PDF Oxu

Əsas

  • 13

Fransada Xocalı faciəsinin ildönümü ilə bağlı geniş tədbirlər planı həyata keçiriləcək

Fransada Xocalı faciəsinin ildönümü ilə bağlı geniş tədbirlər planı həyata keçiriləcək
Fevral ayının 25-də Azərbaycanın Fransadakı səfirliyi ölkəmizin YUNESKO yanındakı daimi nümayəndəliyi ilə birlikdə xalqımızın qan yaddaşına çevrilmiş Xocalı faciəsi ilə əlaqədar tədbir keçirəcək. Tədbirdə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı təmsilçisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyasının təqdimatı olacaq. Fransa ictimaiyyəti nümayəndələrinin, Azərbaycan diasporu üzvlərinin, bu ölkədə yaşayan azərbaycanlıların, burada təhsil alan tələbələrimizin və digər qonaqların iştirak edəcəyi mərasimdə soyqırımdan bəhs edən qəzetlərin materiallarından və fotolardan ibarət sərgi təşkil ediləcək. Tədbir iştirakçıları faciə ilə bağlı xüsusi hazırlanmış müraciətə imza atacaqlar. Bu müraciət dünyanın müxtəlif ölkələrinə, senat və assambleyalarına, ictimai təşkilatlarına və mətbu orqanlarına göndəriləcək.
Fevral ayının 26-da Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən Azərbaycan diasporu, yerli və xarici təşkilatlar, eləcə də, akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə Avropa Parlamentlər Assosiasiyasının binasında Xocalı faciəsinə həsr olunmuş anma mərasimi keçiriləcək. Tədbir iştirakçılarına insanlıq tarixində ən dəhşətli cinayətlərdən biri olan Xocalı faciəsinin əsil mahiyyəti, dövlətimizin bu istiqamətdə ardıcıl şəkildə həyata keçirdiyi tədbirlər, ermənilərin xalqımıza qarşı törətdiyi terror aktları barədə məlumat veriləcək.
Soyqırımla bağlı məlumatın yerli kütləvi informasiya vasitələrində yerləşdirilməsi, Strasburq Universitetində Xocalı faciəsinə dair Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş materiallar əsasında sərginin və dəyirmi masanın təşkil edilməsi də nəzərdə tutulub. Daimi nümayəndəlik faciə haqqında tutarlı materialları özündə əks etdirən pres-reliz hazırlayaraq, Avropa Şurasının katibliyi, üzv ölkələrin daimi nümayəndəlikləri, eləcə də, Strasburqda fəaliyyət göstərən konsulluqlar arasında yayacaq. Strasburqda fəaliyyət göstərən "Azərbaycan Evi"nin təşəbbüsü ilə fevral ayının isə 21-də yerli radioda fransız dilində Xocalı faciəsinə həsr olunmuş iki saatlıq veriliş səsləndiriləcək.
Fevralın 25-də faciə ilə bağlı konfrans keçiriləcək. Həmçinin, "Azərbaycan Evi" Azərbaycanla Mədəni Əlaqələr və Azərbaycan Kultur cəmiyyətləri, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası ilə birlikdə fevral ayının 27-də Strasburqun Kleber meydanında mitinq təşkil edəcək.
Fransada fəaliyyət göstərən Azərbaycan-Fransa Gənclik Assosasiyası "İrəli" gənclər təşkilatının dəstəyi sayəsində bu ölkədə təhsil alan tələbələr, burada yaşayan azərbaycanlılar Xocalı soyqırımı ilə bağlı Parisdə yürüş-nümayiş keçirəcəklər. Bir qrup tələbə isə Ermənistanın Fransadakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyi nəzərdə tutub.

Digər xəbərlər