Xocalı faciəsinin 18 illiyi ilə bağlı respublikamızın və dünyanın bir çox yerlərində tədbirlər keçirilməkdədir. Qeyri-hökumət təşkilatları, ictimai qurumlar, millət vəkillərinin iştirak etdiyi tədbirdə çıxış edənlər ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarının hamısının qeyd olunmasını tələb etdilər.
Dünən Azərbaycan Tibb Universitetinin "Azərbaycan tarixi" kafedrasında Xocalı soyqırımına həsr olunmuş elmi-praktiki konfrans keçirildi. Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra kafedranın müdiri, professor Fəxrəddin Məmmədov "Xocalı tarixin qan yaddaşında" mövzusunda çıxış edərək, bildirdi ki, 1988-ci ildən 1993-cü ilə qədər Ermənistanın hərbi birləşmələrinin Xankəndində yerləşən Rusiya ordusuna məxsus 366-cı alayın şəxsi heyətinin və texnikasının köməyi ilə onlarla azərbaycanlı kəndində soyqırımı aktları törətməyə başladılar: "1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı, həmin il aprelin 7-də isə Kəlbəcər rayonunun Ağdaban kəndlərində kütləvi qırğınlar törədilib. Hər iki kənddə əhalinin 70 faizi qətlə yetirilib. Ermənilərin yalnız Xocalıda soyqırımı törətməsi faktını dünya ictimaiyyətinə təqdim etməklə, nə isə əldə etmək mümkün deyil. Bütün soyqırımı aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla, ermənilərin simasını daha da aça bilərik. O zaman ermənilərin məqsədyönlü şəkildə azərbaycanlılara qarşı soyqırımı aktları törətdikləri bəlli olar".
F.Məmmədov, onu da vurğuladı ki, işğal zamanı 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq, 70 qoca öldürüldü, 1275 nəfər girov götürülüb. 487 nəfər yaralanıb, 150 nəfər itkin düşüb. F.Məmmədov ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu faciəyə siyasi qiyməti verildiyini vurğuladı. Bildirdi ki, 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı tədbirlər görməyə çağıran müraciət edildi. Ötən 18 ildə Xocalı gerçəyinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub. Bu gün də bu işlər görülməkdədir.
"Qarabağa tarixi baxış" mövzusunda çıxış edən tarix elmləri doktoru, professor Həcər Verdiyeva çıxış edərək, bildirdi ki, hər il Xocalı faciəsi və 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı, anma günləri yaxınlaşdıqca, ermənilərin həm əsrin əvvəllərində, həm də 1988-ci ildən başlayaraq, başımıza gətirdikləri olaylar yada düşür. Düşmənimizə qarşı kin və nifrətimiz bir daha artır. Hadisələri ardıcılıqla izləsək, başımıza gətirilən olaylar, tarixdə, demək olar ki, eyni ssenari üzrə cərəyan edir. Şükürlər olsun ki, bizlər hələ də tam sınmamış, milli genafonumuzu, adət-ənənələrimizi qoruyub saxlaya bilmişik. Biz anlamalıyıq ki, ermənilər tarixən təkcə bizlərə qarşı deyil, bütün türk dünyasına qarşı torpaq iddiaları ilə, çıxış etmiş və indi də etməkdədirlər.
H.Verdiyeva qeyd etdi ki, ötən əsrin ən böyük faciələrindən biri kimi tariximizdə iz salan Xocalı soyqırımı bəşəriyyətin ən amansız vəhşiliyidir: "Hər il faciələrimizin ildönümləri ilə, bağlı istər vətəndə, istərsə də, xarici ölkələrdəki cəmiyyətlərimiz və milli təşkilatlarımız tərəfindən anma tədbirləri keçirilməkdədir. Əgər bizlər faciələrimizin dünya ictimaiyyətinə çatdırılmasını istəyiriksə, onda bu məsələlərlə ilboyu məşğul olmalıyıq. Biz bu sahədə milli həmrəylik nümayiş etdirərək, Xocalı faciəsinin beynəlxalq aləmdə hüquqi və siyasi cəhətdən qiymət alması, onun təşkilatçıları və icraçılarının cəzalındırılması, gələcəkdə də bəşəriyyətə yönəldiləcək belə qəddar aktların təkrarlanmaması üçün ilboyu ardıcıl işlər aparmalıyıq".
Tədbirdə iqtisadi siyasət kafedrasının müdiri, fakültə həmkarlar komitəsinin sədri Yavər Vəliyev, profilaktika fakültəsinin tələbəsi Səxavət Hüseynov və başqaları çıxış edərək, bildirdilər ki, XX əsrin ən qanlı hadisələrdən biri olan Xocalı hadisəsi təkcə bir şəhərin faciəsi deyil, bu, xalqımızın tarixində qanla yazılmış ən müdhiş səhifələrdən biridir. Ona görə də, bu sahədə daha geniş təbliğat işlərimizi aparmalıyıq.