PDF Oxu

Əsas

  • 17

“Azərbaycan qadınlarının cəmiyyətdə rolu"

“Azərbaycan qadınlarının cəmiyyətdə rolu"
"Səs" qəzeti, ənənəvi olaraq, Azərbaycanın ictimai, siyasi, mədəni həyatında baş verən əhəmiyyətli hadisələrlə bağlı hökumət, dövlət nümayəndələrinin, Milli Məclis üzvlərinin, ziyalıların iştirakı ilə dəyirmi masalar təşkil edir. Dünən belə tədbirlərin davamı olaraq növbəti dəyirmi masa 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Azərbaycan qadınlarının cəmiyyətdə rolu" mövzusunda keçirildi.
(Əvvəli ötən sayımızda)

Dəyirmi masada YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Cəmilə Ramazanova, "Demokratik Qadın Dünyası" İctimai Birliyininin sədri Vəsilə Kərimova və qurumun sədr müavini Ruhiyyə Kəlbiyeva, Dövlət Miqrasiya Xidməti Kadrlar və Kadr Hazırlığı idarə rəisinin müavini Vəfa Əsədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Səbail rayon icra hakimiyyəti başçısı aparatı təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Pərvanə Kazımzadə, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, YAP Qadınlar Şurası sədr müavini, YAP Nərimanov rayon qadınlar şurasının sədri Məhəbbət İbrahimova, YAP Binəqədi rayon qadınlar şurasının sədri Məlahət İbrahimova və "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, BQP-nin Sabunçu rayonunun Bakıxanov qəsəbə təşkilatının sədri Ulduzə Məmmədova iştirak edirdilər.

AZƏRBAYCAN QADINININ 90 FAİZƏ QƏDƏRİ ALİ TƏHSİLLİDİR

Tənzilə Rüstəmxanlı:
- Azərbaycan qadını dünyanın ən ülvi qadınıdır. Onun dəyərləri heç bir dünya qadını ilə müqayisəyə gəlməz. Təəssüflər olsun ki, qadınlarımızla bağlı müəyyən səhv fikirləri formalaşdırmağa çalışırlar. Bu yaxınlarda Türkiyənin kanallarından birində Azərbaycan qadınları ilə bağlı yanlış məlumatların verilməsi məni çox hiddətləndirdi. Azərbaycanlı qadınlarla həmin kanalda bir veriliş yayımlandı və təqdim edildi ki, bizim xanımları təhsil almağa, sərbəst şəkildə yaşamağa qoymurlar və məcburi olaraq onlar yığışıb Türkiyəyə gəlmişlər. Bu, Azərbaycan qadınlarının dili ilə verilirdi. Çox qəribədir ki, Azərbaycan qadını onunla ailədə kölə kimi rəftar olunduğunu bildirirdi. Görün, Azərbaycan qadını necə təqdim olunur. Bu, ictimaiyyət arasında Azərbaycan qadını ilə bağlı yanlış təsəvvür oyadır. Türkiyədə olarkən həmin kanalın rəhbəri ilə görüşdüm və ona bildirdim ki, bizi məcbur etməyin ki, Azərbaycan qadını olaraq, yığışıb sizə nota göndərək. Azərbaycan qadınının 90 faizə qədəri ali təhsillidir. Mən istərdim ki, mətbuatda bu mövzu ətrafında araşdırmalar aparılsın, məqalələr dərc edilsin. Xanımlarımızın siması öz ölçüsündə görünsün.

İŞGÜZARLIQ, YÜKSƏK DAXİLİ MƏDƏNİYYƏT, MİLLİ-MƏNƏVİ SƏRVƏTLƏRƏ SƏDAQƏT MÜASİR AZƏRBAYCAN QADINININ MÖVQEYİNİ VƏ SİMASINI MÜƏYYƏN EDİR

Mahirə Əmirhüseynova:
- Biz özümüz də xanımlarımızın təqdimatına çalışmalıyıq. Onlara xas olan mənəvi xüsusiyyətlər işgüzarlıq, yüksək daxili mədəniyyət, əsrlər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərə sədaqət müasir Azərbaycan qadınının mövqeyini və simasını müəyyən edən amillərdir. Bir faktı nəzərinizə çatdırmaq istərdim. Mən, bir neçə il bundan əvvəl, İsraildə keçirilən konfransda iştirak edirdim. Bilirsiniz, onların bizim haqqımızda olan təsəvvürləri tamamilə fərli idi. Mən bunu hiss etdim. Konfransdan sonra İsraildə Azərbaycan günləri təşkil etdim. Xocalı soyqırımı haqqında onları məlumatlandırdım. Erməni vəhşilərinin törətdikləri amansızlıqlarla bağlı onlara faktları təqdim etdim. Onlara elə məlumat çatdırılmışdı ki, guya biz ermənilərə qarşı soyqırımı etmişik. Dünyada yayımlanan yanlış məlumatlar Azərbaycan haqqında mənfi fikirlərin formalaşmasına səbəb olmuşdur. Azərbaycan günlərindən sonra iştirakçılarda ölkəmiz ətrafında bütün baxışlar dəyişdi. Biz hər birimiz öz işlərimizlə Azərbaycan həqiqətlərini bəyan etməliyik. Həmin vaxt Heydər Əliyev Fondunu təmsil edən nümayəndələr İsrailin Xarici İşlər Nazirliyində idilər və onlar belə tədbir keçirildiyindən xəbər tutmuşdular. Sonra bizimlə görüşüb təşəkkürlərini də bildirdilər. Bu, onların böyüklüyü, alicənablığı idi. Hansı ölkədə olmağımızdan asılı olmayaraq, biz öhdəmizə düşən işə məsuliyyətlə yanaşmalıyıq. Dünya miqyasında Mehriban Əliyeva və Leyla Əliyevanın gördüyü işlərə biz öz tərəfimizdən dəstək olmalıyıq. Bu gün Azərbaycan qadınları fəaldırlar və biz gözləməliyik ki, hansısa bir təklifi alaq yaxud, bizə tapşırılan layihəni icra edək. Yox, özümüz də təşəbbüskar olmalıyıq. Bu gün biz insan alveri ilə bağlı bir sıra bölgələrdə maarifləndirmə işləri aparırıq. İnsan alveri ilə mübarizə idarəsi ilə birgə əməkdaşlıq edirik. Azərbaycan xanımı Xocalı soyqırımı ilə bağlı "Qız qalası" sərgi salonunda mütəmadi sərgilər təşkil edirik. Xocalı ilə bağlı 250-də artıq şəkillərin sərgisini orta məktəblərdə də təşkil edirik ki, məktəblilər bu həqiqətlərlə tanış olsunlar. Azərbaycan qadınına mənəvi dayaq olmalı, onun huququnun keşiyində durmalıyıq.

DÖVLƏT TƏRƏFİNDƏN GƏLƏCƏK NƏSİLLƏRİN MİLLİ-MƏDƏNİ İRSƏ, ADƏT-ƏNƏNƏLƏRİMİZƏ HÖRMƏT RUHUNDA TƏRBİYƏSİ YÖNÜMÜNDƏ İŞLƏR GÖRÜLÜB

Pərvanə Kazımzadə:
- Səbail rayonunda davamlı olaraq tədbirlər keçirilir. Hər bir tədbirdə imkansız ailələrlə, tək yaşayan xanımlarımızla görüşlər keçirilir. Onlara imkan daxilində qayğı göstərilir. Amma onu da etiraf edək ki, bu və digər işlərin reallaşmasında dövlət tərəfindən görülən işlərlə yanaşı, ictimai qurumlar da fəal olmalıdırlar.
Bildiyimiz kimi, ötən il Prezident İlham Əliyev cənabları tərəfindən respublikada "Uşaq ili" elan olundu. 2009-cu ildə dövlət tərəfindən gələcək nəsillərin milli-mədəni irsə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsi yönümündə bir sıra işlər görüldü. Onlar qayğı ilə əhatə olundu və xanımlarımızın sağlam ruhda övlad böyütməsinə müsbət təsirini göstərdi. Yetişən nəsil bütün qüvvəsini Azərbaycanın işıqlı gələcəyinə sərf edəcək, ölkəmizin daha da çiçəklənməsi prosesinə qoşulacaqlar.

DÜNYA İCTİMAİYYƏTİNƏ MEHRİBAN ƏLİYEVA KİMİ AZƏRBAYCAN QADINININ OBRAZI MƏLUMDUR

Mehriban Zeynalova:
- Tarixdə Azərbaycan qadını müxtəlif obrazlarda təqdim olunub. Döyüşkən, mübariz, qəhrəman, siyasətçi, rəssam, yazıçı və s. Son zamanlar Azərbaycan qadını ilə bağlı müəyyən fikirlər oyatmağa çalışsalar da, artıq bu, qeyri-müşküldür. Dünya ictimaiyyətinə Mehriban Əliyeva kimi Azərbaycan qadınının obrazı məlumdur. Bütün bu aparılın siyasət qloballaşan dünyanın siyasətidir. Bunun arxasında milli-mənəvi dəyərlərin arxa plana çəkilməsi dayanır. Mən demək istərdim ki, bir sıra mədəniyyətlər Azərbaycana nüfuz edir. Coğrafi ərazisinə, diqqət mərkəzində olmasına görə və bir sıra məsələlərə görə bu proses gedir. Azərbaycan qadını tankın qarşısına çıxdı. Məgər yabançı ənənələrə qarşı çıxa bilmir? Biz bunu, nədənsə, normal qəbul etməyə çalışırıq. Azərbaycan qadını müasir həyatımızda ailəsindən kənarlaşıb, ayrı yaşamağa üstünlük verir. Bəzi hallarda biz qanun pozuntusu ilə qadın zorakılığı arasında fərqi belə müəyyən etməyə çətinlik çəkirik. Azərbaycanda bir sıra ictimai təşkilatlar var ki, onlar beynəlxalq aləmə Azərbaycanda ölüm hallarının olduğunu, qadına qarşı zorakılıq törədildiyini bəyan edirlər. "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyi olaraq, milli dəyərlərə üstünlük verir, ailə münaqişəsi zamanı ailələrin dağılmamasına çalışırıq. Ailə daxilində təhlükə yoxdursa, problemlərin həllinə çalışırıq ki, uşaqlar valideyin himayəsində böyüyüb, tərbiyə alsınlar. Nə qədər cəsur, ağıllı siyasətçi qadın olsa da müəyyən qədər problemlər var. Qadınların və ya digər problemlərin həllində iş görməliyik və bütün məsələlərin həllini Mehriban Əliyevadan gözləməməliyik. Bu, özü də zorakılığın bir növüdür.
Biz cəmiyyətdə qadın həmrəyliyinə nail olmalıyıq. Bu vacib məsələlərdən biridir.

QADIN ÖVLADINI CƏMİYYƏTƏ YARARLI BÖYÜDÜR, AİLƏNİN TƏMƏLİNİ QORUYUB SAXLAYIR, BİR ŞƏXSİYYƏT OLARAQ POTENSİALINI ORTAYA QOYUR

Ruhiyyə Kəlbiyeva:
- Bizim xanımların, xüsusilə də, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünyada gördüyü işlər bizim üçün örnəkdir. Məndən əvvəl çıxış edənlər Azərbaycan qadının şəxsiyyəti, gördüyü işlərlə bağlı dəyərli məlumatlar verib, mühakimələr irəli sürdülər. Qadın övladlarını tərbiyəli, cəmiyyət üçün yararlı böyüdür, ailənin təməlini qoruyub saxlayır, eləcə də, aktiv bir sima olaraq potensialını ortaya qoyur. Milli-mənəvi dəyərləri ailədə qoruyub saxlamaq lazımdır. Ailənin təməlinin möhkəm olması üçün kökündə dayanan müsbət keyfiyyətlər təbliğ edilməlidir.

Taliyə İbrahimova:
- Bizim komitə tərəfindən "Azərbaycan ailəsi" mövzusunda qısametrajlı filmlər müsabiqəsi keçirilir. Belə bir müsabiqənin keçirilməsi artıq ənənə halını almışdır. Məqsəd Azərbaycan ailəsin təqdim etmək, ona məxsus olan keyfiyyətləri göstərməkdir. Filmlərin insan düşüncəsinə təsiri müstəsnadır. Azərbaycan ailəsi necə olmalıdır anlayışını cəmiyyətdə təbliğ etməliyik.

BU GÜN AZƏRBAYCANIN OFTALMOLOQ ALİMİ ZƏRİFƏ XANIM ƏLİYEVANIN HƏYATI, FƏALİYYƏTİ NÜMUNƏDİR

Sədaqət Vəliyeva:
- Hamımıza dinamik inkişaf edən Azərbaycanın irimiqyaslı layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə bəllidir. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Azərbaycan qadını milli məfkurəyə sadiq qalaraq, bu gün də müstəqil Azərbaycanın güclənməsi naminə töhfələr verir. Seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və müasir iqtisadiyyatımızın qurulmasında peşəkarlıq və fədakarlıq nümayiş etdirir. Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram nəticəsində müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını gerçəkləşdirə bilmişlər. Bunun üçün ölkəmizdə əlverişli şərait var. Qadınlarımız bir sıra sahələrdə, vətəndaş cəmiyyəti quruculuğunda intellektual potensialını əsirgəmir.
Biz Azərbaycan qadınlarının rastlaşdığımız müəyyən problemlərinin həllinə çalışırıq. Bütün qadınları həmrəyləiyə səsləyirəm. Birləşib qadın problemlərinin həlli istiqamətində əhəmiyyətli işlərə imza atmalıyıq. Kişi evin dirəyidirsə, qadın onun çırağıdır. Gəlin bu çırağı sönməyə qoymayaq. Ailənin inkişafı və onun üzvlərinin şəxsiyyət kimi cəmiyyətdə rol oynamasında qadın əməyini qeyd etməliyik. Bu gün bizə örnək ola biləcək Azərbaycanın oftalmoloq alimi Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti nümunədir. Azərbaycan qadınları, başda Mehriban xanım Əliyeva olmaqla, hər şeyə qadirdir. Ölkənin inkişafındakı uğurların əldə olunmasında böyük potensiala malik olan qadınların da əməyi müstəsnadır. Amma unutmamalıyıq ki, hüququnu lazımi səviyyədə bilməyən və intellektual səviyyəsi tələbatlara cavab verməyən xanımlara əl tutmalıyıq. Yanlış addım atan, səhv yolda olan qadınlarımıza arxa durub, onları düzgün istiqamətləndirməliyik.

Vəsilə Kərimova:
- Mən təşkilatın rəhbəri kimi deyərdim ki, müasir həyatımızda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolu müstəsnadır. Azərbaycan qadınına qarşı onun münasibəti və diqqəti xanımlarımızın fəaliyyətinə bir stimul verir. Xocalı faciəsi ilə bağlı Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası bir daha dünya miqyasında Azərbaycan qadınını xidmətlərini təzahür etdirir. Azərbaycan qadının dəyanəti, məslək uğrundakı mübarizəsi, özünü məhz bu cür əməllərdə göstərir. Qadın bəşəriyyətin qoruyucusudur. O, bütövlükdə, cəmiyyətdə fəaldır və dövlətin prinsiplərinə əməl olunmasında, deyərdim ki, aparıcı qüvvədir.

Təranə İsmayılova:
- Azərbaycan qadını nə qədər savadlı, nə qədər geniş dünyagörüşünə malik olsa, bir o qədər də, cəmiyyətimizin sağlamlaşmasına xidmət etmiş olar. Savadlı şəxs xoşagəlməz tendensiyalara tuş olmur, hətta zorakılığa qarşı mübarizədə güclüdür. Həm də, o, bütün şəraitlərdə qadın gözəlliyini təcəssüm etdirməlidir. Erkən nikahın qarşısının alınması, ailələrin dağılmasına qarşı çıxmaq qadın gücü ilə bağlıdır. Bütün bunların qarşısının alınmasında kütləvi maarifləndirmə də əhəmiyyətlidir. Azərbaycan qadını dünyaya öz simasında tanıdılmalıdır.

Digər xəbərlər