Novosibirsk şəhərində Xocalı soyqırımı ilə bağlı mətbuat konfransı keçirilib
Fevralın 26-da Rusiyanın Novosibirsk şəhərində Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu və Novosibirsk şəhərinin Azərbaycanlı Gənclər Klubu Xocalı soyqırımın ildönümü ilə bağlı mətbuat konfransı keçirib. Tədbirdə Xocalıda baş verən hadisələrin soyqırım olduğu beynəlxalq sənədlərdən çıxarışlarla göstərilib və bu faciənin hüquqi qiymətinin verilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, Xocalı soyqırımı zamanı arasında qadınların, uşaqların və qocaların da olduğu 613 nəfər qətlə yetirilib. Mətbuat konfransında Xocalı hadisələri ilə bağlı sənədlər, fotolar nümayiş etdirilib. Jurnalistlərin sualları cavablandırılıb. Tədbir təşkilatçıları soyqırım aktının bütün bəşəriyyətə qarşı həyata keçirilmiş cinayət olduğunu qeyd ediblər. Tədbirdə AŞPA-ya, Rusiya Dumasına və prezidentinə, həmçinin ABŞ prezidentinə müraciət qəbul olunub. Müraciətdə deyilir ki, "biz ümid edirik ki, Ermənistanın işğalçı siyasətinə son qoyulmasına, soyqırımın günahkarlarının cəzalandırılmasına və münaqişənin sülh yolu ilə həll olunmasına sizlər də öz töhfələrinizi verəcəksiniz".