PDF Oxu

Əsas

  • 16

XOCALI SOYQIRIMIDAN 18 İL ÖTÜR

XOCALI SOYQIRIMIDAN 18 İL ÖTÜR

Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı soyqırım aktı törədib. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli faciələrdəndir. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gələrək, qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 Xocalı sakini əsir, 150 nəfəri itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vuruldu.
(Əvvəli ötən sayımızda)

"Səs" qəzetinin, ənənəvi olaraq, keçirdiyi dəyirmi masanın budəfəki mövzusu da Xocalı soyqırımının ildönümünə həsr edildi. O qanlı soyqırımın baş verməsi ilə bağlı KİV nümayəndələrinin suallarını cavablandırmaq üçün dəyirmi masaya Xocalı rayonunun keçmiş icra başçısı, millət vəkili Elman Məmmədov dəvət olunmuşdu. Dəyirmi masada "AzərTac" dövlət informasiya agentliyinin müxbiri Aidə Quluzadə, "Olaylar" informasiya agentliyi və eyniadlı qəzetin müxbiri Ədil Ədilzadə, "Mərkəz" qəzetinin müxbiri İntiqam Valehoğlu, "525-ci" qəzetin müxbiri Rufik İsmayılov, "Yeni Azərbaycan" qəzetinin müxbiri Pərviz Sadayoğlu, "İki Sahil" qəzetinin müxbiri Aynurə Şirinova, "Qarabağ" qəzetinin müxbiri Zəkurə Quliyeva, "Səs" informasiya agentliyinin müxbiri Oral Mədənçi, "Paritet" qəzetinin müxbiri Səbuhi Şəldiyev və digər aparıcı qəzet və agentliklərin əməkdaşları iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu söylədi: "Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Qəzetin əməkdaşı, onu da qeyd etdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin, davamlı olaraq, etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bu proseslər ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının "dənizdən-dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi, kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda hər cür cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Belə ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.
Qəzetin əməkdaşı onu da bildirdi ki, Xocalı soyqırımı Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı əsasında ölkəmizin hər yerində, o cümlədən, idarə-müəssisələrdə və təşkilatlarda keçirilir: " "Səs" qəzeti sərəncamdan irəli gələn tədbirləri həyata keçirməyi özünə mənəvi borc hesab edib. Hesab edirik ki, bu cür tədbirlərin təşkilatçısı olmaqla, erməni vəhşiliyinin bəşəriyyətə və insanlığa qarşı yönəldiyini bir daha cəmiyyətə, dünya xalqlarına çatdırmalıyıq".

ERMƏNİSTANIN VƏ QONDARMA REJİMİN RƏHBƏRLİYİNDƏ TƏMSİL OLUNANLARIN HAMISI XOCALIYA HÜCUMDA BİLAVASİTƏ İŞTİRAK EDİBLƏR

Elman Məmmədov:
- Daha sonra görüşmək üçün o vaxtkı baş nazir Həsən Həsənovun yanına getdim. Ona dedim ki, Həsən müəllim, ermənilər Xocalı sakinlərini hər an qıra bilər. Gəlmişdim Ayaz Mütəllibovun yanına, amma məni qəbul etmədi. Həsən müəllimdən soruşdum ki, bəs mən nə edim? O da mənə cavab verdi ki, A.Mütəllibov heç məni də qəbul etmir və hətta mən deyəni eşitmək də istəmir. O, belə bir söz dedi ki, bir neçə gün bundan öncə, Etibar Məmmədovla onun yanına getdik. Ona vəziyyəti başa saldıq. E.Məmmədov ona qarşı təhqiramiz ifadələr işlədərək, bildirdi ki, Xocalı işğal olunarsa, sən "belə-belə" olacaqsan. Yenə də heç bir tədbir görmədi. Qeyd etdiklərimin hamısı istintaq materiallarına əlavə olunub. Bir sözlə, ölkə rəhbərliyində əyləşənlər bu gün-sabah gəlirik deyərək, bizi köməksiz qoydular. Camaat hər hansı məlumat əldə etmək üçün böyük ümidlə poçtun qabağına yığışırdı. Bu danışıqlar gizli qala bilməzdi. Kommutator sistemi vasitəsilə bütün əhali deyilənləri eşidirdi. Vəziyyət bu cür davam edirdi. Fevral ayının 25-də axşam saatlarında bütün hərbi postlara baş çəkdim. Təbii ki, piyada hərəkət edirdik. Çünki maşından istifadə etsəydik, ermənilər onu hər an görə və atəşə tuta bilərdi. Həmin gün axşam saat 7-8 radələrində hərbi postlardan birindən xəbər gəldi. Onlar bildirdilər ki, Noragil tərəfdən Ağ ev adlanan əraziyə 1 ədəd BMP keçdi. Üstündən 5 dəqiqə keçmədi ki, məshəti türklərinin məskunlaşdığı ərazidəki postun komandiri Sərvər Rəcəbov mənə zəng vurdu. Dedi ki, ermənilərin Mehdi kəndi ilə bizim aramızda olan Xoruztəpə kəndi istiqamətinə doğru texnika hərəkət edir. Əsgərandan da bu tipli xəbərlər gəlirdi. Artıq məlum oldu ki, ermənilər əməliyyata başlayıb. Mən dərhal Hicran Hüseynovla əlaqə saxladım (O, Azərbaycan Dövlət Televiziyasında işləyirdi). Ona özümü təqdim etdikdən sonra rəsmi şəkildə bildirdim ki, Xocalıya hücum başlayır, kütləvi qırğın olacaq. Ona dediklərimin efir vasitəsilə əhaliyə çatdırılmalı olduğunu dedim. Ancaq bu barədə efirə heç bir xəbər verilmədi. H.Hüseynov istintaqa çağırıldı, aramızda belə bir telefon danışığının olduğunu təsdiq etdi. Qeyd etdi ki, o zaman televiziyanın rəhbərinə müraciət edib, daha sonra gəlib görüb ki, məlumatın qeyd olunduğu kağız yoxa çıxıb və s. Yenə də onu vicdanı ilə baş-başa buraxıram.
Xocalını müdafiə dəstəsinə mən rəhbərlik edirdim. Həmin gecə növbədənkənar döyüşçülərin postlara qayıtması əmrini verdim. Qırğın iki cəbhə xəttinin arasında başladı. Soyqırım zamanı hansı amansızlıqların və vəhşiliyin baş verdiyini hər kəs bilir. Allah şəhidlərimizə rəhmət etsin. Həmin gün mənim anam şəhid oldu. Meyitini 20 gündən sonra qurd-quş yemiş vəziyyətdə meşədən tapdıq. 10 nəfərlə də mən mühasirədə qaldım. Həmin 10 nəfərin 5-i yaralanmışdı. O gün sanki Allah-Taala da Xocalı sakinlərinə qarğımışdı. İnanın havaya elə bir duman çökmüşdü ki, göz-gözü görmürdü. Camaatın çoxu meşədə azdığından əsir düşdü. Meşədə istiqaməti itirən insanlar haraya gedəcəklərini bilmirdilər. Mən iki gün meşədə qaldım. Fevral ayının 27-də səhər saatlarına yaxın Şellinin postundan Alayağızın Qatır Məmmədin postu deyilən 19-cu postuna gəlib çıxdıq. Yanımdakılara dedim ki, qətiyyən səs salmayın., qarşı tərəf azərbaycanlılardır. Səsimizi eşidib, erməni olduğumuzu zənn edib vurarlar. Ermənilərin törətdiyi qırğının amansızlığı, dəhşəti baş alıb gedirdi. Müharibədə ancaq ordular üz-üzə gələr, hərbçilər döyüşər. Təpədən-dırnağa qədər silahlanmış, təlim görmüş hərbçilər dinc əhalini qırırdı. Körpələri, qadınları və qocaları amansızlıqla qətlə yetirirdilər.
Kadrlardan xatırlayırsınızsa, pəhləvan cüssəli bir kişi arxası üstə yerə yıxılmışdı. O, alnının düz ortasından vurulmuşdu. Oradakı meyitlərin içərisində mənim həyat yoldaşım sağ qalmışdı. Meyitlərin arasından sürünərək, oradan çıxmaq istəyərkən, bir körpənin ağlamağını eşidir. Gəlib görür ki, körpə həmin vurulan kişinin altında qaldığı üçün qışdırır. Sən demə, o körpə həmin kişinin balası olub, onu mələfəyə bükərək, qaçırmaq üçün arxasına bağlayıb. Vurularaq, yerə yığıldıqda isə, körpə atasının altında qalıb. Sonradan o uşaq həmin ərazidən azərbaycanlıların köməyi ilə çıxarılıb. İndi o, 19 yaşlı Xəyalə adlı gənc bir qızdır. Səlimova Nənəş xala var idi. Onun əri və üç oğlu şəhid olmuşdu. Özü də bir neçə il bundan öncə vəfat etdi. Onun oğlu Araz Səlimov görüb ki, 20-30 nəfər azərbaycanlı qadın və uşağı 5-6 nəfər erməni əsir tutaraq, aparır. Araza 1 ədəd əl pulemyotu vermişdik. O, ağacın arxasında gizlənərək, qəflətən ermənilərə hücum edib, onları qırmışdı. Azərbaycanlı əsirləri götürərək, oradan çıxan zaman özü arxadan erməni tərəfindən vurulmuşdu, lakin ölməmişdi. Yaralı Arazın anasının gözləri önündə başını kəsmişdilər.
Ermənistan prezidenti Serj Sarkisyan bu yaxınlarda belə bir müsahibə verib ki, Xocalı sakinləri elə bilirdi biz bu qədər amansız olmayacağıq. Biz onlarla zarafat edirik. Amma biz sübut etdik ki, ermənilər torpaq uğrunda savaşda hər şeyə qadirik". Robert Köçaryan isə prezident olduğu vaxt dünyaya haqq-ədalət dərsi keçən, hamıya düzgünlük öyrədən Avropa Şurasının tribunasından bəyan etdi ki, mən Xocalıya hücumda iştirak etmişəm və bununla da fəxr edirəm. Onun bu ifadələri AŞ-ın üzünə tüpürmək demək idi. Bu etirafın qarşısında isə, Ermənistana qarşı heç bir cəza tədbiri görülmədi. ABŞ, Avropa və beynəlxalq təşkilatlar bilir ki, Ermənistanın və qondarma rejimin rəhbərliyində təmsil olunanların hamısı Xocalıya hücumda bilavasitə iştirak ediblər. Onlar cinayətkarlardır, əsil qatillərdir. Bunun əvəzində, həmin dövlətlər və təşkilatlar ermənilərlə əməkdaşlıq və onları müdafiə edirlər. Təsəvvür edin ki, Xocalı soyqırımının törədilməsindən 7-10 gün sonra ABŞ Dövlət Departamenti "907-ci düzəliş" sənədə əlavə edərək, Azərbaycana qarşı sanksiyalar tətbiq etdi.

"Qarabağ" qəzetinin müxbiri:
- Heç kəsə məlum olmayan bir faktı qeyd etmək istəyirəm. Təxminən 5 gün bundan öncə, Gürcüstana getmişdim. Gürcüstanda ermənilərin kompakt yaşadığı Cavaxetiya adlı bir ərazi var. Orada bir nəfər gürcü gördüyü mənzərəni mənə danışdı: "Xocalı soyqırımından sonra əhalinin bir qismini əsir götürdülər. Əsirləri sahələrdə lüt-üryan vəziyyətdə işlədirdilər". Bizim qanımızdan olan həmin gürcü bu hadisəni gördükdən sonra xəstəlik tapmışdı. Bu insanlara nə iynə vurmuşdularsa, özlərini normal şəkildə idarə edə bilmirdilər. Qırmızı Xaç Cəmiyyətinə məlumat verildikdən sonra isə, həmin əsirləri bir günün içərisində öldürmüşdülər. Meyitləri bulduzer vasitəsilə də iki-iki, üç-üç basırıblar. Oradakı gürcülər bunu sübut etməyə və əsirlərin dəfn olunduğu yerləri göstərməyə hazır olduqlarını bildirirdilər. Ən azından soydaşlarımızın cəsədlərini oradan çıxara və bu məsələni beynəlxalq təşkilatlar qarşısında qaldıra bilərik.

ƏSİRLİKDƏ OLANLARA KİMYƏVİ ÖLDÜRÜCÜ İYNƏLƏR VURURDULAR

Elman Məmmədov:
- Bu barədə bizdə məlumat var. Bu məlumatı da istər Qırmızı Xaç Cəmiyyətinə, istərsə də, beynəlxalq təşkilatlara bildirmişik. Bu təşkilatların nümayəndələri Ermənistanda və Dağlıq Qarabağda olan həbsxanaları gəzərək, geri qayıdırdılar ki, orada heç bir əsir yoxdur. Sonra biz onlara bildirdik ki, soyqırımın dəhşəti qeyri-adi olduğu kimi, əsirləri də həbsxanalarda saxlamırlar. Əsirlər Ermənistanın və Dağlıq Qarabağın ucqar kəndlərində ayrı-ayrı şəxslərə təhkim olunublar. Orada qul kimi işlədilirlər. Həmin əraziləri axtarmaq lazımdır. Gürcüstandan və digər bölgələrdən də bu tipli məlumatlar əldə etmişik. Azad olunan Xocalı əsirlərinin əksəriyyəti 3-5 gündən sonra öldü. Bu cür hadisələrdən birinin şahidi olmuşam. Kamal əmimin həyat yoldaşına elə bir iynə vurmuşdular ki, əsirlikdən qayıtdıqdan 1 həftə sonra bütün bədəni göyərməyə və şişməyə başladı. Bir həftədən sonra hüşunu itirərək, keçindi. Əsirlikdə olanlara kimyəvi öldürücü iynələr vururdular.

"Səs" informasiya agentliyinin müxbiri:

- Xocalının işğalı zamanı nə qədər insan əsir düşüb, onlardan neçəsi qaytarılıb?

132 NƏFƏR XOCALI SAKİNİNİN TALEYİ HAQQINDA HEÇ BİR MƏLUMAT YOXDUR

Elman Məmmədov:
- Xocalı soyqırımı zamanı 1275 nəfər azərbaycanlı əsir düşdü. Soyqırımdan üç gün sonra, yəni 1992-ci ilin mart ayının 1-dən əsir və girovların dəyişdirilməsi prosesi başlandı. Sonuncu iki nəfər Xocalı əsirini 6 aydan sonra, 1992-ci ilin iyul ayında ala bildik. Onları aparıb, Gorusda fermada işlədiblər. Onlar Hüseynov Kamil Dadaş oğlu və Yaqub adlı bir şəxs idi. O vaxtdan bugünədək bir nəfərdə olsun, əsir geri qaytarılmayıb və onlardan heç bir xəbərimiz yoxdur. Siyahıya əsasən, itkin düşənlərin sayı 150 nəfərdir. Lakin sonradan aparılan araşdırmalar nəticəsində və əsirlikdən qayıdanların verdikləri məlumatlara görə, onlardan 18-i öldürülüb. Hazırda 132 nəfər Xocalı sakininin taleyi haqqında heç bir məlumat yoxdur. Əsir Düşmüş və Girov Götürülmüş Vətəndaşların İşi üzrə Dövlət Komitəsində, eləcə də, aidiyyatı beynəlxalq qurumlarda bu barədə məlumatlar olsa da, bugünədək heç bir tədbir görülməyib.
(Ardı var)

Digər xəbərlər