzərinə götürdüyü bütün öhdəlikləri tam yerinə yetirir. Azərbaycan Respublikası ilə NATO arasında əməkdaşlıq hər iki tərəfin ali rəhbərliyi səviyyəsində uğurla davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə NATO-nun mənzil-qərargahında olmuş, NATO-nun Baş Katibi, onun müavinləri, NATO-nun Avropadakı qüvvələrinin Ali Baş Komandanı, Tərəfdaşlığın Koordinasiyası Üzrə Qrupunun direktoru, NATO-nun Cənub-Şərqi Avropadakı Birləşmiş Qüvvələrinin komandanı və digər yüksək vəzifəli nümayəndələri müxtəlif zamanlarda Azərbaycana gəlmiş, faydalı məsləhətləşmələr aparmışlar.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun "Sülh Haminə Tərəfdaşlıq" Proqramı çərçivəsində keçirilən bütün tədbirlərdə fəal iştirak edirlər. Azərbaycanın bu proqram çərçivəsindəki fəaliyyəti NATO dövlətləri və digər tərəfdaş ölkələrin Silahlı Qüvvələri ilə hərbi- siyasi və hərbi-texniki sahədə beynəlxalq əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə imkan yaratmışdır. Bu gün zabitlərimiz NATO-nun mənzil-qərargahında və müxtəlif komandanlıqlarında müvəffəqiyyətlə xidmət edirlər. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə ölkəmizin bir sıra dövlətlərdə hərbi attaşelikləri, Avstriyada və NATO-dakı missiyamızda isə hərbi nümayəndəlikləri təsis edilmişdir. Azərbaycan hökumətinin NATO ilə Hərbi Əməkdaşlıq Proqramı çərçivəsində qəbul etdiyi öhdəliklərlə bağlı tədbirlərin davamı olaraq birləşmə və hərbi hissələrin təşkilat-ştat strukturu NATO standartlarına uyğunlaşdırılmışdır.
Ümumiyyətlə, ordu quruculuğu sahəsində aparılan islahatlar görülən işlər bizə gələcəyə ümidlə baxmağa əsas verir. Bu gün inamla deyə bilərik ki Silahlı Qüvvələrimiz qarşıya qoyulan bütün tapşırıqları yerinə yetinməyə ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır.