Azərbaycanın Avropa ölkələrinə inteqrasiyası genişlənir
Dünən "Hyatt Reysens" otelinin "Quba" zalında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Avropa Xalqları Partiyasının sədri, Belçikanın keçmiş baş naziri Vilfred Martensin "Avropa: mən mübarizə apardım, mən qalib gəldim" adlı kitabının təqdimatı keçirildi. Qeyd edək ki, ingilis dilində yazılan kitabın ön sözünü Almaniya kansleri Angela Merkel yazıb.
Kitabın təqdimat mərasimində Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, partiyanın funksionerləri, millət vəkilləri və bir sıra beynəlxalq təşkilatların və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov V.Martensin iştirakı ilə kitabın təqdimatının Azərbaycanda təşkil olunmasını yüksək qiymətləndirdi. S.Seyidov V.Martensin Avropanın nüfuzlu syasətçilərdən biri olduğunu vurğulayaraq söylədi ki, o, fəaliyyəti dövründə müxtəlif mükafatlara layiq görülüb və Avropada tanınmış siyasətçi kimi qiymətləndirilib: "O, son 50 ildə Belçikanın Avropaya bəxş etdiyi ən yüksək səviyyəli siyasətçisidir. V.Martensin 1979-cu ildən 1990-cı ilədək Belçikanın baş naziri işlədiyi illərdə ölkənin inkişafı yüksək olub. V.Martens işlədiyi bu illər ərzində həm dövlət xadimi, həm də siyasətçi kimi fəaliyyət göstərib. Belə ki, 1976-cı ildə V.Martens Avropa Xalqları Partiyasının yaradıcılarından biri olub və 1990-cı ildə bu partiyanın prezidenti seçilib. Artıq 20 ildir ki, V.Martens Avropanın ən nüfuzlu və möhtəşəm təşkilatına rəhbərlik edir. Onu da vurğulamaq lazımdır ki, bu partiya Avropa Birliyində, Avropa parlamentində, Avropa Şurasında ən təsiredici siyasi qurumdur. Heç təsadüfi deyildir ki, 2007-2008-ci illərdə Belçikada baş vermiş siyasi böhran zamanı məhz V.Martensi dəvət etdilər və o, bir il ərzində ölkəsini bu böhrandan çıxarmağa nail oldu".
Millət vəkili onu da bildirdi ki, bu gün Martensin adı Avropanı yaradan insanların adı ilə yanaşı çəkilir.
Mərasimdə çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova bu təqdimatın Azərbaycanla Avropa ölkələri arasında olan əlaqələrə önəmli töhfə olacağını söylədi: "Bu təqdimat mərasimi Azərbaycanla Avropa ölkələri arasında olan əlaqələrə öz töhfəsini verən bir tədbir olacaqdır. Çünki Azərbaycanın əsas məqsədlərindən biri də Avropaya inteqrasiyadır. Bu məqsədin reallaşması istiqamətində Avropaya doğru hərəkət etməklə yanaşı, Avropanın da Azərbaycana doğru istiqamətləndiyinin şahidi oluruq. Martensin "Avropa: mən mübarizə apardım, mən qalib gəldim" kitabında onun 50 ildən artıq fəaliyyəti və həyat təcrübəsi əks olunub. Kitab əvvəldən sona kimi səmimiyyət üzərində qurulub. Siyasi şəxslərin fəaliyyətində əvvəldən sona qədər səmimiyyət önəmli cəhətdir. Eyni zamanda, kitabda V.Martensin həyatı, qazandığı uğurların sirri yazılıb. İnanıram ki, onun gələcək kitablarında Azərbaycanla bağlı məqamlar da yer alacaq. Bu da Avropa Xalq Partiyası ilə əlaqələrin genişlənməsinə təkan verəcək".
"Bir siyasətçi kimi meydana atılanda çətinliklərdən keçəcəyini yəqin edir" fikrini söyləyən B.Muradova V.Martensin belə bir çətinliyə dözən siyasətçi olduğunu vurğuladı: "V.Martensin keçdiyi həyat yolu onu göstərir ki, yaşının hansı dövrünün olmasından asılı olmayaraq, ölkədə baş verən problemlərin aradan qaldırılmasına və hadisələrin önündə getməyə hazırdır. V.Martensin şəxsində, timsalında bunun şahidi oluruq. Həyatın bütün çətinliklərindən uğurla keçən bu şəxs ölkəsinin liderinə çevrilir".
B.Muradova "Avropa: mən mübarizə apardım, mən qalib gəldim" kitabında verilən hər bir xatirənin kiçik olmasına baxmayaraq, çox böyük hadisələri əhatə etdiyini vurğuladı: "Əvvəldən axıra kimi bu kitabda izlədiyim əsas cəhət ondan ibarət oldu ki, V.Martens uşaqlıq çağından həyata nikbin baxışlarını, ümidlərini, yerinə yetirmək istədiyi arzularını, qarşısına qoyduğu məqsədlərini həyata keçirmək üçün bütün qüvvəsini səfərbər edib. Eyni zamanda, bu istəklərinə nail olmaq üçün xeyirxahlığını da unutmamışdır. Naqislikdən, paxıllılıqdan, pis əməllərdən uzaq olması V.Martensin öz istəklərinə çatmasına imkan verib".
Təqdimat mərasimində çıxış edən xarici işlər nazirinin müavini Vaqif Sadıxov Azərbaycanın xarici siyasətində əsas xətlərdən birinin beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq olduğunu qeyd etdi. Onun sözlərinə görə, ATƏT, Avropa Birliyi, Avropa Şurası, NATO ilə əməkdaşlığa böyük önəm verilir. Nazir müavini Avropa Birliyi ilə əməkdaşlığa toxunaraq "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində vacib layihələrin həyata keçirildiyini vurğuladı. V.Sadıxovun fikrincə, ölkəmizin Avropanın aparıcı siyasi qüvvəsi olan Avropa Xalqları Partiyası ilə əməkdaşlığı da əhəmiyyətlidir: "Fikrimcə, qloballaşan dünyada müxtəlif sivil vasitələrdən istifadə olunma baxımdan Avropanın aparıcı siyasi qüvvəsi olan Avropa Xalq Partiyası ilə əməkdaşlığımız daha önəmlidir".
Milli Məclisin deputatı Asəf Hacıyev Avropa dəyərlərinin bir düşüncə tərzi olduğunu bildirdi. Qeyd etdi ki, Avropa Xalqlar Partiyasının Azərbaycana olan marağı, ölkəmizin Cənubi Qafqazın və ümumiyyətlə, Avropanın təhlükəsizliyində oynadığı rol böyükdür. Həmçinin, o, YAP-ın bu quruma daxil olması ilə əlaqədar yaxın gələcəkdə ölkəmizə Avropa Xalqlar Partiyasının araşdırma qrupunun gələcəyini vurğuladı.
A.Hacıyevin sözlərinə görə təqdimatı keçirilən kitabda bu dəyərlərin əhəmiyyəti qeyd olunur. Kitabın müəllifi Vilfred Martens çıxış edərək, belə bir təqdimatın Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə etdi. O, çıxışında kitabda yer alan mövzular, Avropanın inkişaf tarixi, eləcə də, Avropa Xalqları Partiyasının bu qitədəki önəmi haqqında öz fikirlərini bildirdi.
Vilfred Martens onun siyasi işlərinə yüksək dəyər verdiyi üçün Azərbaycan dövlətinə təşəkkürlərini çatdırdı. Onun sözlərinə görə, bu kitab 5 il ərzində yazılıb. Burada 50 illik siyasi fəaliyyətinin, həyat təcrübəsinin əks olunduğunu deyən müəllif bu kitabın pedaqoji vəsaitəyə çevrilməsini arzuladı. Daha sonra V.Martens onu da söylədi ki, 1976-cı ildə yaradılan Avropa Xalqlar Partiyasının Avropa partiyalarını birləşdirən bir qurumdur. Avropa Xalq Partiyası Avropanın siyasi landşaftında mərkəz mövqe tutduğunu deyən V.Martens qeyd etdi ki, bu partiya ilə Yeni Azərbaycan Partiyası arasında hər zaman sıx münasibətlər var və bu əlaqələr daima yüksələn xətlə inkişaf edəcək: "Partiyamızın Yeni Azərbaycan Partiyası ilə əlaqələrini daha da genişləndirəcəyik. Eyni zamanda, Azərbaycanda demokratiyanın inkişaf etdiyini görərək, bu ölkə ilə bağlı kitab yazacağıma da söz verirəm".