2009-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda aktivlik müşahidə olundu. Təkcə prezidentlər səviyyəsində 6 görüş keçirildi. Danışıqların intensivləşməsi isə problemin tezliklə həllinə ümidləri artırdı. Qazaxıstanın ATƏT-ə sədr seçilməsi də bu məsələnin ədalətli həllinə bizi ümidləndirdi. Bütün bunlara baxmayaraq, bu il müharibə ehtimalı ilə bağlı fikirlər daha tez-tez səslənir. Ermənistan tərəfinin son davranışlarından sonra, ekspertlər hesab edir ki, artıq danışıqların limiti qurtarıb.
"Dünyanın müxtəlif yerlərində baş vermiş hadisələr, onu göstərir ki, güc amili həlledici rol oynayır"
Bir neçə gün öncə, Qəbələyə səfəri zamanı rayon ictimaiyyəti qarşısındakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi bəyanatlar Ermənistanda təşviş yaradıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycan öz səylərini davam etdirəcəkdir. "Biz çalışırıq və çalışmalıyıq, ölkəmizi hərtərəfli inkişaf etdirək, gücləndirək ki, danışıqlarda, ümumiyyətlə, Ermənistanla qarşıdurmada mövqelərimiz daha da güclənsin. Beynəlxalq müstəvidə buna nail ola bilmişik.
Beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq təşkilatlar məsələnin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll olunmasını təsdiqləyir. Bunu təsdiqləyən çoxsaylı beynəlxalq sənədlər vardır. Ancaq əfsuslar olsun ki, bütün bu səylərə baxmayaraq, məsələ öz həllini tapmır. Çünki qarşı tərəf - Ermənistan tərəfi məsələni uzatmaq istəyir.
Status-kvo vəziyyətini saxlamaq istəyir və yaranmış vəziyyəti qanuniləşdirmək istəyir. Biz buna heç vaxt imkan verə bilmərik. Öz siyasi və diplomatik səylərimizi istənilən müstəvidə, istənilən formada davam etdirəcəyik. Həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli münasibətlərdə bu məsələ daim gündəlikdədir".
Məsələ ilə məşğul olan həmsədr ölkələrin rəhbərləri ilə də çoxsaylı görüşlərinin olduğunu deyən Prezident deyib ki, bu görüşlər əsnasında Azərbaycanın haqlı mövqeyi daim vurğulanıbdır. "Artıq bütün dünya bilir ki, Azərbaycan torpaqları işğal olunub, işğalçı dövlət işğal edilmiş torpaqlardan çıxmaq istəmir və məsələni uzatmaq istəyir. Biz isə buna heç cür imkan verə bilmərik.
Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, biz istəmirik ki, müharibə yenidən başlasın. Ancaq eyni zamanda, özümüzü gücləndiririk, ölkəmizin hərbi-iqtisadi potensialını gücləndiririk və hər an torpaqlarımızı istənilən yolla düşməndən azad etmək üçün hazır olmalıyıq. Bunu etmək üçün, bir daha demək istəyirəm ki, Azərbaycan güclü olmalıdır. Bugünkü dünyanın müxtəlif yerlərində baş vermiş hadisələr onu göstərir ki, güc amili həlledici rol oynayır".
"BMT-nin 4 qətnaməsi icra edilmirsə, onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar"
Azərbaycan başçısının sözlərinə görə, beynəlxalq hüquq normaları, əlbəttə ki, böyük əhəmiyyət daşıyır. "Azərbaycan müstəqil, suveren ölkə kimi istəyir ki, bütün məsələlər qanun çərçivəsində, dünyada qəbul edilmiş normalar əsasında həll olunsun. Əgər bu beynəlxalq qanun normaları pozulursa, onda demək olar ki, dünya birliyinin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini tənzimləyən mexanizmlər işləmir. Əgər dünyanın ən böyük, ən mötəbər təşkilatı - BMT-nin Təhlükəsizlik Şurasının, bu da BMT-nin ən vacib orqanıdır,- Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi icra edilmirsə, onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar.
BMT-nin Təhlükəsizlik Şurasının dünyanın aparıcı ölkələri olan 5 daimi üzvü vardır. Onlardan üçü Minsk Qrupunun həmsədridir. Təhlükəsizlik Şurasının qətnamələri, eyni zamanda, əlbəttə ki, bütün BMT üçün əsas olmalıdır. Ancaq bu qətnamələrin qəbul edilməsində daimi üzvlər aparıcı rol oynayır. Daimi üzvlər istənilən qərara veto qoya bilərlər, yəni bu qərar onların qərarıdır. Nə üçün təxminən 20 il keçəndən sonra bu qərarlar icra olunmur?! Nə üçün işğalçı dövlətə ciddi xəbərdarlıq edilmir?! Nə üçün onlar təcrid olunmur?!
Axı onlar bütün beynəlxalq normaları pozublar, müharibə cinayətləri törədiblər. Xocalı soyqırımını törədiblər. Yüzlərlə günahsız Azərbaycan vətəndaşı həlak olub, vəhşicəsinə öldürülüb. Amma buna heç kim məsuliyyət daşımır. Müharibə cinayətkarları dünyanı sərbəst gəzirlər, onlar üçün şərait yaradılır, onlar müxtəlif paytaxtlarda qəbul edilir.
Onlar müharibə cinayətkarlarıdır. Biz görürük ki, bəzi başqa yerlərdə müharibə zamanı törədilmiş cinayətlərə görə quldurlar, cinayətkarlar beynəlxalq məhkəmələrə cəlb olunur, onlar ədalət qarşısında cavab verirlər. Amma erməni quldurlarının, sanki bir immuniteti vardır. Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Bu vəziyyət dözülməzdir.
Biz bilirik ki, dünyada erməni lobbisinin imkanları, o cümlədən, maliyyə imkanları vardır. Onlar müxtəlif ölkələrdə bəzi riyakar və rüşvətxor siyasətçiləri də ələ alıblar. Onlara pul verməklə, müxtəlif imtiyazlar yaratmaqla və o insanlardan istifadə edib öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Biz isə, istəyirik ki, məsələ ədalətli, beynəlxalq hüquq əsasında həll olunsun. Bizim heç bir başqa ölkəyə ərazi iddiamız yoxdur. Halbuki bugünkü Ermənistan əzəli Azərbaycan torpağında yaradılmışdır.
Buna baxmayaraq, bizim heç kimə qarşı ərazi iddiamız yoxdur. Biz istəyirik ki, bizim torpaqlarımız, qanuni torpaqlarımız, əzəli torpaqlarımız beynəlxalq birlik tərəfindən Azərbaycan torpaqları kimi tanınan torpaqlarımız qayıtsın".
"Ermənilər bizim torpaqları sülh yolu ilə deyil, müharibə yolu ilə, başqa ölkələrin dəstəyi ilə işğal ediblər"
Prezident məsələnin sülh yolu ilə həlli imkanlarına da toxunub: "Bir tərəfdən bizə deyilir ki, məsələ sülh yolu ilə həll olunsun. Biz də bunun tərəfdarıyıq. Amma heç kim unutmamalıdır ki, ermənilər o torpaqları sülh yolu ilə zəbt etməyiblər. Bizim torpaqlarımız müharibə yolu ilə, başqa ölkələrin dəstəyi ilə işğal olunubdur. Baxmayaraq ki, o hadisələrdən artıq 20 ilə yaxın vaxt keçir, bunu heç kim unutmamalıdır.
Azərbaycan vətəndaşları, gənclər, gənc nəsil bunu daim yadda saxlamalıdır. Yəni, ermənilər bunu zor gücü ilə ediblərsə, bizə nə üçün daim tövsiyə edilir ki, sülh yolu ilə həll olunsun. Mən bir daha demək istəyirəm ki, heç kim müharibə istəmir. Kim istəyər ki, indi müharibə olsun. Ancaq biz bu dözülməz vəziyyətlə nə qədər barışmalıyıq?! Nə qədər dünya ictimaiyyəti və bu məsələ ilə məşğul olan tərəflər belə təmkinli mövqedə olacaqlar?!
Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Ondan sonra sülh və əməkdaşlıq yarana bilər. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır və tapacaqdır. Sadəcə olaraq, biz istəyirik ki, bu, tezliklə olsun və ermənilər öz xoşu ilə işğal edilmiş torpaqlardan çıxsın. Bunu etmək üçün bir daha demək istəyirəm ki, biz güclü olmalıyıq".
İlham Əliyev vurğulayıb ki, hərbi quruculuq, ordu quruculuğu daha da sürətlə getməlidir. "Çox işlər görülüb, amma hələ də çox işlər görülməlidir. Bu məqsədlə bizim bütün proqramlarımız icra edilir. Dünyada gedən proseslər onu göstərir ki, kim güclüdürsə, o da haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir və biz bu real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Hamı istəyər ki, qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət olsun. Ancaq biz bunu görmürük. Biz bu münaqişənin timsalında görürük ki, ədalətsizlik 20 ilə yaxındır davam edir və nə qədər də davam edəcək. Ona görə güclü olmaq üçün biz bütün imkanlarımızı səfərbər etməliyik.
İqtisadi inkişafımızı daha da gücləndirməliyik. Baxmayaraq ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. 2009-cu ilin yekunlarına görə dünya miqyasında bütün ölkələr arasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Biz iqtisadi imkanlarımızı daha da gücləndirməliyik. Görülən bütün işlər bu məqsədi güdür".
Azərbaycan prezidentinin mətbuat katibi: "Serj Sarkisyana başqasının torpağını işğal etməyi harada öyrədiblər?"
Dünən Azərbaycan prezidentinin mətbuat katibi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlamasına münasibət bildirib. SİA-nın məlumatına görə, "Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərbi güc tətbiq edə biləcəyinə dair bəyanatlarına etiraz əlaməti olaraq, ispaniyalı həmkarı Migel Anhel Moratinosla keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi açıqlamasını necə qiymətləndirirsiniz?" sualına cavabında bildirib ki, Azərbaycan tərəfinin belə nəticələrə nəyə əsaslanaraq gəldiyini, bunun harada öyrədildiyini anlamıram: "Əminəm ki, Moskva Dövlət Beynəlxaq Münasibətlər İnstitutunda belə şey öyrədilmir."
Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun açıqlamasında bildirib ki, bəs görəsən, Serj Sarkisyana başqasının torpağını işğal etməyi, dinc sakinləri doğma torpaqlarından qovmağı harada öyrədiblər? Tornaçı peşəsini öyrəndiyi texniki-peşə məktəbindəmi? Əminəm ki, orada belə şeylər öyrətmirlər.
Aydın Mirzəzadə: "Sülh, yaxud hərbi yolun seçilməsindən asılı olmayaraq məqsəd birdir, torpaqlarımızın azad edilməsi"
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanın hansı yolu, sülh, yaxud hərbi yolu seçməsindən asılı olmayaraq məqsədi birdir. Millət vəkili qeyd edib ki, Azərbaycan hal- hazırda hər iki istiqamət üzrə fəaliyyətini davam etdirir: "Hansı yolla olur-olsun, bizim yeganə məqsədimiz odur ki, Ermənistanın işğal etdiyi torpaqlarımızı azad edək. Təəssüf edirəm ki, 20 ilə yaxın danışıqların aparılmasına baxmayaraq, konkret nəticə yoxdur.
Bununla belə danışıqları davam etdiririk. Ermənistan isə müxtəlif vasitələrlə danışıqlardan yayınır, qeyri-konstruktivlik nümayiş etdirir. Ermənistan hal-hazırda bütün dünya tərəfindən qeyri-ciddi ölkə hesab olunur. Ermənistandan fərqli olaraq, Azərbaycan sürətlə inkişaf edir və bu inkişaf ordumuzda da özünü göstərir. Danışıqlar nəticə verməzsə, təbii ki, torpaqlarımızı hərbi yolla azad etməliyik".
Problemin bu il həlli perspektivinə gəlincə, millət vəkili hesab edir ki, bu məsələdə vaxt məhdudiyyəti qoymaq düzgün deyil. Keçən il həm Azərbaycanın, həm də dünya ictimaiyyətinin problemə daha çox diqqət ayırdığını deyən A.Mirzəzadə bildirib ki, danışıqlarda konkret nəticə olmamasına baxmayaraq, 2009-cu ili qənaətbəxş hesab etmək olar: "2009-cu ildə görüşlər çoxaldı, təkliflər artdı və nəticədə müəyyən irəliləyişə nail olduq. Ümid edirəm ki, bu il problemin həlli istiqamətində konkret nəticə əldə olunacaq".
İranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliklə bağlı təkliflərinə münasibət bildirən millət vəkili vurğulayıb ki, problemin həllində vasitəçilərin olmasına baxmayaraq, istənilən təklifləri qiymətləndirmək olar: "Vasitəçilər mütəmadi olaraq öz təklifləri ilə çıxış edirlər. Əlavə olaraq, təkliflərin səsləndirilməsi də hesab edirəm ki, problemə olan diqqətdən irəli gəlir. Əsas olan odur ki, bu təkliflər prosesin müsbət istiqamətdə inkişafına təsir etsin və vasitəçi olmaq istəyənlər təkliflərində kifayət qədər səmimi olsunlar."
Millət vəkili: "ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin məntiqsiz addımları Azərbaycanı müharibəyə təhrik edir"
Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasında çox böyük səbr, iradə, təmkin nümayiş etdirir. Amma dövlət başçısının özünün dediyi kimi, "Bizim səbr kasamız hədsiz deyil, dolub-daşa bilər". Azərbaycanın sülh niyyətinə öz torpaqlarını BMT-nin qəbul etdiyi qətnamələr çərçivəsində qaytarılması istiqamətindəki səyləri hələ də Ermənistanın qeyri- konstruktiv mövqeyi nəticəsində reallaşmır. Bu sözləri "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov SİA-ya verdiyi açıqlamasında deyib.
Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini deyən baş redaktor ölkənin güclü orduya malik olduğunu vurğulayıb: "Dəfələrlə Prezidentimiz iki məqamı qeyd edib. O bildirb ki, Azərbaycan nə indi, nə də yüz ildən sonra Dağlıq Qarabağın müstəqil dövlət olmasına imkan verməyəcək. Azərbaycan öz ərazi bütövlüyü, torpaqlarının azad edilməsi uğrunda inamla mübarizə aparacaq və haqq mübarizəsində qalib olacaq. İkinci məqama gəlincə, Prezident açıqlamasında bildirib ki, biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq. Lakin lazım gələrsə, digər variantlardan istifadə edə bilərik."
O söyləyib ki, ATƏT-in Minsk Qrupunun təkibində olan ölkələrin məntiqsiz addımları, Rusiyanın, ABŞ-ın Ermənistana yardımı, Fransanın bu ölkə ilə hərbi müqavilə bağlaması Azərbaycanı Dağlıq Qarabağ məsələsinin hərbi yolla həll etməsinə təhrik edir.
İldırım Məmmədov: "Azərbaycanın hərbi potensialının yüksələn xətt üzrə inkişaf etməsinə qonşu dövlətlər, xüsusən də, Ermənistan qısqanclıqla yanaşır"
"Hərbi baxımdan gücsüz olan Ermənistan Rusiyaya güvənərək, yazılan ssenari üzrə addım atır. Əgər Cənubi Qafqaz ölkələrinin hərbi vəziyyətinə nəzər salsaq Azərbaycan ordusunun malik olduğu potensiala heç bir dövlətdə rast gəlmək olmaz. Bu üstünlük hərbinin bütün sferalarında özünü açıq şəkildə büruzə verir". Bu sözləri hərbi ekspert İldırım Məmmədov SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, iqtisadi cəhətdən inkişaf edən Azərbaycanın hərbi gücü də artır və yeni silahların alınması, maddi-texniki bazanın möhkəmləndirməsi prosesləridə, mütəmadi olaraq, davam edir. Bu baxımdan, hərbi potensialın yüksələn xətt üzrə inkişaf etməsinə qonşu dövlətlər, xüsusən də, Ermənistan qısqanclıqla yanaşır.
Ekspert bildirib ki, hərbi baxımdan gücsüz olan Ermənistan Rusiyaya güvənərək, yazılan ssenari üzrə addım atır: "Əgər Ermənistandan Rusiyaya məxsus ordular çıxarılsa və hərbi sferada köməkliyini azaltsa, rəsmi Yerevan iqtisadi cəhətdən çökdüyü kimi, hərbi baxımından da tənəzzülə uğrayar. Bu dövlət hətta sərhədlərini qorumağı da rus əsgərlərinə həvalə edib".
İldırım Məmmədov deyib ki, Azərbaycanın Silahlı Qüvvələri, istər Daxili Qoşun, istər Quru Qoşun, istərsə də Sərhəd Qoşunları texniki baxımdan davamlı olaraq yüksək səviyyədə, müasir hərbi texnika, silahlarla təchiz olunur. Bu isə yaxın gələcəkdə Azərbycan ordusunun tək cənubi Qafqazda yox, regionda Türkiyə Silahlı Qüvvələrindən sonra ikinci yeri tutacağına dəlalət edir.
Son zamanlar Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən hərbi bəyanatların səsləndirilməsi və erməni ordusunun atəşkəsi pozması faktoruna toxunan ekspert bildirib ki, bütün bunlar Qarabağ danışıqlarında siyasi aspektdən uduzduğunu anlayan ermənilərin provokasiyaya hesablanan atdğı addımlardır: "Bu, Ermənistanın daxili problemlərinin təzahürüdür. Hər bir sferada geriləmədə olan erməni hakimiyyətinin nüməyəndələri xalqın fikrini dağıtmaq məqsədilə belə addımlar atırlar, atəşkəsi pozurlar. Dəfələrlə erməni əsgərləri bir-birini güllələyib. Lakin bunu Azərbaycan ordusunun üzərinə atıblar. Halbuki bu hadisələr erməni ordusunda baş verən hərc-mərclikdən xəbər verir".
Elmar Məmmədyarov: "Rusiyadan Ermənistana silah daşınsa, Azərbaycan Gürcüstan tərəfinə reaksiya verəcək"
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov martın 5-də Parisə səfər edəcək. XİN rəhbəri bu barədə İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosla görüşün nəticələrinə həsr olunan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, martın 5-də Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş planlaşdırılır.
E. Məmmədyarov Azərbaycan tərəfinin 2 il ərzində Madrid prinsipləri üzərində işlədiyini və ötən ilin dekabrında Afinada həmsədrlərə müvafiq sənədi təqdim etdiyini bildirib. "Əgər həmsədrlər Parisdə bizə yeni təkliflər təqdim etsə, Azərbaycan onları nəzərdən keçirməyə və müzakirə etməyə hazırdır. Münaqişənin həllində Azərbaycanın seçdiyi yol məlumdur", - deyə Elmar Məmmədyarov söyləyib.
Elmar Məmmədyarov, həmçinin, vaxtilə Gürcüstan ərazisi ilə Ermənistanda yerləşən Rusiya hərbi bazasına silah daşınması ehtimalından narahatlığını da ifadə edib: "Yuxarı Lars" iki gündür işləyir. Əgər bizdə Rusiyadan Ermənistana silah daşınması ilə bağlı hər hansı məlumat olsa, biz Gürcüstan tərəfi ilə danışıqlar aparmaqla fakta reaksiya verəcəyik."
Nəzərə almaq lazımdır ki, müharibənin arxasında güclü iqtisadiyyat dayanır. Ermənistanda isə iqtisasdiyyatdan danışmaq belə mümkün deyil. Xarici ekspertlərin fikrincə, müharibə başlasa, Ermənistan iqtisadiyyatı buna uzağı 1 ay davam gətirə bilər. İşğalçı ölkənin ordusunun iflic durumda olması da öz sözünü deyəcək. Qeyd edək ki, 2009-cu ildə Ermənistanda 14,4% iqtisadi geriləmə müşahidə olunub. İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə sənaye istehsalı 7,8%, elektirik enerjisi istehsalı 7,2%, kənd təsərrüfatı istehsalı 0,1%, inşaat sektorunun həcmi 36,4%, xarici ticarət dövriyyəsi 27% azalıb.
Nəzərə almaq lazımdır ki, bu, Ermənistan Statistika Komitəsinin rəsmi məlumatıdır, reallıqda isə Ermənistanın iqtisadi durumu daha acınacaqlıdır. Azərbaycan ordusunun gündən-günə güclənməsi fonunda işğalçı ölkənin hərbi böhran keçirməsi Yerevan üçün yaxşı perspektiv bəd etmir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan ordusu regionda ən güclü ordudur və bu ordu sülh danışıqlarının nəticə verməyəcəyi təqdir, öz sözünü deyəcək.