PDF Oxu

Əsas

  • 12

Milli Məclisin növbəti iclası keçirildi

Milli Məclisin növbəti iclası keçirildi
Dünən Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadın deputatları, parlament aparatının qadın əməkdaşlarını və Milli Məclisə akkreditə olunmuş qadın jurnalistləri təbrik etdi.
Sonra cari məsələlərə baxıldı. Deputatlar ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində "qondarma erməni soyqırımı" ilə bağlı qəbul olunmuş qərara münasibət bildirmiş, bu qərarın ədalətsiz olduğunu vurğulamışlar. Qeyd olundu ki, bu qərar regionda baş verən hadisələrə və Türkiyənin regiondakı sülhməramlı roluna açıq zərbədir. Milli Məclisin sədri Oqtay Əsədov qaldırılan məsələlərə münasibət bildirdi.
Sonra gündəlikdəki qanun layihələri müzakirə olundu. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında" qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, ölkəmizdə ombudsman institutu tam formalaşmışdır. Təqdim olunan namizədlərin hər biri insan hüquqları sahəsində müəyyən iş təcrübəsinə malik savadlı, bacarıqlı insanlardır. Sonra səsvermə keçirildi və Elmira Süleymanova 106 səs lehinə olmaqla, yenidən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) seçildi.
Sonra parlament Azərbaycan və Fransa hökumətləri arasında diplomatik pasportlara malik olan vətəndaşların qısamüddətli viza rejimindən qarşılıqlı azad olunması və mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şərtləri barədə sazişləri təsdiqlədi. Avropa Birliyinin yeni üzvləri Bolqarıstanın və Rumıniyanın statusuna dair, Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli sazişə dəyişikliklər və əlavələr edilməsi ilə bağlı protokolları, "Beynəlxalq Dəniz Təşkilatı haqqında" Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə" qanun layihələrinə də münasibət bildirildi.
Həmçinin, "Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında" Beynəlxalq Konvensiyaya qoşulmaq barədə məsələlərə də münasibət bildirildi. Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov diqqətə çatdırdı ki, 49 ölkə bu Konvensiyaya qoşulmuşdur və dünya tonnajının 80 faizi məhz bu dövlətlər vasitəsilə həyata keçirilir. Azərbaycanın bu Konvensiyaya qoşulması onun beynəlxalq ticarət dövriyyəsinin artmasına, eləcə də, əlaqələrinin inkişafına müsbət təsir göstərəcəkdir.
"Gömrük orqanlarında xidmət haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında", "Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunlara, eləcə də, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi"nə və Meşə Məcəlləsinə əlavələr və dəyişikliklər olundu.
Axşam iclasında 2009-cu il martın 18-də keçirilmiş referendum nəticəsində qəbul edilən "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" referendum aktının tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanun layihəsinə baxılmışdır. İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev bildirmişdir ki, təklif edilən əlavələr və dəyişikliklər, əsasən, texniki xarakter daşıyır. 34 qanunda "milli bank" sözləri "mərkəzi bank" sözləri ilə əvəz edilir.
Deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.
İclasda "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanun layihəsinə də baxılmışdır. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, hazırda mütəşəkkil cinayətkarlıq, o cümlədən, pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məsələləri dünyanın bütün dövlətlərini narahat edir. Azərbaycan da qabaqcıl ölkələrdən biri kimi bu problemin həllində ən təkmil dünya standartlarının tətbiq edilməsi yolunu tutmuşdur. Milli Məclis Azərbaycanın beynəlxalq əməkdaşlığını daha da gücləndirmək üçün adıçəkilən Qanunun qəbul etmişdir. 2009-cu il ərzində Azərbaycan dövləti tərəfindən bu sahədə görülmüş işlər müvafiq beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirildi. Qanun layihəsinin qəbulu ölkəmizin bu sahədə həyata keçirdiyi islahatlara və mübarizəyə töhfə verəcək və Azərbaycanın beynəlxalq təsisatlar qarşısındakı imicini daha da gücləndirəcəkdir.
Qanun layihəsi səs çoxluğu ilə qəbul olundu.
Eyni zamanda, "Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə" qanun layihəsi də ikinci oxunuşda müzakirə olundu. Komitə sədri Əli Hüseynov qeyd etdi ki, birinci oxunuşda müzakirələr zamanı deputatlar qanun layihəsinin konseptual əhəmiyyəti olduğunu vurğulamış, bir sıra təkliflər irəli sürdülər. Qanun layihəsi fəsillər üzrə ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Daha sonra parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Respublikası Milli Məclisinin ABŞ Konqresinə müraciətin mətnini oxudu. Deputatlar bu sənədə müsbət münasibət bildirdilər və müraciət 108 səs lehinə olmaqla təsdiq edildi .
İş gününün sonunda deputat Qənirə Paşayeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı Fransa Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilməsi və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Milli Məclisin deputatları adından təbrik etdi, Ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar arzuladı.
Mehriban Əliyeva təbriklərə və xoş sözlərə görə minnətdarlıq etdi, bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi.

Digər xəbərlər