PDF Oxu

Əsas

  • 14

Soyqırımdan 18 il ötür

Soyqırımdan 18 il ötür
Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Azərbaycanın hər bir idarə və təşkilatlarında, təhsil müəssisələrində anım mərasimləri keçirilir. Fevral ayının 24-də Azərbaycan Beynəlxalq Universitetində də Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirildi. Tədbirdə ABU-nun rektoru hüquq elmləri doktoru, akademik Elşad Abdullayev, universitetin professor-müəllim və tələbə heyəti ilə bərabər, tanınmış elm adamları, Binəqədi rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin nümayəndələri də iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Beynəlxalq Universitetinin rektoru hüquq elmləri doktoru, akademik Elşad Abdullayev Xocalı hadisələrinin XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri olduğunu qeyd etdi. O vurğuladı ki, bu faciə tarix boyu erməni fitnəkarlarının vandalizm hərəkətlərinə bir nümunədir: "1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar".
Sonra Azərbaycan Beynəlxalq Universitetinin "Tarix və ictimaiyyət" fakültəsinin dekanı t.e.d., professor İsmayıl Məmmədov çıxış edərək vurğuladı ki, Azərbaycan müstəqillik qazanandan sonra erməni separatçılarının Dağlıq Qarabağda həyata keçirməyə başladıqları işğalçı siyasət yüzlərlə kənd və qəsəbənin dağıdılmasına, on minlərlə günahsız insanın öldürülməsinə, yüz minlərlə soydaşımızın öz doğma ocaqlarından didərgin düşməsinə gətirib çıxarmışdır. Xocalı qətliamı isə tarixdən bizə məlum olan Xatın, Liditsa, Oradur, Osventsim, Babiyar, Sonqmi faciələri ilə bir sırada bəşər tarixində misli görünməmiş ən dəhşətli faciələrdən biri oldu.
Məruzə ilə çıxış edən professor İsgəndər Quliyev Xocalı sakinlərinə qarşı soyqırımı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirdi. O vurğuladı ki, Cinayətkar erməni hərbi birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlar olmuşlar, şikəstlərin 76 nəfəri yetkinlik dövrünə çatmamış oğlan və qızlardır. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı uşaq isə valideynlərindən birini itirmişdi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim yadda saxlamalıdır. Daha sonra çıxış edən tədbir iştirakçıları Xocalı faciəsinin dəhşətlərindən yorulmadan danışdılar.
Onu da qeyd edək ki, fevral ayının 18-dən etibarən Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və dəstəyi ilə "Xocalı harayı" mövzusunda Azərbaycan Beynəlxalq Universitetinin tələbələri arasında inşa-yazı müsabiqəsinə də start verilmişdi. Tədbirdə həmin bu müsabiqəyə yekun vurularaq, qaliblərin adları açıqlandı. Belə ki, I yerə Jurnalistika fakültəsinin tələbəsi Əhmədova Aygün Asim qızı, II yerə Tarix və ictimaiyyət fakültəsinin tələbəsi Qənbərova Türkan Qadir qızı, III yerə isə İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsinin tələbəsi İsmayılov Natiq Nazim oğlu layiq görülərək, diplom və fəxri fərmanlarla mükafatlandırıldılar. İnşa-yazı müsabiqəsində fərqləndiklərinə görə Azərbaycan Beynəlxalq Universitetinin digər 7 tələbəsinə də diplom təqdim edildi.

Digər xəbərlər