AMEA-da Prezident Sərəncamı ilə bağlı brifinq keçirilib
Dünən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il fevralın 9-da imzaladığı "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" Sərəncam ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirilib.
Brifinqdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamının əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Prezident Sərəncamının ölkəmizdə elmin inkişafında, elmi kadr potensialının artırılmasında və Azərbaycan elminin dünya elminə inteqrasiya olunmasında önəmli rolu olacaq. O, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın əhəmiyyətini xatırladaraq, respublikamızda elmin tərəqqisinə daim böyük önəm verildiyini diqqətə çatdırıb. Prezident Sərəncamının sonsuz maraq və rəğbətlə qarşılandığını qeyd edən akademik M.Kərimov elm sahəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə Prezident Sərəncamının mahiyyəti və bununla bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 500 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Akademik A.Əlizadə bildirib ki, müvafiq Müsabiqə Komissiyası xarici ölkələrdə (Almaniya, Fransa, Belçika, Avstriya, İspaniya və s.) doktoranturada təhsil almaq üçün göndəriləcək 10 namizədi müəyyənləşdirib. Onlar elmin ayrı-ayrı sahələrində prioritet istiqamətlər üzrə təhsillərini davam etdirəcəklər. Sonra akademiklər M.Kərimov və A.Əlizadə jurnalistləri maraqlandıran suallara cavab veriblər.