PDF Oxu

Əsas

  • 12

Ali məhkəmə 2009-cu ilin hesabatını verdi

Ali məhkəmə 2009-cu ilin hesabatını verdi
Dünən Ali Məhkəmənin 2009-cu ildə görülmüş işlərin yekunları ilə bağlı mətbuat konfransı keçirildi. Ali Məhkəmənin sədri Ramiz Rzayev ötən il Ali Məhkəmənin yeni inzibati binasının istifadəyə verildiyini və ölkə başçısının fərmanına uyğun olaraq burada informasiya texnologiyaları şöbəsi yaradıldığını, maddi-texniki bazanın möhkəmləndirildiyini bildirdi. Həmçinin, Ali Məhkəmənin dəftərxanasının elektronlaşdırıldığını, cəzaçəkmə müəssisələri ilə birbaşa videobağlantı sisteminin yaradıldığını qeyd etdi: "Azərbaycanda hüquq islahatlarının təməlini ulu öndər Heydər Əliyev qoyub və məhz onun təşəbbüsü ilə qanunun aliliyini, ədalət mühakiməsini həyata keçirərkən, əsas insan hüquq və azadlıqlarının müdafiəsini təmin etmək, hakimlərin müstəqilliyini gücləndirmək üçün üçpilləli yeni məhkəmə sistemi yaradıldı.
Qısa bir zamanda, beynəlxalq standartlara uyğun qanunvericilik bazası yaradıldı. Sonrakı illərdə bu islahatların məntiqi davamı kimi ölkə başçısı tərəfindən verilən fərmanlar məhkəmə-hüquq sisteminin inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu şəraitin yaradılması vətəndaşların ədalət mühakiməsini asanlaşdırmağa xidmət edir".
Ali Məhkəmənin sədri regionlarda da yeni inzibati binaların tikintisinə başlanılacağını söylədi. Ali Məhkəmədə baxılan işlərin keyfiyyətinin yaxşılaşdığını deyən R.Rzayevin sözlərinə görə, əvvəlki illərlə müqayisədə 2009-cu il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib. Həmçinin, məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, onların fəaliyyətində şəffaflığın təmin edilməsi, hakimlərin seçim prosedurunun yeni prinsiplər əsasında həyata keçirilməsi istiqamətində xeyli işlər görülüb. Belə ki, 80 namizəd uğurla bu sınaqdan keçib və Azərbaycanda vakant hakim yerlərinə namizədliyini irəli sürmüş və keçirilən imtahanlarda uğur qazanmış şəxslər hazırda kurs keçirlər və yaxın gələcəkdə hakim kimi fəaliyyətə başlayacaqlar. R.Rzayev bildirdi ki, ölkədə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinin öyrənilib tətbiq edilməsi istiqamətində də işlər görülüb: "Vətəndaşların bizim qərarlardan həmin məhkəməyə müraciət etmək hüququ var. Ona görə də, biz çalışırıq ki, vətəndaşlarımızın hüquqlarını öz ölkəmizdə qoruyaq ki, o səviyyəyə çıxmasın. Biz öz işlərimizi bu istiqamətdə qururuq. Hakimlər üçün seminarlar keçirilir, yerli məhkəmələrə öz tövsiyələrimizi veririk. Hakimlərin müstəqilliyinin inkişaf etdirilməsi istiqamətində də işlər görürük, şəffaflığa böyük diqqət yetiririk".
R.Rzayev 2009-cu ildə Ali Məhkənin kollegiya və plenumlarında 4862 işə baxıldığını bildirdi. Cinayət işləri üzrə məhkəmə kollegiyasında 759 nəfər haqqında 647 işə, hərbi məhkəmələrin işləri üzrə124 nəfər haqqında 99 işə, mülki işlər üzrə 3687 işə, iqtisadi mübahiəslərə dair işlər üzrə 406 işə, plenumda isə 23 işə baxılıb. Onun sözlərinə görə, respublikanın birinci instansiya ümumi və hərbi məhkəmələrində isə 14 min 14 cinayət işinə baxılıb və 14 min 496 nəfər müxtəlif cəzalara məhkum edilib, 21 nəfərə isə bəraət verilib. Ölkənin birinci instansiya məhkəmələri tərəfindən 2009-cu ildə məhkum edilənlərin sayı 2008-ci ilə nisbətən 1080 nəfər artıb. R. Rzayev 2008-ci ilə nisbətən 2009-cu ildə Ali Məhkəmədə baxılan işlərin 10 faiz artdığını bildirdi. Bəzi mətbuat orqanlarında Ali Məhkəmədə yoxlamaların aparılması barədə yanlış məlumatların yayıldığını deyən R.Rzayev bildirdi ki, məhkəməni heç kim yoxlaya bilməz. Məhkəmə sistemi müstəqil bir hakimiyyət qoludur.
Ali Məhkəmənin sədri onu da bildirdi ki, 2000-ci ilə qədər Azərbaycanda həbs-qətimkan tədbirinin seçilməsi prokurorluğun səlahiyyətində olub: "Amma həmin ildən bu səlahiyyət məhkəmələrə verilib. Bunun da əsas məqsədi insanların hüquqlarının daha yaxşı qorunması idi. Amma təəssüflə demək lazımdır ki, bu, belə olmadı". Onun sözlərinə görə, bununla bağlı Bakı şəhəri və Sumqayıtdakı vəziyyət öyrənilib və ortaya acınacaqlı faktlar çıxıb: "Bu məsələni Ali Məhkəmənin 2009-cu ilin noyabrında keçirilən plenumunda müzakirəyə çıxardıq. Təəssüflər olsun ki, hakimlər qətimkan tədbiri kimi həbsə üstünlük verirlər. Azərbaycanda girov qətimkan tədbiri tətbiq olunmur, başqa yerə getməmək, ev dustaqlığı qətimkan tədbirləri seçilmir".
R.Rzayevin sözlərinə görə, həbs ən ağır, ən sərt qətimkan tədbiridir və bu tədbir müstəsna hallarda seçilməlidir: "Əgər şəxsin istintaqdan qaçıb gizlənməsi, istintaqa təsir etməsi üçün əsaslar olarsa, həbs seçilməlidir. Məhkəmə həbslə bağlı qərar qəbul edərkən, bu halları əsaslandırmalıdır".
2009-cu ildə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə hüquq pozuntuları ilə bağlı edilmiş 7 şikayətin təmin edildiyini deyən Ali Məhkəmə sədri bildirdi ki, bu vaxta qədər həmin qərarların 3-ü hüququ qüvvəyə minib və digər 4 qərar isə məhkəmə qərarının qəbul olunmasından sonra 3 ay müddətində qüvvəyə minəcək. R.Rzayevin sözlərinə görə, indiyə kimi Azərbaycanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsində 26 işə baxılıb, onların 23-ü hüquq pozuntuları ilə bağlı olduğundan təmin edilib: "Ötən il Avropa Məhkəməsinə bütün Avropadan 35 min 560 iş daxil olub, ondan 33 min 65-nə baxılmayıb, rədd edilib. 2395 işə baxılıb. Bununla müqayisədə Azərbaycandan müraciətlər çox azdır".
R.Rzayev onu da qeyd etdi ki, Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar Azərbaycanda tam olaraq yerinə yetirilir.
Hər bir hakimin üzərinə 300 iş düşdüyünü deyən R.Rzayevin fikrincə, yeni hakimlərə ehtiyac var. O da vurğulandı ki, hər il imtahan əsasında qəbul keçirilsə də, onun nəticələri qaneedici deyil. Belə ki, bu imtahanlardan az adam keçə bilir. O da vurğulandı ki, Ali Məhkəmənin fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması üçün tərtib edilən internet saytı var və bülleten nəşr edilir.
R. Rzayev Avropa Məhkəməsinin qəbul etdiyi qərarların yerinə yetirilməməsi ilə bağlı səslənən ittihamların da doğru olmadığını bildirib: "Avropa Məhkəməsinin qərarlarını icra etməmək mümkün deyil. Avropa Məhkəməsinin müəyyən etdiyi kompensasiyanı Maliyyə Nazirliyi ödəyir".
Ali Məhkəmə sədri əvvəllər yerli məhkəmələrin qərarlarının icrası ilə bağlı müəyyən problemlərin yarandığını da söylədi: "Bu Ədliyyə Nazirliyinin səlahiyyətindədir, bununla əlaqədar nazirlik baş nazirə müraciət etdi. Ondan sonra böyük dəyişiklik oldu, icra olunmayan qərarların böyük hissəsi qısa müddətdə icra edildi. İndi bu məsələ ciddi nəzarətə götürülüb və qərarların icrasına tam nail olacağıq. Bizim üçün problemli olan məsələ yalnız məcburi köçkünlərlə, onların yaşadıqları yerlərdən çıxarılması ilə bağlı qərarların icrasıdır".

Digər xəbərlər