PDF Oxu

Əsas

  • 9

"Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması"

"Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması"
Dünən Təhsil Nazirliyində yeni layihənin həyata keçirilməsi ilə bağlı növbəti tədbir keçirildi. Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF arasında "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimini təhsil naziri Misir Mərdanov açdı.
M.Mərdanov bildirdi ki, "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində hazırlanıb. Nazir onu da söylədi ki, Dövlət Proqramı icra olunmağa başlayanda Azərbaycanda 55 dövlət uşaq müəssisəsi var idi: "Onlardan 50-si Təhsil Nazirliyi, 3-ü Səhiyyə Nazirliyi, 2-si isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı müəssisələrdir. Son 2 il ərzində bu müəssisələrdən 9-u transformasiya olunaraq ümumtəhsil məktəblərinə çevrilib. Hazırda TN-in tabeliyində 41, ƏƏSMN-in tabeliyində 2, SN-in tabeliyində isə 3 müəssisə var. Bu müəssisələrdə 10054 nəfər tərbiyə alır. Onlardan 3960 uşaq burada gecələyir, 6094 nəfər isə yalnız təhsil alır".
M.Mərdanovun sözlərinə görə, memorandumun əsas mahiyyəti aidiyyatı qurumlar tərəfindən Dövlət Proqramının daha səmərəli icrasını həyata keçirməkdir.
Tədbirdə çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard isə vurğuladı ki, memorandumun imzalanması uşaqların müdafiəsi sahəsində atılmış çox önəmli addımdır. Uşaqların müdafiəsi üçün dövlət, qeyri-dövlət və beynəlxalq təşkilatların birgə əməkdaşlığı tələb olunur.
ƏƏSM naziri Füzuli Ələkbərov rəhbərlik etdiyi qurumun tabeliyindəki internat məktəblərində ağır fiziki qüsurlu uşaqlar saxlanıldığını bildirdi: "Nazirlik ötən il 66 uşağın bu müəssisələrə daxil olmasının qarşısını alıb, 22 uşaq isə tam sağlam olduğu üçün öz bioloji ailələrinə verilib. Əsas problemlərdən biri bu uşaqların mənsub olduğu ailələrin kasıb olmasıdır. Ona görə də dövlət həmin ailələrə yardım etməlidir. Təəssüf ki, belə uşaqlar çox yaşamır. Buna görə də Heydər Əliyev Fondunun dəstəyi ilə bu uşaqların məskunlaşdığı 3 nömrəli internat tam təmir olunub, 7 nömrəli internatda isə təmir işləri gedir".
Tədbirin sonunda anlaşma memorandumunu təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, AQUPDK sədri Hicran Hüseynova və UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard imzaladılar.

Digər xəbərlər