Parlamentin iclasında "KİV haqqında qanun"a düzəlişləri qəbul etdi
Dünən Milli Məclisin növbəti iclası keçirildi. Deputatlar əvvəlcə gündəliyə, həmçinin, digər məsələlərə dair fikir və təkliflərini bildirdilər.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyevin təklifi uşaqların sağlam doğulmasının hüquqi bazasının möhkəmləndirilməsi üçün Ailə Məcəlləsinə əlavələrin edilməsi ilə bağlı oldu. Onun sözlərinə görə, bir çox ölkələrdə vətəndaşlar nikaha daxil olarkən, sağlamlıqları barədə bir-birlərini məlumatlandırırlar. Ölkəmizin Ailə Məcəlləsində bu məsələ öz əksini tapsa da, nikaha daxil olanların sağlamlıqları barədə bir-birlərini məlumatlandırmaları daha da ciddiləşdirilməlidir. Yəni nikaha daxil olanlar ən azından 5-6 xəstəlik üzrə sağlam olmaları barədə arayış almalıdırlar.
M.Quliyev bununla əlaqədar Ailə Məcəlləsinə əlavələr edilməsi ilə bağlı məsələnin Milli Məclisin gələn iclaslarının birinin gündəliyinə salınmasını təklif etdi.
Deputatlardan Zahid Oruc və Tahir Rzayevin çıxışları bir neçə gün öncə yağan güclü qardan sonra bəzi mətbu orqanlarda yer alan fikirlərlə bağlı oldu. Həmin günlərdə bütün aidiyyatı dövlət orqanlarının qarın və güclü çovğunun yaratdığı problemlərin nəticələrinin aradan qaldırılmasına səfərbər olunduqlarını deyən deputatlar əlavə etdilər ki, hər hansı məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. Təbii fəlakətin doğurduğu problemlərdən qaranlıq məqsədlər üçün istifadə olunması yersizdir.
Spiker Oqtay Əsədov deyilən fikirlərə cavab olaraq, qeyd etdi ki, güclü qar yağan günlərdə dövlət orqanları üzərlərinə düşən vəzifələri yerinə yetirdilər. ABŞ-da qarlı və şaxtalı havalarda Vaşinqton şəhərində minlərlə evin işıqsız qaldığını xatırladan Oqtay Əsədov diqqəti Bakı şəhərində elektrik enerjisinin kəsildiyi saatlarda aidiyyatı orqanların gərgin fəaliyyətinə yönəltdi.
"Əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün hər kəs çalışmalıdır"
Bu fikirləri, gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi. Qarşıdan Xocalı soyqırımının ildönümünün gəldiyini bildirən Ziyafət Əsgərovun sözlərinə görə, bu faciə ilə bağlı əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün hər kəs çalışmalıdır. Amma təəssüf ki, bəzi deputatlar xarici qonaqlarla görüşlərdə bildirirlər ki, Azərbaycan parlamenti Xocalı faciəsini soyqırımı kimi tanımayıb. Ziyafət Əsgərov həmin deputatların diqqətinə çatdırdı ki, Azərbaycan Milli Məclisi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
"24 apreli sağmal inəyə çeviriblər. ABŞ Konqresinə müraciət edərək deyirəm: Bu, onların işi deyil, tarixi məsələdir. Qoy bu işi tarixçilər araşdırsın". Bu bəyanatı səsləndirən Z.Əsgərov bildirdi ki, hər ilin aprelində Türkiyəni şantaj etməyə çalışırlar: "Mən soruşmaq istəyirəm: bəs Xocalı soyqırımını niyə tanımırsınız? Axı bu faciə bütün dünyanın gözü qarşısında baş verib. Əminəm ki, ABŞ Konqresi bu məsələyə baxmayacaq".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov daha sonra bildirdi ki, Ermənistan Ali Məhkəməsinin Türkiyə ilə imzalanmış protokollar barədə qərarı beynəlxalq hüquq normalarına sığmayan bir vəziyyət yaradıb. Beynəlxalq sənəd imzalanandan sonra ona qarşı heç bir şərt irəli sürülə bilməz. Beynəlxalq ictimaiyyət isə Ermənistana deyil, Türkiyəyə təzyiq edir. Hər il aprel ayı yaxınlaşanda, ABŞ Konresində qondarma "erməni soyqırımı" məsələsi gündəmə gətirilir. Ziyafət Əsgərov ABŞ Konqersinin üzvlərini bu məsələdə obyektiv olmağa çağırdı və qondarma soyqırımı ilə bağlı məsələyə baxılmayacağına əminliyini ifadə etdi.
"Ermənistan Rusiyanın quberniyasıdır"
Z.Əsgərov onu da bildirdi ki, Ermənistan sülh danışıqlarında qeyri-konsturktiv mövqeyini davam etdirir: "Mən başa düşürəm, Ermənistan müstəqil deyil. Bunu hamı yaxşı bilir ki, Ermənistan Rusiyanın bir quberniyasıdır. Böyük dövlətlər Ermənistanı başa salmalıdırlar. Əks-halda Dağlıq Qarabağ münaqişəsinin digər variantlarda ədalətli həlli qaçılmazdır. Biz bu məsələnin uzadılmasını istəmirik. Əks-halda, problemin digər yolla həlli qaçılmazdır".
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" qanun layihəsini müzakirəyə təqdim etdi. Bildiridi ki, layihəyə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Mühasibat uçotu haqqında" qanunlara qeyri-hökumət təşkilatları ilə bağlı əlavələrin və dəyişikliklərin edilməsi təklif olunur. Rəbiyyət Aslanova bu əlavə və dəyişiklikləri ölkəmizin demokratik prinsiplərə sadiqliyinin nümunəsi kimi dəyərləndirdi.
Qeyd edək ki, layihədə "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" qanunun 20-ci maddəsinin birinci hissəsinə bu məzmunda ikinci cümlənin əlavə edilməsi təklif olunurdu: "Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qeyri-hökumət təşkilatının təsisçisi ola bilərlər. Mülki Məcəllənin 47.2-ci maddəsinə bu məzmunda üçüncü cümlənin əlavə edilməsi təklif olunurdu: "Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə, dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. Həmçinin, məcəlləyə 50.1-1 maddənin əlavə olunması təklif edilirdi. Bu maddəyə görə, qeyri-hökumət təşkilatlarının adlarında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə, Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından istifadə edilə bilməz".
Müzakirələr zamanı deputatlardan Azay Quliyev əlavə və dəyişikliklərin nəticəsində QHT sektoru ilə bağlı qanunvericiliyin daha da möhkəmlənəcəyini dedi. Azay Quliyev bu gün Azərbaycanda 2483 QHT-nin dövlət qeydiyyatından keçdiyini də diqqətə çatdırdı.
Deputat Fazil Mustafa isə görkəmli şəxsiyyətlərlə bağlı məsələyə konkretlik gətirməsini təklif etdi. Deputat Musa Quliyevin sözlərinə görə, isə əgər QHT-lərin adında görkəmli şəxsiyyətlərin adlarından xoş məramla istifadə olunursa, niyə də olmasın?
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd etdi ki, görkəmli şəxsiyyətlərin adlarının konkret göstərilməsi qanunun predmeti deyil: "Yəqin ki, qanun qüvvəyə mindikdən sonra, bu məsələ ilə bağlı Nazirlər Kabinetinin qərarı olacaq".
Müzakirələrdən sonra millət vəkillərinin səs çoxluğu ilə qanun layihəsi qəbul olundu.
Milli Məclis "KİV haqqında qanun"a düzəlişləri qəbul edib
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa, "Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə" qanun layihəsini müzakirəyə təqdim etdi. R.Aslanova onu da bildirdi ki, Avropa Konvensiyasının 10-cu maddəsinə, habelə, Beynəlxalq Jurnalistlər Federasiyasının 1986-cı ildə qəbul edilmiş sənədinə və başqa sənədlərə istinad edib.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deputatlardan İqbal Ağazadənin və Pənah Hüseynovu fikirlərinə münasibət bildirərək, dedi ki, söhbət hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlığından gedir: "Şəxsi həyat başqa şeydir, ictimai həyat başqa. Ötən il Konstitusiyaya əlavə və dəyişikliklərdə bu məsələ yüz ölçülüb-bir biçilib".
Z.Əsgərov Azərbaycanın hələ 1992-ci ildə, AXC hakimiyyəti dövründə bu məsələ ilə əlaqədar qoşulduğu beynəlxalq sənəddən misal gətirərək, hazırkı əlavələrin və dəyişikliklərin həmin sənədin müddəalarına uyğun olduğunu diqqətə çatdırdı. Deputat Qüdrət Həsənquliyev bildirdi ki, layihədə jurnalistlərin fəaliyyətini məhdudlaşdıran heç nə yoxdur.
Qeyd edək ki, "KİV haqqında qanun"un 60-cı maddəsinə aşağıdakı düzəliş təklif olunur: "Əməliyyat-axtarış tədbirləri istisna olmaqla, heç kim razılığı olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənilə, video və fotoçəkilişə və səsinin yazılmasına məruz qala bilməz". Bu dəyişiklik bütün digər sadalanan qanunlara da ediləcək.
Müzakirələrdən sonra qanunlara təklif edilən əlavə və dəyişikliklər yeddi nəfər əleyhinə olmaqla qəbul edildi.