PDF Oxu

Əsas

  • 20

Azərbaycan torpaqlarını işğaldan azad etməyə qadirdir

Azərbaycan torpaqlarını işğaldan azad etməyə qadirdir
Məlum olduğu kimi, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfər edərək, burada aparılan yenidənqurma və bərpa işləri ilə yaxından tanış olmuş, bir sıra obyektlərin açılışında iştirak etmişdir. Prezident, həmçinin, burada qaçqın və məcburi köçkünlər üçün tikilən yaşayış kompleksində onlarla görüşmüş və söhbət etmişdir. Prezident görüş zamanı etdiyi çıxışda Azərbaycan hökumətinin məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun artırılması üçün böyük işlər görüldüyünü bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair də fikirlərini bildirən Prezident Azərbaycanın bu yöndə öz səylərini davam etdirdiyini qeyd edib. Münaqişənin sülh yolu ilə həllinin prioritet olduğunu bildirən Prezident İlham Əliyev müharibə variantının da istisna edilmədiynin nəzərə çatdırıb: "Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, biz istəmirik ki, müharibə yenidən başlasın. Ancaq eyni zamanda, özümüzü gücləndiririk, ölkəmizin hərbi iqtisadi potensialını gücləndiririk və hər an torpaqlarımızı istənilən yolla azad etməyə hazır olmalıyıq. Bunu etmək üçün bir daha demək istəyirəm ki, Azərbaycan güclü olmalıdır."
Bununla yanaşı, Prezident İlham Əliyev 20 ilə yaxındır ki, Azərbaycan torpaqlarının işğal altında olmasının və dünya birliyi tərəfindən Ermənistana təzyiq göstərilməməsinin yol verilməz bir hal olduğunu bildirib. O, həmçinin, mövcud status-kvonun bizi qane etmədiyini və onun ədalətli şəkildə dəyişdirilməli olduğunu xüsusilə vurğulayıb: "Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişilməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaq."
Azərbaycan Prezidentinin Qəbələ səfəri zamanı belə bəyanatlar səsləndirməsi nəinki ölkə ictimaiyyəti, eyni zamanda, dünya ictimaiyyəti tərəfindən də böyük diqqət və maraqla izlənmişdir. Prezident İlham Əliyevin verdiyi bəyanatların, məhz Azərbaycanın Dağlıq Qarabağla bağlı apardığı siyasətinin gələcək perspektivlərini müəyyənləşdirdiyi də bildirilir. Onun Azərbaycanın mövqeyini bu bəyanatları ilə açıq şəkildə ortaya qoyması düşünülür. Millət vəkili Aydın Mirzəzadə də Azərbaycan Prezidentinin verdiyi bəyanatların Azərbaycan üçün çox böyük əhəmiyyətinin olduğunu bildirdi: "İlk növbədə, qeyd edək ki, belə bəyanatları ancaq qüdrətli və özünəinamlı dövlətin rəhbəri verə bilər. Çünki bu bəyanatın hər bir sətri ümumən götürəndə, prinsipialdır, milli maraqlara uyğundur və ölkənin özünün gələcək istiqamətini kifayət qədər aydın şəkildə hiss etdirir. Torpaqlarımızın 20 faizini Ermənistan işğal etmişdir və inadkarcasına həmin torpaqları işğaldan azad etmək istəmir. Eyni zamanda, dünyaya də erməni yalanları yayır. Azərbaycan isə, bu gün özünün qazandığı nailiyyətlərə söykənərək, öz torpaqlarının bir qarışını belə, Ermənistana güzəştə getməyəcəyini bildirir. Çox təəssüf ki, dünya bu məsələlərə münasibətdə ikili standart nümayiş etdirir. Torpaqlarımızın işğalı BMT-nin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların sənədlərində öz əksini tapsa da, Ermənistana qarşı torpaqların azad edilməsi tələbi sərt şəkildə qoyulmur. Ermənistana qarşı sanksiyalar tətbiq edilmir və beynəlxalq hüququn normaları işlədilmir. Azərbaycan isə, bu vəziyyətlə razılaşmayacağını, heç bir halda Azərbaycan torpaqlarında ikinci bir erməni dövlətinin qurulmasına imkan verməyəcəyini bəyan edir. Həmçinin, Azərbaycanın 1993-cü ildən ümummilli liderimiz Heydər Əliyev tərəfindən, hazırda isə, Prezident İlham Əliyev tərəfindən apardığı siyasət Azərbaycan dövlətinin müasir modelinin qurulmasına, döyüşkən qabiliyyətli silahlı qüvvələrinin yaradılmasına gətirib çıxardı. Bu faktorlara görə, Azərbaycan problemi istənilən halda həll etmək istəyini ortaya qoyur. İstənilən halda deyərkən, buraya həm diplomatik yolla problemin həlli, eyni zamanda, hərbi əməliyyatlar vasitəsilə problemin həll edilməsi də özünü göstərir. Hesab edirəm ki, Ermənistanda Prezidentimizin Qəbələdəki çıxışı diqqətlə izlənildi və bir daha yəqin etdilər ki, Azərbaycan bu bəyanatları heç də boş yerə vermir. Hər bir sətrin arxasında konkret işlər dayanır. Ermənistan bundan nəticə çıxarmalıdır. Heç də təsadüfi deyil ki, Ermənistan daxilində müxalifətdə olan şəxslər Azərbaycanın dövlət quruculuğu prosesinin uğurla getdiyi barədə bəyanatlar verirlər. Məsələn, bu günlərdə Ermənistanın keçmiş baş naziri Azərbaycan iqtisadiyyatının Ermənistan iqtisadiyyatından çox güclü olduğunu, bunun daha da gücləndiyini və buna nədənsə, Ermənistanın əhəmiyyət vermədiyini bildirib. O bildirib ki, bu yüksəliş heç də Ermənistana yaxşı nəsə vəd etmir".

Digər xəbərlər