PDF Oxu

Əsas

  • 25

Xocalı soyqırımından 18 il ötür

Xocalı soyqırımından 18 il ötür

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə "Xocalı soyqırımının on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib. Tədbirlər planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Xocalı sakinlərinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında materialların hazırlanması və yayılması nəzərdə tutulmuşdur.
(Əvvəli ötən sayımızda)

Sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər və s. keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcəkdir. Rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda şəhid ailələrinə yardım göstəriləcəkdir. İldönümü ərəfəsində internet şəbəkəsində Xocalı soyqırımını əks etdirən məlumatlar yeniləşdiriləcək, ölkə televiziya və radio verilişlərində kütləvi informasiya vasitələrində bu soyqırımı ilə bağlı materiallar veriləcəkdir. Fevralın 26-da saat 17.00-da bütün ölkə ərazisində şəhid xocalılıların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, həmin gün təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq.
"Səs" qəzeti, ənənəvi olaraq, keçirdiyi dəyirmi masanın budəfəki mövzusunu da, məhz Xocalı faciəsinin ildönümünə həsr etmişdi. Dəyirmi masada sabiq müdafiə naziri Rəhim Qazıyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Xocalı rayon icra hakimiyyətinin işçisi Nadir Rəşidov, şəhid atası və Qarabağ əlili Qədim Abbasov, veteran-döyüşçü Nazim Hüseynov, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov, Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun sədri, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin üzvü Bəxtiyar Əliyev, İslam Konfransı Gənclər Forumunun əməkdaşı Elməddin Mehdiyev iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev fevral ayının birinci ongünlüyündən başlayaraq, sonuna qədər xalqımız üçün faciəli günlərlə yaddaqalan olduğunu söylədi. Qeyd etdi ki, 1987-ci ilin fevralın 13-də Xankəndində ermənilərin ilk separatçı mitinqlərə başlayıb. Bununla da Qarabağın rus hərbi birləşmələri ilə qəsb olunmasının əsasını qoyublar. 1992-ci il fevralın 14 və 15-də Qarabağın Qala Qapısı adlanan Malıbəyli və Quşçular kəndləri erməni işğalçıları tərəfindən işğal olunub. Fevralın 25-dən 26-sına keçən gecə isə ermənilər Xocalıda insanlığa və bəşəriyyətə qarşı soyqırım həyata keçirdilər: "Erməni hərbi birləşmələri keçmiş SSRİ-nin Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alayının ağır hərbi texnikasının dəstəyilə Xocalıya hücuma keçdilər. Artilleriya silahlarından, ağır hərbi texnikadan açılan aramsız atəşlə müşayiət olunan hücum nəticəsində Xocalı mühasirəyə düşdü, yanğınlar başlandı. Fevralın 26-sı səhər şəhər alova bürünmüşdü. Həmin vaxt şəhərdə olan təqribən 2 min 500 nəfərə yaxın əhali məcburi şəkildə öz ev-eşiklərini ataraq, Ağdama doğru hərəkət etdi. Lakin şəhəri tərk etmək hamıya nəsib olmadı. Erməni hərbi birləşmələri 366-cı alayın köməyilə dinc əhaliyə qarşı xüsusi qəddarlıqla cəza tədbirləri həyata keçirdi. Ermənilər 613 nəfər azərbaycanlını vəhşicəsinə qətlə yetirdilər. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl adam idi. 8 ailə bütövlükdə qətlə yetirildi. 487 nəfər yaralandı. Yaralananların 76 nəfəri uşaq idi. Girov götürülənlərin sayı 1275 nəfər təşkil edir. 150 nəfərin aqibətindən isə hələ də xəbər-ətər yoxdur. Dövlətə və vətəndaşlara külli miqdarda - 5 milyard rubl dəyərində ziyan vuruldu (01.04.1992-ci ilin qiymətləri ilə). XX əsrin genosid və etnik təmizləmələr tarixində qanlı səhifələrdən biri də Xocalı soyqırımıdır. Həmin hadisə ilə bu və ya başqa cür əlaqəsi olan adamlar, hələ ki, öz vicdanları qarşısında məsuliyyət daşıyırlar. Lakin vaxt gələcək onlar tarixin məhkəməsi qarşısında dayanacaqlar. Çünki tarix heç nəyi unutmur".
İ.Əliyev o dövrün qanlı olayları və Xocalı soyqırımı ilə bağlı müzakirələrin aparılmasının vacibliyini söylədi.

AXC-NİN İDARƏ HEYƏTİNDƏ TƏMSİL OLUNANLARIN ƏKSƏRİYYƏTİ XƏYANƏTKAR OLUB

Təhmasib Novruzov:

- Biz öz içimizdə düşmən deyil, günahkar axtarırıq. Kiminsə öz səhvini anlamasına çalışırıq. Qeyd etdiyiniz kimi, mən hərəkatın başında duranlardan olmamışam. Mən hərəkatın Ali Məclisinin üzvü idim. Yəni, İdarə Heyətində təmsil olunmamışam. Xalq Cəbhəsinin yüksək postu olan İdarə Heyətində təmsil olunanların əksəriyyəti xəyanətkar olub. 1992-ci ilin aprel ayında Əbülfəz Elçibəyin prezidentliyə namizədliyi irəli sürüləndə buna etiraz olaraq AXC üzvlüyündən istefa vermişəm. O gündən bu günə qədər bu səhvləri deyirəm. Bu səhvlərə Rəhim Qazıyevdən və Pənah Hüseyndən başqa münasibət bildirən olmayıb. Mart ayının 5-də İsa Qəmbərlə bağlı baş verən hadisəni unutmaq olmaz, bu bir tarixdir. O, Ayaz Mütəllimovun istefasını bir az dayandırın deyib, Bakıya gələcəyini bildirmişdi. Həmin vaxt Popov Ağdam rayon İcra Hakimiyyətinin "Qonaq Evi"ndə oturmuşdu. Rəhim bəy də təsdiq edər ki, əməliyyata məhz o rəhbərlik edirdi. Həmin vaxt Rəhim bəy hələ müdafiə naziri təyin olunmamışdı. Popovun özü də etiraf edirdi ki, bu əməliyyat üçün küllü miqdarda pul danışılıb. Yəni, pulunuzu verəcəksiniz, məsələ həll olunacaq. Bu tarixi bir şans idi ki, ələ düşmüşdü. Çox təəssüf ki, bundan istifadə etmək əvəzinə bütün bunlara arxa çevirdik. Xəyanət bu oldu ki, həmin vaxt istefa söhbəti dayandırmalı idi. Əməliyyat başladıqdan sonra Ağdamın içinə tankla yeridilər. Xəbər gəldi ki, A.Mütəllimov artıq istefa ərizəsini yazıb və bunu elan edib. Qoşun geri qayıtdı və bunun qarşısını almaq mümkün olmadı. Niyə etdin sualına bu günə qədər İ.Qəmbərovdan cavab alınmayıb. İ.Qəmbərov sonradan deyirdi ki, mən bunu bilməmişəm. İstefa verib Moskvaya getdikdən sonra A.Mütəllimovla görüşüm oldu. O mənə dedi ki, sənin bildiklərindən əlavə sənə daha ciddi faktlar verəcəm. O dedi ki, mən İ.Qəmbərovu və İsgəndər Həmidovu çağırıb dedim ki, a kişilər, Ağdamla əlaqə saxlayın və vəziyyəti pozmayın. Qoyun bu iş baş versin, ondan sonra mən istefa verib gedərəm. Bu hakimiyyət, bu da siz. Bunlar A.Mütəllimovun mənə dedikləridir. Amma fakt odur ki, bizim Milli Məclisin keçmiş üzvü Timoşenko və onun köməkçisi, tərcüməçi-vəkil Ramiz adlı bir şəxslə mənim söhbətim oldu. Timoşenko İ.Həmidova bildirmişdi ki, Xocalı və Əsgəranla bağlı əməliyyat başlanmalıdır, siz bu istefanı dayandırmalısınız. Bu istefa həmin gün olmamalı idi.
Mənim R.Qazıyevlə bağlı fikirlərim həmişə olduğu kimidir. Dəfələrlə bildirmişəm ki, o, həbs olunana qədər tamam başqa adam idi. Həbsdən gəldikdən sonra isə ona qarşı məndə şübhələr oyandı. Həbs olunana qədərki müddətdə gücü çatdığı qədər piston, patron və digər silah-sursat ləvazimatları toplayıb, öz əlləri ilə döyüş bölgəsinə paylayırdı. Hamı bilirdi ki, o zaman tüfəngi olanın patronu yox idi. O, bu işlərə can qoyan insan idi. 1990-cı ildə həbsxanadan çıxdıqdan sonra, onun hərəkətləri şəxsən məndə şübhə oyatdı. Onunla söhbətimdə də bunları dəfələrlə bildirmişəm. Konkret olaraq, batalyonun komandiri Yaqub Rzayevin Xuranburddan endirilmə əmri nə üçün verildi? O nədən həbs olundu və Mamed adlı heç bir təcrübəsi olmayan bir şəxs onun yerinə təyin olundu? O, təyinat aldığı gün Xuranburddan qüvvəni endirərək, Ağdamda idman kompleksinin binasında yerləşdirdi. Bu hadisələr məndə şübhə yaradan amillərdir. Hesab edirəm ki, Rəhim bəy bu cür şübhəli məqamları eşitməyə və onlara cavab verməyə hazırdır. İstərdim ki, bunların hamısına aydınlıq gətirilsin.

"Səs" qəzetinin əməkdaşı:
- Xocalı şəhərinin, Quşçununu, Malıbəylinin və Ağdamın işğalında Rəhim Qazıyevin rolunu nədə görürsünüz?

Təhmasib Novruzov:
- Rəhim Qazıyevin müdafiə naziri işlədiyi müddətdə etdiyi səhvlərlə bağlı fikir söyləyə bilərəm. Xuranburdun Daşbaşında oturub, Xankəndini əlinin altında saxlamaqla, Şuşaya daxil olan erməni ordusunu zərərsizləşdirmək olardı. Onda hələ Şuşa işğal olunmamışdı.

HƏSƏN DAYI İLƏ QIZQAYIT XALANI ÖLDÜRÜB, XAÇ ŞƏKLİNDƏ BAĞLAMIŞDILAR

Nazim Hüseynov:
- Xocalı aeroportunun mühafizəsində iştirak etmişəm. Xocalı işğal olunan gündə şəhər sakinləri ilə birlikdə oranı tərk etmişəm. Yəni, törədilən hadisələrin canlı şahidiyəm. Əllərimlə 83 şəhid götürmüşəm ki, bir ay onların iyi mənim üstümdən getməyib. Orada insanların küt alətlərlə burnunu, qulağını, hətta qonşumuz Mustafa kişinin başının dərisini soymuşdular. Oğlu Muradın isə, gözləri, burnu və qulaqları qopardılmışdı. 1991-ci il dekabrın 23-də Xocalını müdafiə etmək üçün 21 nəfərdən ibarət könüllü dəstə gəlmişdi. O dəstənin içərisində Fariz adlı bir nəfərin başını kəsib götürmüşdülər. Təvəkkül adlı bir çobanın qollarını arxadan bağlayaraq, ayaqlarını uzadıb "Jiquli" təkərinin üstünə qoyub, ayağından boğazına qədər yandırmışdılar. Hətta Həsən dayı ilə Qızqayıt xalanı Kəsik dağın ətəyində öldürüb, onları xaç şəklində bağlamışdılar. Hətta at və eşşəklə onları 5 kilometrə qədər məsafədə sürümüşdülər. Qeyd edim ki, Xocalı əhalisi buranı Əsgəran istiqamətində deyil, Kəsik dağın ətəyi tərəfdən tərk edirdi. Oradan da əhali Naxçivanik istiqamətində hərəkət edirdi. Əzab-işgəncələr bir yana, meyitləri də soyurdular.
O zaman mən 708-ci briqadada xidmət etmişəm. Alay komandiri Sabir idi. Həmin şəxs Xocalı polis bölməsində işləyib, polis-polkovniki olub. Əmr verilən zaman batalyonun biri çıxsa da, digər ikisi çıxmırdı. Buradan da qeyd etdiyiniz uğursuz əməliyyatlar başlanılırdı. Bunun nə üçün belə olduğu bu günə qədər də müəmmalıdır. Həmin səhvlərə görə bütün əməliyyatlar pozuldu və torpaqlarımız işğal olundu.

"Səs" qəzetinin əməkdaşı:
- Həmin əməliyyatların məzmunu nədən ibarət idi və nə üçün pozulmuşdu?

Nazim Hüseynov:
- Rəhim Qazıyevi nazir olduğu vaxtdan tanıyıram. 1992-ci ilin dekabr ayında Seyfəli poliqonunda keçirilən təlimlərdə mən də iştirak edirdim. 1993-cü ildə Qarabağ alınmalı, Xankəndi erməni işğalçılarından tamamilə azad olunmalı idi. Özüm şahidiyəm ki, Ağdamın Əhmədabad kəndinin arxa tərəfində Gəncə diviziyasının texnikaları yerləşdirilmişdi. Qarabağ torpağının azad olunması üçün həmin gün əməliyyat həyata keçirilməli idi. Rəhim bəyə bir sualım var. Fevralın 25-dən 26-sına keçən gecə Şuşadan və Ağdamdan kömək istədik. Bizi saatbasaat gələcəklərini bildirərək, ümidli etdilər. Halbuki ermənilər Xocalı şəhərinə daxil olana qədər ümidimizi qırmadıq. O zaman erməniləri susdurmaq mümkün deyildimi?

ŞUŞAYA KÖMƏK ETMƏK İMKANIM YOX İDİ

Rəhim Qazıyev:
- Hamıdan çox hörmət etdiyim insanlar döyüşçülərimdir. Çünki onlar döyüş meydanında olublar. 1992-ci il yanvarın 25-də Daşaltı əməliyyatı keçirildi. O zaman Şuşada 6 ədəd "BMP"-də bir ədəd də olsun mərmi və pulemyot gülləsi qalmamışdı. Fevral ayının 11-12-də Malıbəyli camaatını çıxartdılar və bura boşaldı. Orada batalyon komandiri Azay Kərimov idi. Həmin dövrdə Şuşada avtomatdan və bir ədəd "Qrad"dan başqa silahımız yox idi. Əlimizdə olan "Qrad"ın da 40 güllə yerindən 36-sı işləyirdi. Bir zaman radioqurucu vasitəsilə ermənilər tərəfdən eşitdik ki, Xocalıya hücum etməyə hazırlaşırlar. Həmin dövrdə ayaqqabı, toxuculuq fabrikləri, eləcə də, ərzaq anbarları yandırıldı. Onda mən çox hərəkət edə bilmirdim, yaralı idim. Fevralın 20-də ermənilər bir daha Xocalıya atəş açdılar. Özü də Xankədindəki hərbi şəhərcikdən tankla dəqiq koordinantla oranı vururdular. Mənim yatdığım yeri də atəşə tutmuşdular. İndi bu insanlarla üz-üzə dayanmaqdan ötrü Allahım məni sağ saxladı. O vaxt Gəncənin polis rəisi indi Rumıniyadakı səfirimiz Eldar Həsənov idi. Bir gün o, mənə zəng vurdu ki, 366-cı alayın tərkibindiki 23-cü diviziyanın komandiri general Budeyev sizinlə danışmaq istəyir. Telefonu götürən kimi məni rus ifadələri ilə söyməyə başladı. Mən ona hərbçilərinin Şuşanı vurmamasını tələb etdim. Əgər onlar Şuşanı vurmasalar, bizim sizinlə heç bir işimiz yoxdu dedim. Yəni, ona bildirdim ki, bizə dəyib-dolaşmasınlar. Dedim ki, Rusiya ilə müharibə aparmaq fikrimiz yoxdur. O, mənimlə razılaşdı. Yarım saat keçdikdən sonra yenidən Şuşanı vurdular. Bundan sonra mən Xankəndindəki şəhərciyə "Qrad"ın güllələrini dolduraraq, iki dəfə olmaqla, 72 ədəd güllə atdım. Sonra onlar tərəfindən iki vertolyot qaldırılaraq, "OMON"-nu vurdular. "OMON"-çulardan biri qəlpə yarası aldı. "Qrad" qurğusundan yalnız hava açıq olan zaman istifadə edirdik. Çünki əlimizdə dəqiq koordinant yox idi. Günahsız ölənlərin qanına and içirəm ki, dediklərimin hamısı düzdür. Mən vicdanım və millətim üçün hər şeyi atıb oraya getmişdim. Əgər sağlam olsaydım və əlimdə heç olmasa iki-üç ədəd "Qrad" olsaydı, sizə köməyə gəlməsəydim, yediyim çörək mənə haram olsun.

(Ardı var)

Digər xəbərlər