PDF Oxu

Əsas

  • 10

Vladimir Yevseyev: "Azərbaycan tarazlaşdırılmış siyasət yeridən möhkəm dövlətdir"

Vladimir Yevseyev: "Azərbaycan tarazlaşdırılmış siyasət yeridən möhkəm dövlətdir"
Rusiyalı politoloq, Rusiya Elmlər Akademiyasının (REA) Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (DİBMİ) Təhlükəsizlik Mərkəzinin böyük elmi işçisi Vladimir Yevseyev AzərTAc-a müsahibəsində demişdir: "Azərbaycan Prezidentinin fəaliyyəti və onun yeritdiyi siyasət çox uğurludur. O, öz dahi atasının layiqli oğludur. Ölkədəki bir milyona yaxın qaçqının yerləşdirilməsi buna əyani sübutlardan biridir. Rusiyada əhalinin hər səkkiz nəfərindən biri qaçqın olsa idi, bizim ölkə bunu edə bilməzdi, amma Azərbaycan bunu etmişdir. Bu, ölkə Prezidentinə böyük hörmət qazandırır. Atılmış addımlar onu göstərir ki, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti həqiqətən öz vətəndaşlarının qeydinə qalır. Azərbaycanın çox yaxşı perspektivləri vardır. Bu gün Azərbaycan öz milli mənafelərini əsas götürməklə tarazlaşdırılmış çoxvektorlu siyasət yeridən kifayət qədər möhkəm dövlətdir. Ölkənin indiki rəhbərliyinin həyata keçirdiyi tarazlaşdırılmış siyasət Rusiyanın mənafelərinə uyğundur. Bu, reallıqdır və Rusiya bunu başa düşür". Politoloqun sözlərinə görə, Azərbaycanın Rusiyaya münasibətdə siyasəti kifayət qədər ölçülüb-biçilmiş və proqnozlaşdırıla biləndir: "Aydındır ki, Azərbaycanın öz milli maraqları vardır. O da aydındır ki, Rusiya bunu nə qədər istəsə də, Azərbaycan öz siyasətində Qərb vektorundan imtina etməyəcəkdir. Lakin ən başlıcası, Azərbaycanın siyasəti proqnozlaşdırıla biləndir, yəni Rusiya Azərbaycan tərəfdən hər hansı ciddi problem yaranacağını gözləmir və Azərbaycan Rusiyanı xeyirxah, bir sıra istiqamətlər üzrə, o cümlədən təhlükəsizlik məsələlərində də əməkdaşlıq etmək mümkün olan tərəfdaş hesab edə bilər". Vladimir Yevseyev qeyd edib ki, Rusiya-Azərbaycan münasibətlərinin yaxşı perspektivləri vardır: "Mənim fikrimcə, bu gün Rusiya-Azərbaycan münasibətləri Sovet İttifaqı dağılandan sonrakı dövrdə bəlkə də ən yaxşı səviyyədədir. Rusiya Ermənistan ilə qarşılıqlı münasibətlərini vaxtında yenidən qiymətləndirmiş və onu birmənalı şəkildə dəstəkləməmişdir. Bundan sonra Azərbaycan da çox cəhətdən Rusiyaya güzəştə getmişdir. Bildiyiniz kimi, ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələsi çox cəhətdən məhz Rusiyanın səyləri sayəsində həll edilir, yəni Rusiya Minsk qrupunda ən fəal iştirakçıdır. Mən belə hesab edirəm ki, ölkələrimiz arasında münasibətlər çox yaxşı səviyyədədir və bu sahədə çox yaxşı potensial vardır". REA DİBMİ-nin böyük elmi işçisi Vladimir Yevseyev sonda deyib: "Dövlətlərimizin rəhbərlərinin səmimi münasibətləri və şəxsi əlaqələri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına və möhkəmlənməsinə şərait yaradır. Hər iki dövlət ikitərəfli münasibətlərdə bir-birinin maraqlarını və mövqelərini nəzərə almalıdır. Mənə belə gəlir ki, Azərbaycan və Rusiya buna çalışır və ölkələrimiz arasında qaz təchizatına dair strateji əhəmiyyətli sazişin imzalanması buna misal ola bilər".

Digər xəbərlər