PDF Oxu

Əsas

  • 14

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 5 illiyi münasibəti ilə tədbir keçirilib

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 5 illiyi münasibəti ilə tədbir keçirilib
Dünən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin yaradılmasının 5-ci ildönümü və döyüş sırasına yeni daxil edilən sərhəd gözətçi gəmisinə hərbi dəniz bayrağının təqdim edilməsi mərasimi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olmuş gəminin sənədləri şirkətin prezidenti Rövnəq Abdullayev tərəfindən Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevə təqdim edilib.
Daha sonra DSX-nin Sahil Mühafizəsinin yaradılmasının 5 illiyi münasibəti ilə sahil mühafizəsinin klubunda rəsmi tədbir keçirilib.
Tədbirdə DSX rəisi Elçin Quliyev çıxış edib və milli sərhəd siyasətinin yaradılmasını, dövlət sərhədləri mühafizəsi sisteminin təşəkkülünü, dövlət sərhədlərinin etibarlı qorunması istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi çoxsaylı tədbirləri böyük minnətdarlıq hissi ilə qeyd edib.
Elçin Quliyev çıxışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Xəzər dənizində güclü sərhəd mühafizəsi infrastrukturunun yaradılması, sahil mühafizəsinin Xəzər dənizinin Azərbaycana məxsus hissəsində dövlət maraqlarının müdafiəsi və sərhədlərin toxunulmazlığını yüksək səviyyədə təmin etməyə qadir hərbi birləşmə kimi formalaşması xüsusi vurğulayıb.
DSX rəisinin sözlərinə görə, Sahil Mühafizəsinə aid olan gəmilərin texniki imkanları artırılıb, sərhəd dənizçi gəmiləri ən ağır hava şəraitində belə vəzifələrinin öhdəsindən gəlirlər: "Növbəti illərdə də sahil mühafizəsinin xidmətinə daha bir neçə gəmi veriləcək. Əsas məqsədimiz Azərbaycanın dövlət maraqlarını qorumaqdır".
DSX-nin bir sıra dövlət orqanaları ilə sıx əməkdaşlıq etdiyini deyən DSX rəisi ARDNŞ prezideni Rövnəq Abdullayevi və ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovu "Azərbaycan Sərhəd Qoşunlarının yaradılmasının 90-cı ildönümü medalı" ilə təltif edib. Tədbirin sonunda xidmətdə fərqlənən dəniz sərhədçiləri də medallarla təltif olunublar. Bir sıra hərbçilər isə daha yüksək hərbi rütbələrə layiq görülüblər.

Digər xəbərlər