PDF Oxu

Əsas

  • 24

ABŞ dövləti üçün əbədi müttəfiq yoxdur

ABŞ dövləti üçün əbədi müttəfiq yoxdur

Türk dünyasının beynəlxalq aləmdə artan nüfuzu əksər ölkələri ciddi narahat edir. Ona görə də, bu və ya digər formadan türkdilli xalqlara, xüsusilə də, Türkiyə və Azərbaycana qarşı qərəzli siyasət xətti tuturlar. Bəzən bu siyasəti əlaltıları olan dövlətlər vasitəsilə həyata keçirməyə çalışırlar. Belə əlaltı rolunda çıxış edən dövlətlərdən biri də Ermənistandır.
Bu üzdəniraq dövlət 1915-ci ildə baş vermiş olayı özünün faciəsi kimi qələmə verərək, himayədar kimi baxdıqları dövlətlərdən bu məsələdə onlara dəstək vermələrini xahiş edirlər. Təbii ki, Türkiyəyə qarşı qərəzli mövqedə dayanan bəzi dövlətlər də ermənilərin iddialarına seyrçi qalmırlar. Bəzən parlamentlərində qondarma erməni soyqırımını müzakirə edərək, Yerevanın istəyinə uyğun qərarın qəbul edilməsini həyata keçirilər. Halbuki 1915-ci ildə baş verən olayı siyasətçilər deyil, tarixçilər araşıdırıb, müvafiq qərar verməlidirlər. Ancaq Türkiyə hökumətinin tarixçilərdən ibarət komissiyanın yaradılmasını və 1915-ci il hadisələrinin birgə araşdırılmasını Ermənistana təklif etsə də, Yerevan bu təklifi qəbul etmək istəməyib. Daha doğrusu, Türkiyəyə təzyiq göstərilməsində maraqlı olan dövlətlər Ermənistanı müstəqil qərar verməkdən çəkindirirlər. Belə maraqlı dövlətlərdən biri də ABŞ-dır. Bu dövlətin 27 ştatı hər il aprelin 24-nü "erməni soyqırımı" kimi qeyd edir. Martın 4-də isə, ABŞ Konqresinin Beynəlxalq Əlaqələr Komitəsi qondarma erməni soyqırımının tanınması ilə bağlı qərar qəbul etdilər. Təbii ki, ABŞ hökuməti Konqresin Beynəlxalq Əlaqələr Komitəsinin düşünülməmiş qərarına görə, əziyyət çəkməli olacaq. Söhbət etdiyimiz siyasi partiya yetkililərinin dediyinə görə, qərar Türkiyə-ABŞ münasibətlərinin pozulmasına gətirib çıxaracaq.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov:
- Birinci növbədə, erməni lobbisinin və erməni diasporasının fəaliyyətini düzgün şəkildə qiymətləndirməliyik. Əslində, erməni lobbisinin ABŞ-ın hakim dairələrinə təsir edəcək şəkildə elə bir gücü yoxdur. ABŞ Konqresi Beynəlxalq Əlaqələr Komitəsi tərəfindən qəbul edilən qərar Türkiyə-ABŞ münasibətlərinə istilik gətirəcək məsələ deyil. Bu məsələ hər iki ölkənin münasibətlərinə mənfi təsir göstərəcək. Digər tərəfdən, "erməni soyqırımı" məsələsi ilə siyasətçilər yox, tarixçilər məşğul olmalıdır. Bu tarixçilərin məşğul olacağı bir məsələdir. Əgər bu siyasi müstəviyə keçirsə və soyqırımı törədən Osmanlı imperiyası olubsa, məsələni qabardan dövlətlər Osmanlı dövlətinin həmin dövrdəki ərazilərini qəbul etməlidir. Yəni, hansı ərazilərə Osmanlı dövləti sahib olduğu gündəmə gətirilməlidir. Elə məsələyə də bu kontekstdən yanaşılmalıdır.
Onu da qeyd edim ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti ictimaiyyət arasında qənaətbəxş şəkildə qiymətləndirilmir. Artıq 15 ildən çoxdur ki, bu qurum fəaliyyət göstərir, ancaq onların real atdığı addımlar yoxdur. Həmin qurumun həmsədrlərindən biri olan ABŞ-ın regiona münasibəti bu tərzdədirsə, deməli, Dağlıq Qarabağ probleminin həllinə müsbət şəkildə yanaşılması bəzən şübhə doğurur. Bununla belə, diplomatik danşıqlarımızı davam etdirməli, təbliğatımızı qurmalı, arqumentlərimizi ortaya qoymalıyıq. Minsk Qrupuna üzv olan dövlətlərin bu məsələyə münasibətində Azərbaycan milli maraqları ilə yanaşı, eyni zamanda, dünyəvi prinsiplər ortaya qoyulmalıdır. Bu prinsiplərdən çıxış edərək, Azərbaycanın haqq səsi dünya ölkələrinə və beynəlxalq təşkilatlara çatdırılmalıdır.

BAXCP-nin sədr müavini, politoloq Elçin Mirzəbəyli:
- ABŞ prezidenti Barak Obamanın son dövrlərdə islam dünyası ilə bağlı yürütdüyü siyasət göz qabağındadır. Dünya ictimaiyyəti B.Obama hakimiyyətə gəldikdən sonra ABŞ-la islam dünyası arasındakı münasibətlərin normallaşacağını gözləyirdi. Amma göründüyü kimi, bu ümidlər də boşa çıxdı. Onu da nəzərə almaq lazımdır ki, istər ABŞ Konqresində, istərsə də, administrasiyasında təmsil olunan insanlar fərdi şəkildə öz siyasətlərində hər hansı bir formada korrektələr edə bilər. Lakin qlobal məsələlər sırf ABŞ-ın ümumi dövlət maraqlarından irəli gələn məsələlərdir. ABŞ-da bütün bu məsələlərin sırf demokratik prosedur çərçivəsində həyata keçirilməsi qondarma erməni soyqırımı ilə bağlı Konqresin Xarici Ələqələr Komitəsində qəbul olunan qərar zamanı özünü büruzə verdi. Bütün prosedur qaydaları pozuldu. Səsvermə bilərəkdən uzadıldı. Səs çoxluğu əldə etmək üçün bir nəfərin zala daxil olmasını uzun müddət gözlədilər. Bu da onu bir daha əyani olaraq, sübuta yetirir ki, bilavasitə Ağ Evlə Konqres arasında razılaşdırılmış və Türkiyəyə qarşı təzyiq xarakteri daşıyan bir addımdır. Hesab edirəm ki, bu hadisənin baş verməsinin müsbət çalarları oldu. Müsbət çalarları ondan ibarət oldu ki, Türkiyə və dünya ictimaiyyəti, eyni zamanda, islam dünyası bir daha ABŞ-ın gerçək simasını gördü. Anladı ki, bu dövlət üçün əbədi müttəfiq yoxdur. ABŞ yalnız öz maraqlarından çıxış edir. Bu məsələnin bir ovuc erməninin, bütövlükdə, ABŞ siyasətinə təsiri kimi qələmə vermək yanlış olardı. Çünki ermənilər nə qədər ABŞ-da müəyyən imkanlara malik olsalar da, lobbiçilikdə daha aktiv fəaliyyət göstərsələr də, diaspor təşkilatlanmış şəkildə olsa da, 250 milyonluq ABŞ dövləti üçün 1 milyon erməninin böyük nüfuzunun olmasını söyləmək sadəlövhlük olardı. Bu baxımdan, atılan addımlar ABŞ-ın maraqlarından irəli gəlir. Bu, Türkiyəni regionda asılı vəziyyətdə, daimi nəzarətdə saxlamaqdan, ABŞ-ın maraqları naminə istiqamətləndirməkdən ibarətdir. Hesab edirəm ki, Türkiyə tərəfindən də sərt addımlar atılmalıdır. Təkcə səfirin geri çağırılmasını böyük etiraz kimi qəbul etmək olmaz. Digər addımların atılmasına, xüsusilə, ingilis bazasının ləğv olunmasına, İraqdan, Əfqanıstandan Türkiyə qoşunlarının çıxarılmasına ehtiyac var. ABŞ-ın hər hansı işğalçılıq siyasətini dəstəkləməyə ehtiyac yoxdur. Adıçəkilən dövlət İraqda da, Əfqanıstanda da sırf işğalçılıq siyasəti həyata keçirir.Dağlıq Qarabağ münaqişəsinə gəldikdə ATƏT-in Minsk Qrupunun üzvü olan hər üç dövlət ermənipərəst mövqedən çıxış edir. Burada tək ABŞ-ı hallandırmaq düzgün olmazdı. Bildiyiniz kimi, Rusiya Ermənistanla hərbi blokdadır, bu ölkənin Ermənistanda hərbi bazaları yerləşir. Digər tərəfdən, Fransa Ermənistanla qarşılıqlı hərbi yardım haqqında saziş imzalayıb və sıx əlaqədədir. Eyni faktları ABŞ-a da aid etmək olar. Nəzərinizə çatdırım ki, Rusiya da, Fransa da qondarma erməni soyqırımını tanıyan dövlətlərdir. Bu baxımdan, faktların özü artıq hər üç həmsədrin bu prosesdə bitərəf dövlət kimi çıxış etməsini istisna edir. Hər üç dövlət, faktiki olaraq, ermənipərəst mövqedən çıxış edir.

Digər xəbərlər