Niderland ölkəmizlə əməkdaşlıqa böyük maraq göstərir
Prezident İlham Əliyev martın 3-də Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazirin müavini Ed Kroninburqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazirin müavini Ed Kroninburq ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Bu gün Niderlandın ölkəmizdə səfirliyinin açılmasına toxunan Ed Kroninburq bunu ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi əhəmiyyətin ifadəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı ölkəmizin Niderland ilə münasibətləri inkişaf etdirməyə böyük əhəmiyyət verdiyini vurğuladı. Azərbaycanın Niderlandda səfirliyinin artıq üç ildir fəaliyyət göstərdiyini bildirən Prezident İlham Əliyev bunun ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdirilməsi işində önəmini qeyd etdi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.