Xocalı soyqırımının dünyada tanıdılması erməni faşizminin ifşası baxımından önəmlidir
Ölkəmizdə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan tədbirlər keçirilməkdədir. Xüsusilə bu faciə zamanı min bir işgəncə ilə məhv edilən qocaların, qadınların və günahsız uşaqların ən vəhşi və qəddar şəkildə öldürülmələri bir daha erməni vandalizminin, onun tarixi cinayətlərinin ifşasıdır.
Bu soyqırım erəmni vandalizminin vəhşiliyini və alçaqlığını bütün dünyaya əyani sübut edir. Sübut var, amma bu sübut hər şeyə ikili standartlardan yanaşan ədalətsiz dünya birliyi üçün "yetərli deyil". Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. SİA-ya DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, bu dəhşətli faciənin iki yüz ilə yaxın müddətdə erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətinin davamı olduğu şəxsi heyətə çatdırılır. Məlumatda həmçinin bildirilib ki, DSX-nin mərkəzi aparatında keçirilən tədbirdə şəxsi heyət Xocalı faciəsini əks olunduğu sərginin materialları ilə tanış olub. Tədbirdə DSX-nin rəis müavini general-mayor Məhəmməd Abbasquliyev və millət vəkili Gültəkin Hacıyeva çıxış edərək dinc azərbaycanlı əhaliyə qarşı törədilən soyqırım barədə ətraflı məlumat verərək qətliamın səbəb və nəticələri haqqında danışıb. Tədbirdə xüsusi olaraq vurğulanıb ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüs Ulu Öndər Heydər Əliyev tərəfindən edilıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını səfirlik və diaspor təşkilatları qarşısında vacib məsələ kimi qoyub. İnsan hüquqlarının kütləvi və kobud şəkildə pozulması nəticəsində vəhşiliyin törədilməsi faktına hələ də beynəlxalq miqyasda hüquqi qiymətin verilmədiyi diqqətə çatdırılan tədbirdə əminliklə vurğulanıb ki, ölkə rəhbərliyinin ardıcıl və uğurlu fəaliyyətinin nəticəsi olaraq günahkarlar layiqli cəzalarını alacaqlar.