PDF Oxu

Əsas

  • 23

XOCALI SOYQIRIMIDAN 18 İL ÖTÜR

XOCALI SOYQIRIMIDAN 18 İL ÖTÜR

Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı soyqırım aktı törədib. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli faciələrdəndir. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gələrək, qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla-613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 Xocalı sakini əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vuruldu.
(Əvvəli ötən sayımızda)


"Səs" qəzetinin, ənənəvi olaraq, keçirdiyi dəyirmi masanın budəfəki mövzusu da Xocalı soyqırımının ildönümünə həsr edildi. O qanlı soyqırımın baş verməsi ilə bağlı KİV nümayəndələrinin suallarını cavablandırmaq üçün dəyirmi masaya Xocalı rayonunun keçmiş icra başçısı, millət vəkili Elman Məmmədov dəvət olunmuşdu. Dəyirmi masada "AzərTac" dövlət informasiya agentliyinin müxbiri Aidə Quluzadə, "Olaylar" informasiya agentliyi və eyniadlı qəzetin müxbiri Ədil Ədilzadə, "Mərkəz" qəzetinin müxbiri İntiqam Valehoğlu, "525-ci" qəzetin müxbiri Rufik İsmayılov, "Yeni Azərbaycan" qəzetinin müxbiri Pərviz Sadayoğlu, "İki Sahil" qəzetinin müxbiri Aynurə Şirinova, "Qarabağ" qəzetinin müxbiri Zəkurə Quliyeva, "Səs" informasiya agentliyinin müxbiri Oral Mədənçi, "Paritet" qəzetinin müxbiri Səbuhi Şəldiyev və digər aparıcı qəzet və agentliklərin əməkdaşları iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı, Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu söylədi: "Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Qəzetin əməkdaşı, onu da qeyd etdi ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin, davamlı olaraq, etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bu proseslər ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının "dənizdən-dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi, kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda hər cür cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Belə ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.
Qəzetin əməkdaşı onu da bildirdi ki, Xocalı soyqırımı Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı əsasında ölkəmizin hər yerində, o cümlədən, idarə-müəssisələrdə və təşkilatlarda keçirilir: " "Səs" qəzeti sərəncamdan irəli gələn tədbirləri həyata keçirməyi özünə mənəvi borc hesab edib. Hesab edirik ki, bu cür tədbirlərin təşkilatçısı olmaqla, erməni vəhşiliyinin bəşəriyyətə və insanlığa qarşı yönəldiyini bir daha cəmiyyətə, dünya xalqlarına çatdırmalıyıq".

ÖLKƏ RƏHBƏRLİYİ XOCALILARIN MÜRACİƏTİNƏ HEÇ BİR CAVAB VERMİRDİ

Elman Məmmədov:

- Xocalıya ən yaxın olan azərbaycanlı yaşayış məntəqələri Malıbəyli və Quşçular kəndləri idi. Həmin kəndlər Xankəndinin bir kilometrliyində, Xocalıdan təxminən 40 km məsafədə yerləşirdi. Oraya getmək üçün ermənilərin yaşayış məntəqəsindən keçmək lazım idi. Dağın başında yerləşən Kosalar kəndlərinə getmək üçün yenə Tənəzək, Ballıca, Mehlikənd və Qayabaşı adlı erməni kəndlərindən keçməli idin. Bir sözlə, 1988-ci ildən etibarən Xocalı tam mühasirədə idi. Əsgəranlılar qalanı bağlayan kimi Xocalı əhatədə qalırdı. Yalnız hərbçilər işə qarışdıqdan sonra Ağdama keçmək mümkün olurdu. Digər azərbaycanlı yaşayış məntəqələri ilə əlaqə saxlamaq üçün ən yaxşı vasitəmiz vertolyot idi. O vaxt bütün xocalılar adından rayonun müdafiəsini təşkil etmək üçün ölkə rəhbərliyinə çoxsaylı müraciətlər edirdik. Ancaq onlar bizim müraciətlərimizə heç bir cavab vermirdilər. Nəhayət, 1991-ci ilin noyabr ayının 1-də səhər saat 6 radələrində Xocalıdan Ağdam istiqamətinə gedən Abışov Fazil Möhsün oğlunun sürdüyü təşkilat komitəsinə məxsus "UAZ" markalı avtomobil Əsgəranda güllələndi. Nəticədə iki nəfər öldü, bir nəfər yaralandı. Bununla da Xocalının Əsgəran tərəfdən yolu bağlandı. 1991-ci ilin noyabr ayının 1-dən 1992-ci il fevral ayının 25-nə, yəni soyqırım gününə qədər Xocalı mühasirədə qaldı. Bu 4 ay ərzində xocalılar Azərbaycanla əlaqəni yalnız vertolyot və telefon vasitəsilə saxlayırdılar. Həmin müddətdə deputat deyildim, ancaq ali sovetin iclaslarında iştirak edirdim. Onlara Xocalıda baş verənlər haqqında məlumat verirdim. O vaxtkı çıxışlarımın videolentləri də var. Daha sonra deputat seçildikdən sonra həmin videolentlərin müəyyən hissəsini özümlə götürdüm. Biz xocalıların istəyi rayonun Əsgəran tərəfdən yolunun açılması idi. Biz əhalini həmin yol vasitəsilə oradan çıxarmaq istəyirdik. Deyirdik ki, əgər bu yolu aça bilmirsinizsə, heç olmazsa mülki əhalini vertolyotlar vasitəsilə buradan çıxarın. Biz döyüşçülər son nəfəsimizə qədər orada qalacaqdıq. Döyüşçünün borcu torpağını müdafiə etməkdir. Bizim oradan qaçmaq niyyətimiz yox idi.
O dövrdəki ictimai-siyasi vəziyyət hamıya məlumdur. Həmin ərəfədə bir dəstə hakimiyyətə gəlmək istəyirdi, digər dəstə də hakimiyyəti əlindən vermək istəmirdi. Onların Bakıdakı hakimiyyət uğrunda apardıqları dava bizi qırğına verdi. Yəni, əsil müharibə Bakıda gedirdi. Az öncə, Xocalının hər bir tərəfdən erməni kəndləri ilə əhatə olunduğunu qeyd etdim. Üstəlik, buraya 366-cı alay, Ermənistandan gətirilmiş silahlı birləşmələr və Livanda, Suriyada, Fransada təlim keçmiş muzdlular gətirilmişdi. Nəzərinizə çatdırım ki, bu faktları mənə erməni əsirliyindən qayıtmış 1500-ə qədər Xocalı əsiri danışıb. Əsirlikdən qayıdanlar bizə bildirirdilər ki, bizdən müsəlman olduğumuzu soruşurdular və kəlmeyi-şəhadətimizi deməyimizi tələb edirdilər. Hətta səhv deyəndə, onlara düzəliş edirdilər. Deməli, ermənilərin arasında müsəlmanlarda var idi. Yoxsa xristian kəlmeyi-şəhadəti haradan bilir.

"Səs" qəzetinin əməkdaşı:

- Bəs Xocalının müdafiəsində kimlər iştirak edirdi?

XOCALININ ERMƏNİLƏRLƏ MÜQAYİSƏDƏ QÜVVƏLƏR NİSBƏTİ ÇOX ZƏİF İDİ

Elman Məmmədov:

- Xocalının müdafiəsində xocalılardan başqa, cəmi 16 nəfər Bakıdan gələn dəstə iştirak edirdi. Həmin 16 nəfər mərhum Milli Qəhrəmanımız Aqil Sahib oğlu Quliyevin rəhbərlik etdiyi dəstə idi. Onlar 1991-ci ilin dekabr ayının 25-də cəmi 21 nəfərdən ibarət dəstə ilə Xocalıya gəlmişdilər. Yanvar ayında isə dəstənin 5 nəfər üzvü silah-sursat çatışmazlığı ucbatından Bakıya qayıtdı. 1992-ci ilin yanvar ayının 28-də Ağdamdan Şuşaya uçan 1800 vertolyotu Xankəndi üzərində vuruldu və 49 nəfər azərbaycanlı şəhid oldu. Bununla mülki vertolyotların uçuşu da dayandırıldı. Yəni, biz xocalılardan əlavə, rayonun keşiyində cəmi 16 nəfər dururdu. Təsəvvür edin, bu qədər rus-erməni ordusunun qarşısında əl-ayağı yalın, mülki insanlar dayanmışdı. Rayonun müdafiəsində bir nəfər də olsun hərbi ixtisasa malik insan yox idi.
1991-ci ilin oktyabr ayında Azərbaycan Müdafiə Nazirliyi yaradıldı. Həmin gündən mən nazirliyin qapısını "mazol" eləmişdim. Onlardan Xocalıya heç olmazsa, bir nəfər belə olsa, hərbçi zabit vermələrini tələb edirdim. Bu da sovet hökumətinin yürütdüyü siyasət idi. Sovet ordusunda xidmət edən 1000 azərbaycanlının yalnız 3-5-i hərbi hissədə olurdu, qalanı tikinti batalyonunda qalırdı. Ancaq ermənilərin hamısı professional hərbçi idi. Rayonun müdafiəsində adı hallanan 817 saylı Xocalı ərazi özünü müdafiə batalyonu idi. Onun siyahıda 150 nəfər döyüşçüsü olsa da, yalnız 120 nəfəri silahla təmin olunmuşdu. Bu batalyonun silahları avtomatdan, 4 ədəd əl pulemyotundan, 2 ədəd qranatamyotdan ibarət idi. Həmin 2 ədəd qranatamyotdan da birinin nişangahı yox idi. Xocalı polis bölməsinin isə 50 nəfər polis işçisi var idi. Silahları "Makarov" tipli tapançalar və 25-30 ədəd avtomat idi. Yəni, polislərin də hamısının silahı yox idi. Xocalı aeroportunun müdafiəsində Əlif Hacıyevin rəhbərliyi ilə 25 nəfərdən ibarət polis dəstəsi dururdu. Bunlar da avtomat və tapançalarla silahlanmışdılar. Xocalı ərazisində 29 dairəvi post yaratmışdıq. Çünki rayon bütünlüklə erməni yaşayış məntəqələrinin əhatəsində idi. Biz ermənilərin bir tərəfdən Xocalıya hücum edəcəyini gözləsək də, onlar hər tərəfdən hücuma keçmişdi.
Qeyd edim ki, Xocalının ərazisi çökəklikdə, erməni məntəqələrinin hamısı isə yüksəkliklərdə yerləşirdi. Xocalıya ən yaxın erməni yaşayış məntəqəsi Loraguf kəndi idi ki, onun əhalisinin sayı 3-4 min nəfər idi. Onunla aramızdan Hilis çayı keçir və aradakı ümumi məsafə 500 metrdir. Təsəvvür edin ki, xocalılar bu qədər erməni kəndləri qarşısında çox az qüvvə ilə müdafiə olunurdu. Həmin vaxt ölkə rəhbərliyinə saysız-hesabsız muraciətlər etdik, teleqramlar vurduq. Müraciətlərin məzmunu yalvarışdan, tələbdən və xahişdən ibarət idi. Onlara bildirirdik ki, biz hər an fəlakətə düçar ola və qırğına məruz qala bilərik. Qüvvələr nisbəti qeyri-bərabərdi. Bizi xilas etmək üçün tədbir görün. Ay o vaxtkı zalım respublika rəhbərləri, bu ölkənin vətəndaşları 4 ay sizə yalvardı ki, bizə kömək edin. Ancaq Xocalıya kömək edən olmadı.
Qızğın müharibə gedirdi, ölən və yaralalanlar var idi. Meyitləri dəfn edə bilmirdik, 3-5 günlə evlərdə qalıb, şişirdi. Qəbiristanlıq qayanın üstündə yerləşirdi, orada adam görən kimi atəşə tuturdular. Çarəsiz qalıb meyitləri gecə basırırdıq. Yaralıların və xəstələrin sayı çoxalırdı. Ərzaq və qida çatışmazlığı baş alıb gedirdi. Yəni, son 1 ay ərzində ölkə rəhbərliyinə ünvanladığımız çoxsaylı müraciətlərin cavabı bundan ibarət oldu ki, qorxmayın, möhkəm durun, gəlirik.

"Səs" qəzetinin əməkdaşı:

- O vaxt müdafiə naziri kim idi?

Elman Məmmədov:

- Müdafiə naziri, əvvəlcə Valeh Bərşadlı, sonra Tacəddin Mehdiyev oldu. İnanın ki, hamısı bir-birinə qarışmışdı və hansının müdafiə naziri səlahiyyətlərini icra etdiyini anlamaq olmurdu. Bakıda Müdafiə Nazirliyinin qarşısında hər gün piket keçirilirdi. Rəhim Qazıyevin, Fəhmin Hacıyevin və s. şəxslərin rəhbərlik etdiyi dəstələr arasında sanki piket yarışı gedirdi. Yəni, hakimiyyətsizlik baş alıb gedirdi.

"Olaylar" informasiya agentliyi və eyniadlı qəzetin müxbiri:

- O vaxt ölkə prezidenti Ayaz Mütəllibov idi. Onunla bu barədə görüşünüz olub?

AYAZ MÜTƏLLİBOV HEÇ KİMLƏ GÖRÜŞMƏK İSTƏMƏDİ

Elman Məmmədov:

- Ayaz Mütəllibova xocalıların çoxsaylı müraciətləri oldu. Ancaq son iki ayda, yanvar və fevral aylarında nə qədər can atdımsa, onunla görüşə bilmədim. Axırıncı dəfə Bakıda fevral ayının 9-10-da oldum. Müdafiə Nazirliyinə gəldim, burada qərargah rəisi Dadaş Rzayevlə görüşdüm. Ona əməliyyat xəritəsi vasitəsilə Ağdamdan Xocalıya gedən başqa yolları göstərdim. Həmin əməliyyat xəritəsini 1997-ci ildə Xocalı məhkəməsində də istintaqa təqdim etmişdim. Mən D.Rzayevə bir neçə rəngli "plamastr"la işarə etdiyim həmin yolları göstərərək, bildirdim ki, ermənilərin buralardan qətiyyət xəbəri yoxdur. Çünki biz kəşfiyyatçılarımızı həmin yollarla Ağdama silah-sursat və dava-dərman gətirməyə göndərirdik. Qeyd edirdim ki, buralardan keçməklə Xocalıya yardım əlinizi uzada bilərsiniz. Onda keçmiş qərargah rəisi tək deyildi, onun yanında bir nəfər Arif Salahov adlı polkovnik də var idi. Sonra həmin polkovnik general oldu, indi isə rəhmətə gedib. Bu hadisədən sonra A.Mütəllibovla görüşmək üçün iki gün Bakıda qaldım. Köməkçisi mənə bildirdi ki, A.Mütəllibov sizi qəbul etmək istəmir. Deyir ki, respublikanın sahibi və onun müdafiəsi ilə məşğul olanlar var.

(Ardı var)

Digər xəbərlər