MAQATE ilə əməkdaşlıq əlaqələri mövcuddur
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə mətbuat konfransı keçirildi.
Komitə sədri Ramiz Həsənovun giriş sözü ilə açdığı konfrans Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin ötən ildə gördüyü işlər və ümumilikdə, göstərdiyi fəaliyyəti əhatə edən hesabat xarakteri daşıyırdı.
Qurumun fəaliyyəti barədə məlumat verən Ramiz Həsənəv onun, məhz 2008-ci ildə Dövlət Komitəsi olmasını və 2009-cu ildə əsasnaməsinin qəbul olunduğunu bildirdi. Son zamanlar isə komitənin fəaliyyətinin Avropa Birliyinin tələblərinə uyğunlaşdırmaq üçün tədbirlər görüldüyü nəzərə çatdırıldı. Bunun üçün uyğunluğun qiymətləndirilməsi və s. kimi qanunların qəbulu nəzərdə tutulur ki, onlar da artıq Milli Məclisə təqdim olunub. Bunlar Avropa qanunlarına tam uyğun gəlir. Komitə sədri, həmçinin, bildirdi ki, hazırda iki böyük layihə həyata keçirilir. Bunlardan birincisi ondan ibarətdir ki, Avropadan ekspertlər, mütəxəssislər gələrək, komitənin işinə nəzarət edir və treninqlər keçirirlər. Bu layihə artıq ikinci ildir ki, həyata keçirilir. İkinci bir layihə isə, ondan ibarətdir ki, Almaniya şirkəti tərəfindən əməkdaşlara iki həftəlik treninqlər keçilir və tədbirin sonunda təşkilatçılara beynəlxalq səviyyədə tanınan sertifikat veriləcək.
2009-cu ildə Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin Avropa Standartlaşdırma Komitəsinin müşahidəçi üzvü olması barədə məlumat verən R.Həsənov bu il həqiqi üzv seçilə biləcəkləri ehtimalının olduğunu istisna etməyib. O, beynəlxalq atom enerjisi təşkilatı olan MAQATE ilə əməkdaşlıq edildiyini də jurnalistlərin nəzərinə çatdırdı. O, həmçinin, bildirdi ki, bu il Azərbaycanda dozimetrik laboratoriya inşa edəcək və onu avadanlıqla təmin edəcək.
Ötən il ərzində 70-ə yaxın milli standart qəbul olunub. Bunlardan bəziləri milli standartlarla uyğunlaşdırılan beynəlxalq standartlardır.
Bundan başqa, pirotexniki məhsullar üçün standartlarımızın da hazırlanmaqda olduğunu qeyd etdi. Komitə sədri, həmçinin, onu da bildirdi ki, cənab Prezidentin xüsusi tapşırığı ilə yanacağı milli standartlar qəbul edilməsi üzərində iş aparılır. Bu iş ARDNŞ ilə birgə aparılır. Çünki yerli yanacaqlar da Avropa standartlarına uyğun olmalıdır. İyulun 1-dən avro-2 standartı Azərbaycanda qüvvəyə minəcək. Bu standart idxal olunan və Azərbaycan da istehsal edilən avtomobillərə tətbiq ediləcək. Bu standarta uyğun gəlməyənlərin istifadəsi qadağan olunacaq.
Bakıda və regionlarda meterologiya laboratoriyaları yaradılıb. Bu laboratoriyalar tam təsərrüfat hesablı olmasına baxmayaraq, dövlətin tabeçiliyindədir.
Dövlət nəzarəti tədbirlərinin əhəmiyyətindən danışan R.Həsənov ciddi nöqsanlara yol verən müəssisələrə xəbərdarlıq edildiyini, 118 protokol tərtib olunduğunu, onlar üzərinə 46 min 475 manat məbləğində cərimə tətbiq olunduğun bildirdi. İnsan həyatı üçün təhlükəli olan 40 tona yaxın qənnadı, 1 ton düyü, 10 ton balıq konservləri, 60 min litr alkaqolsuz içkilər, 7,3 ton un, 10 ton süd məhsulları, 8,5 ton tərəvəz məhsulları satışdan çıxarılıb. 2009-cu ilin Uşaq ili olduğunu nəzərə çatdıran R.Həsənov ötən il ərzində uşaq istehlak malları üzərində araşdırmalar aparıldığını bildirdi. O, görülmüş işlər nəticəsində Çin Xalq Respublikasından gətirilmiş 10 adda məhsulun dövriyyədən çıxarıldığını da nəzər-diqqətə çatdırmışdır. R.Həsənovun dediyinə görə, 26 yanacaqdoldurma məntəqəsində satılan yanacağın normaya uyğun olmadığı aşkar olunmuş, 156 qaz sobası satışdan çıxarılmış, onların idxalına son qoyulmuşdur. O, 2009-cu il ərzində komitəyə əmtəə nişanlarının qeydiyyatdan keçirilməsi ilə bağlı 1600 müraciətin daxil olmasını bildirdi. Onun fikrincə, həm yeni yaranmış, həm də köhnə şirkətlərin öz əmtəə nişanlarını qeydiyyatdan keçirmək məqsədi daşıyır.
Artıq ölkəmizdə əhəmiyyətli bir problemə çevrilmiş qaz zəhərlənməsinə də toxunan R.Həsənov 2010-cu ilin ilk ayları ərzində 100 müəssisədən normalara uyğun gəlməyən 538 ədəd qızdırıcı cihazın aşkar olunduğunu xüsuilə vurğulamışdır.
Perspektivdə isə Milli Etalon Mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu bildirən komitə sədri artıq bunun üzərində işin aparıldığını bildirdi və aprel ayında bu mərkəzin açılış ehtimalının olduğunu diqqətə çatdırdı. Bu mərkəzə məhz çəki, təzyiq, sıxlıq, elektrik etalonlarının aid olacağını bildirdi.