PDF Oxu

Əsas

  • 16

"Xocalı faciəsinə hələ də beynəlxalq təşkilatlar düzgün qiymət verməyiblər"

"Xocalı faciəsinə hələ də beynəlxalq təşkilatlar düzgün qiymət verməyiblər"
Xocalı faciəsinin 18 illiyi ilə bağlı respublikamızın və dünyanın bir çox yerlərində tədbirlər keçirilməkdədir. Qeyri-hökumət təşkilatları, ictimai qurumlar, millət vəkillərinin iştirak etdiyi tədbirdə çıxış edənlər ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarının hamısının qeyd olunmasını tələb etdilər. Dünən Sabunçu rayon icra hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə Pirşağı qəsəbəsinin "Qızılqum" sanatoriyasında məskunlaşan Xocalı sakinlərilə görüş keçirildi. Tədbir iştirakçıları ilk öncə Xocalıda həlak olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək, bildirdi ki, Xocalı soyqırımı aqressiv, cinayətkar və terrorçuluğu dövlət səviyyəsinə qaldırmış Ermənistanın rəsmi siyasətinin nəticəsidir. M.Abasquliyevanın sözlərinə görə, XX əsrin sonunda baş vermiş bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir: "Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı, eyni zamanda, bəşər tarixinin ən genişmiqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. 18 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən ruslara məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə divan tutaraq şəhəri yerlə-yeksan etdilər. 1988-ci ildən 1993-cü ilə qədər Ermənistanın hərbi birləşmələrinin Xankəndində yerləşən Rusiya ordusuna məxsus 366-cı alayın şəxsi heyətinin və texnikasının köməyi ilə onlarla azərbaycanlı kəndində soyqırımı aktları törətdi. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı, həmin il aprelin 7-də isə Kəlbəcər rayonunun Ağdaban kəndlərində kütləvi qırğınlar törədilib. Hər iki kənddə əhalinin 70 faizi qətlə yetirilib. Ermənilərin yalnız Xocalıda soyqırımı törətməsi faktını dünya ictimaiyyətinə təqdim etməklə nə isə əldə etmək mümkün deyil. Bütün soyqırımı aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla, ermənilərin əsil simasını aça bilərik. O zaman ermənilərin məqsədyönlü şəkildə azərbaycanlılara qarşı soyqırımı aktları törətdikləri bəlli olar". Tədbirdə Sabunçu rayon icra hakimiyyətinin başçısı Əlibaba Əliyev çıxışında bildirdi ki, bu gün dünya dövlətləri ərazi bütövlüyü prinsipini rəhbər tutaraq, beynəlxalq terrorizmə və təcavüzkarlığa qarşı vahid cəbhədə birləşməlidir: "Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Lidise, Sonqmı faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə rus-erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı, müntəzəm olaraq, həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifələrindən biridir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməklə erməni şovinistləri, ideoloqları Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq istəyirdilər". Ə.Əliyev onu da söylədi ki, tarix boyu Azərbaycan xalqının başına gətirilən digər faciələr kimi, məhz Xocalı soyqırımına da ilk siyasi qiyməti xalqımızın ümummilli lideri Heydər Əliyev verdi. Anım mərasimində Xocalı sakini, Milli Qəhrəman bacısı Fiqurə Rüstəmova çıxış edərək, hamını dövlətin apardığı uğurlu siyasətə dəstək olmağa çağırdı: "Bu gün, şükürlər olsun ki, başımızın üstündə ulu Tanrı, dövlətimizin başında ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev dayanır. Nə qədər üzücü olsa da, bizə təsəlli verən odur ki, nə bu faicələri törədənlər, nə də faicə iştirakçıları cəzasız qalmayacaq. Çünki bu gün ölkə Prezidenti İlham Əliyev ölkənin həm iqtisadi, həm də siyasi cəhətdən uğurlar əldə olunmasına çalışır. İnanırıq ki, dövlət başçımızın düzgün siyasəti nəticəsində cinayətkarlar tezliklə cəzalarını alacaqlar". Mərasimdə Pirşağı qəsəbəsinin axundları və qəsəbə sakinləri də çıxış etdilər. Çıxış edənlər faciənin bütün azərbaycanlıların qan yaddaşına həkk olunduğunu söylədilər. Tədbirdə daha sonra Sabunçu rayonu Pirşağı qəsəbəsinin orta məktəb şagirdləri tərəfindən Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olundu.

Digər xəbərlər