PDF Oxu

Əsas

  • 16

Xocalı soyqırımı bütün dünyada qeyd olunacaq

Xocalı soyqırımı bütün dünyada qeyd olunacaq

Diasporla İş üzrə Dövlət Komitəsində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Xocalı soyqırımının 18-ci ildönümünün qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib. Komitənin mətbuat xidmətindən verilən məlumata əsasən, Xocalı soyqırımını anmaq məqsədilə bu il də etiraz aksiyaları, konfransların keçirilməsi, anım mərasimlərinin, sərgilərin təşkili nəzərdə tutulub.

ALMANİYA
Almaniya üzrə soyqırımın 18-ci ildönümü ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb. Fevralın 18-dən 28-dək Berlin şəhərində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun "Xocalı uşaqların gözü ilə" sərgisinə daxil olan rəsmlərin nümayişini keçirir. Eyni zamanda, fevralın 19-dan etibarən AAKM internet vasitəsilə bu ölkədəki ictimai qurumlara, Azərbaycan diaspor təşkilatlarına, türk icmalarına, qeyri-dövlət qurumlarına, mətbuat və informasiya vasitələrinə Xocalı faciəsinə dair həqiqətləri əks etdirən müraciət yayacaq. Həmçinin, Almaniyanın digər şəhərlərində Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərdə istifadə etmək üçün əyani vəsaitlər göndərəcək. Fevralın 25-də Berlində Azərbaycanın Almaniyadakı səfirliyi AAKM-la birlikdə Xocalı faciəsinə həsr olunmuş xatirə gecəsi və dəyirmi masa təşkil edəcək. Tədbirdə alman ekspertlər, siyasətçi və alimləri, elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri, tələbə və doktorantlar Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar. Toplantıda "Xocalıya Ədalət" kampaniyasının təbliğati materialları təqdim ediləcək. Dəyirmi masada soyqırımın beynəlxalq aləmdə insan hüquqlarına qarşı törədilmiş cinayət kimi qiymətləndirilməsinə nail olunması yolları haqqında müzakirələr aparılacaq.
Fevralın 26-da isə Berlindəki Türk Evində AAKM və Atatürk Düşüncə Mərkəzi Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə "Xocalı soyqırımının 18-ci ildönümü: Qafqazda sülhün bərqərar edilməsində Türkiyə-Azərbaycan münasibətlərini önəmi və rolu" mövzusunda toplantı keçirəcəklər. Konfransda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Türkiyənin Almaniyadakı səfiri Ahmet Acet, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Bundestaqın sabiq deputatı professor Hakkı Keskin, AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova, Atatürk Düşüncə Mərkəzinin rəhbəri Olcay Başeymez, tarixçi, Türkiyə Erciyez Universitetinin doktorantı Fariz Fərzəli və digər qonaqlar iştirak edəcəklər. Fevralın 26-da, həmçinin, AAKM "Azərbaycan Evi", "Alman Azərbaycan Həmrəylik Cəmiyyəti"nin təşəbbüsü, "İrəli" İctimai Birliyi və "Xocalıya Ədalət" hərəkatının iştirakı ilə Berlinin "Breitscheidplatz" meydanında soyqırımın 18-ci ildönümünə həsr olunmuş mitinq keçiriləcək. Mitinqdə "Xocalıya Ədalət" kampaniyasına aid materialların təqdimatı da nəzərdə tutulub. Berlində fəaliyyət göstərən Tələbə və Elmi İşçilər Birliyi isə internet vasitəsilə yayacaqları məlumatla Xocalı soyqırımı haqqında alman ictimaiyyətində geniş təsəvvür yaratmağa çalışacaqlar. Kölndəki Alman-Azərbaycan Kültür Cəmiyyəti də Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı konfrans təşkil edəcək. Hamburqdakı Azərbaycan Mədəniyyət Cəmiyyəti soyqırıma etiraz əlaməti olaraq matəm yürüşü keçirəcək. Hamburq Alman-Azərbaycan Cəmiyyəti də anım tədbiri ilə faciə qurbanlarını yad edəcək. Ştutqartdakı Azərbaycan Kültür Cəmiyyəti, Drezdendəki ALM.AZ Cəmiyyəti, Hannoverdəki "Xəzər" Cəmiyyəti də fevralın 26-da soyqırımın 18-ci ildönümünü qeyd edəcəklər. Kassel şəhərində Alman-Azərbaycan Tələbə Gənclər Təşkilatı Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Kassel Universitetinin akt zalında Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirəcəklər. Eyni zamanda, soyqırım günü universitetdə və şəhərin mərkəzi hissələrində faciə haqqında məlumatı əks etdirən broşuralar paylanacaq. Leypsiq şəhərindəki azərbaycanlı tələbələr də AAKM-in dəstəyi ilə Xocalı faciəsinə dair materialları kitabxanalara yayacaq, ictimaiyyəti Xocalı faciəsi ilə bağlı məlumatlandıracaq və anım tədbiri keçirəcəklər.

TÜRKİYƏ
Türkiyədəki Azərbaycan Dərnəkləri də soyqırımın 18-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirməyi nəzərdə tutublar. Manisada Azərbaycan Kültür və Dayanışma Dərnəyi anım mərasimi, İzmirdə təhsil alan azərbaycanlı tələbələr isə Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi ilə birgə konfrans keçirəcək. Türkiyədəki anım tədbirləri sırasına İzmitdəki Kocaeli Azərbaycan Evi Dərnəyinin təşkil edəcəyi konfrans və bir həftəlik sərgi də daxildir. Azərbaycanlı Gənclərin Birlik Təşkilatı isə İstanbulda Xocalı faciəsi qurbanlarını anım mərasimi təşkil edəcək.
Şimali Kiprin Doğu Akdeniz Universitetində burada fəaliyyət göstərən İqtisadi, Mədəni Əməkdaşlıq Mərkəzinin keçirəcəyi anım tədbirində universitetin tələbə və müəllim kollektivi iştirak edəcək.

FRANSA
Fransada da Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilməsi planlaşdırılıb. Fevralın 21-də Strasburq Azərbaycan Evi Xocalı faciəsinə həsr edilmiş xüsusi radio proqramı yayımlayacaq. Proqram Strasburqdakı yerli (RBS FM 91.9) radiosunda efirə cıxacaq proqramı http://www.radiorbs.com internet ünvanından da canlı dinləmək mümkün olacaq. Fevralın 25-də isə Strasburq Azərbaycan Evi Strasburq Universitetinin Yazılı, Sinxron Tərcümə və Beynəlxalq Əlaqələr İnstitutu "Azərbaycan Respublikasının Diaspora siyasəti və icrası" mövzusunda konfrans təşkil edəcək. Tədbir Strasburq Universitetinin Türkoloji departamenti və Yazılı, Sinxron tərcümə və Beynəlxalq Əlaqələr İnstitutu ilə birgə keçiriləcək. Bundan başqa Strasburqdakı soydaşlarımız iki gün ərzində - fevralın 24 və 25-də "MAIL" aksiyası da təşkil edəcəklər. Azərbaycan Evinin fransız təşkilatları ilə əməkdaşlığı nəticəsində Xocalı faciəsi barədə fransız, ingilis və türk dillərində 6 mindən çox informasiya xarakterli meyllərin göndərilməsi planlaşdırılıb. Bunlar əsasən, Avropa Şurası, Avropa Birliyi, digər beynəlxalq təşkilatlara, o cümlədən, Fransa, Belçika, İsveçrə, Kanada, İsveç, ABŞ, İsrail və Avstraliya kimi ölkələrin senat və dövlət qurumlarına, eləcə də, dünya mətbuatına ünvanlanacaq.
Fevralın 26-da həmçinin, Strasburq Azərbaycan Evi "Azərbaycan diasporu və Fransa-Azərbaycan əlaqələri" mövzusunda konfrans keçirəcək. Fevralın 27-də isə Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Strasburqun mərkəzi "Kleber" meydanında nümayiş keçiriləcək. Strasburqda fəaliyyət göstərən və güclərini birləşdirən 3 cəmiyyət-Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür Cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası aksiyada iştirak edəcəklər. Strasburqda və ətraf şəhərlərdə fəaliyyət göstərən türk, fransız və digər təşkilatların da nümayişə qatılacağı gözlənilir.
Azərbaycanlı Tələbələrin Avropa Forumu (FASE) isə Fransanın bir neçə şəhərində Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar mitinq və digər etiraz aksiyalarının keçirilməsini nəzərdə tutub. Tədbirlərə rəsmi şəxslər də dəvət olunacaq. Parisin mərkəzində isə Fransa Azərbaycanlıları Birliyi və Fransa-Azərbaycan Gənclik Assosiasiyası Tuluza Azərbaycan Tələbələr Assosiasiyasının iştirakı və "İrəli" İctimai Birliyinin dəstəyi ilə etiraz yürüşü keçiriləcək. Aksiya yerli prefektura ilə artıq razılaşdırılıb. Tədbirə Azərbaycanın Fransadakı Səfirliyi və UNESCO-dakı daimi nümayəndəliyimiz də dəstək verəcək. Yürüş "Medicis" küçəsindən (RER Luxembourg-"Saint Michel" metra stansiyası) başlayaraq, "Paule Claudel" meydanından Senatın qarşısından keçən "Vaugirard" küçəsi boyunca davam edəcək. Təşkilatçılar təkcə Fransada deyil, bütün Avropadakı soydaşlarımızı bu izdihamlı aksiyaya qatılmağa dəvət edirlər.

BÖYÜK BRİTANİYA
Böyük Britaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyəti fevralın 24-də "Xocalıya Ədalət" kampaniyası çərçivəsində şəhər sakinləri arasında imza toplama kampaniyası keçirəcək. Fevralın 26-da isə soydaşlarımız Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinin parlamentdə lordların iştirakı ilə keçirəcəyi toplantıya qatılacaqlar. Tədbirdə amerikalı yazıçı-jurnalist, son 20 ildə Qafqazdakı münaqişələrlə bağlı araşdırmalar aparan və "Azərbaycan gündəliyi" kitabının müəllifi Tomas Gols da çıxış edəcək. Bundan başqa Azərbaycan diaspor nümayəndələri fevralın 26-da Böyük Britaniya parlamentinin binası qarşısında etiraz mitinqi keçirəcəklər.

HOLLANDİYA
Hollandiyada "Xocalıya Ədalət" kampaniyası çərçivəsində yaradılmış işçi qrupa daxil olan Benilüks Azərbaycanlıları Konqresi, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi və digər bir neçə təşkilat Amsterdam Açıq Universitetində Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə konfrans keçirəcəklər. Tədbirdə azərbaycanlı və türk tələbələr, eləcə də, universitetin müəllim kollektivi və yerli tələbələr iştirak edəcək. "Hollandiya Azərbaycan Türk-Kültür Dərnəyi" isə Haaqada Xocalı qurbanlarının xatirəsini anacaq. Brüsseldə Belçika-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə soyqırımın 18-ci ildönümü ilə əlaqədar yürüş keçirəcək. Yürüş Ermənistanın Belçikadakı səfirliyinin binası qarşısında etiraz aksiyası ilə davam edəcək.

İSVEÇ
Daha bir etiraz aksiyası İsveçin Stokholm şəhərindəki "SERGELS TORG" meydanında bu ölkədəki "Qarabağ iş Komitəsi"ndə birləşən Azərbaycan diaspor təşkilatları Xocalı qətliamına etiraz əlaməti olaraq mitinq keçirəcəklər. Azərbaycan Federasiyası İsveç (AFİ) isə ölkənin bütün şəhərlərində fəaliyyət göstərən Azərbaycan dərnək və cəmiyyətləri vasitəsilə Xocalı soyqırımı haqqında on minlərlə bülleteni İsveçin bütün ərazisində yayacaq. İsveçrədə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi isə fevralın 20-də Cenevrə şəhərində Ermənistan səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməklə yerli ictimaiyyətin diqqətini Xocalı qətliamına yönəldəcək. Şəhər əhalisinə Xocalı soyqırımı haqqında bülletenlər və bu ölkədə kədər rəmzi sayılan sarı güllər paylanacaq. Danimarkadakı "Vətən" Cəmiyyəti Hillerod şəhərində TV və qəzet əməkdaşlarının da iştirakı ilə Xocalı faciəsinin ildönümünü qeyd edəcək.

ABŞ
Xocalı faciəsinin 18-cı ildönümünü Kanadanın Ottava şəhərindəki Kanada-Azərbaycan Təşkilatlar Assambleyası Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə qeyd edəcək. ABŞ-da da soyqırım qurbanlarının xatirəsi müxtəlif tədbirlərlə anılacaq. Amerika-Azərbaycan Şurasının, Azərbaycan Nyu-York Assosiasiyasının, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən anım tədbirlərində Xocalı faciəsinə dair həqiqətlər yerli ictimaiyyətin diqqətinə çatdırılacaq.

BƏƏ
Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki Azərbaycan Cəmiyyəti Xocalı soyqırımı ilə bağlı BƏƏ Şeyxinin Aparatına, ölkə parlamentinə və İnsan Haqları İnstitutuna məlumat xarakterli müraciətlər göndərəcək. Misir Ərəb Respublikasında fəaliyyət göstərən Vətən Tələbə Cəmiyyəti, Sidneydəki Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi, Tailanddakı Azərbaycan Mədəniyyət Evi, Yeni Zelandiyanın Okland şəhərində fəaliyyət göstərən "Azəri" Yeni Zellandiya - Azərbaycan Dostluq Cəmiyyəti də Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə anım tədbirləri keçirəcəklər.

GÜRCÜSTAN
Gürcüstan Respublikasının Marneuli şəhərində "Azərbaycan Mədəniyyət Mərkəzi" Azərbaycanın Gürcüstandakı səfirliyi ilə birlikdə Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirəcək. Fevralın 26-da, həmçinin, Tbilisi şəhərində "Gürcüstan Azərbaycanlıları Konqresi" Azərbaycandilli orta məktəblərlə birgə Xocalı soyqırımı ilə bağlı elmi praktik konfrans təşkil edəcək.

TÜRKDİLLİ DÖVLƏTLƏR

Özbəkistan Respublikasının Daşkənd şəhərində "Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası" faciə qurbanlarının xatirəsini yad edəcək. Qazaxıstanın Astana şəhərində "Xəzər" İctimai Birliyi Azərbaycanın Qazaxıstandakı səfirliyi ilə birlikdə, Aktau şəhərində isə "Dostluq" Azərbaycan Mədəniyyət Mərkəzi Baş Konsulluqla Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirəcəklər. Hər iki tədbir fevralın 26-na təyin edilib. Qırğızıstanda fəaliyyət göstərən "Azəri" İctimai Birliyi və "Türk Dünyasının Siyasətinə Dəstək" İctimai Fondu Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə anım tədbiri keçirəcəklər.

RUSİYA
Fevralın 26-da Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Moskva şəhərindəki "Bakı" kinoteatrında Xocalı soyqırımına həsr edilmiş toplantı keçirməyi və sənədli film nümayişini nəzərdə tutur. Həmin gün Sankt-Peterburq, Yekaterinburq, Samara, Tula, Ufa, Novosibirsk, Ulan-Ude, Xabarovsk və Rusiyanın digər şəhərlərində də ÜAK-ın regional nümayəndəlikləri Xocalı soyqırımının ildönümünü qeyd edəcəklər. Bundan başqa, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı da Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirəcək.

Digər xəbərlər